Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 13:00:00
Attestat ala bilməyənlər sentyabrda imtahan verəcək - DİM

2 aprel tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış imtahanı keçirilib.


Aşağıda qeyd olunan şəxslər daxil olmaqla, ümumilikdə 27 mindən çox abituriyent imtahan verib.


1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

 

Bəs 2 aprel imtahanında iştirak edə bilməyən əvvəlki illərin məzunlarına əlavə imkan yaradılacaqmı?

 

Bununla bağlı DİM-dən AzEdu.az-a bildirilib ki, bu şəxslər attestat almaq üçün sentyabr ayında imtahan verə bilərlər. Ancaq bu il ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak edə bilməyəcəklər.