Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 12:40:00
Tibb Universitetinin əcnəbi tələbələrlə bağlı “SİRRİ”...

Martın 16-da Elm və Təhsil Nazirliyi tərəfindən əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili sahəsində xüsusi fərqlənən 5 ali təhsil müəssisəsi təşəkkürnamə ilə təltif edilib. Bu təltif Azərbaycan ali məktəblərində əcnəbi vətəndaşların təhsilinin səviyyəsinin artırılması məqsədi güdür. Çünki xarici tələbələrin mövcudluğu ali təhsil müəssisəsinin daha da nüfuzlu olmasına xidmət edir. Təsadüfi deyil ki, bu və ya digər universitetin dünya universitetləri reytinq cədvəlində yeri müəyyənləşdirilərkən xarici tələbələrin çəkisi xüsusilə nəzərə alınır. 


Qeyd etmək lazımdır ki, Azərbaycan ali məktəbləri hələ keçmiş Sovet İttifaqı dövründə xarici ölkə vətəndaşlarının təhsili ilə bağlı geniş nüfuza malik idi. Müxtəlif ölkələrdən və rənglərdən ibarət olan xaricilərin Bakı küçələrində gəzməsi yaşlı sakinlərin xatirindən hələ də silinməyib. Sovet dövründə Azərbaycan Dövlət Universiteti, Neft və Kimya İnstitutu, Tibb İnstitutunda əcnəbi tələbələr kütləvi şəkildə təhsil alırdılar. İndi bu ali məktəblərin məzunları olan xaricilər öz ölkələrində yüksək dövlət və ictima vəzifələr tutur, Azərbaycan keçirdikləri tələbəlik illərini xoş xatirələrlə yada salırlar.


Sovet İttifaqı dağıldı və Azərbaycanda təhsil alan əcnəbilərin sayı ciddi şəkildə azaldı. İndi həmin illərdə mövcud olan tələbə kontingentinin bəlkə də heç yüzdə biri yoxdur. Buna səbəb nədir?


Bu və ya digər suallar bizi də maraqlandırır. AzEdu.az saytı Elm və Təhsil Nazirliyinin qeyd etdiyimiz təltifini nəzərə alaraq, əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərində təhsili ilə bağlı silsilə təhqiqat işi aparmağı hədəfləyir. Bu sahədə uğur qazanan, mükafatlandırılan universitetlərlə yanaşı, zəif nəticəyə malik ali məktəblərə də toxunacağıq. 

Nazirliyin təşəkkürnamələri Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinə təqdim olunub. Bu müəssisələr əcnəbilərin sayında son 5 tədris ili üzrə artım dinamikası, tələbələrin qəbulu və məlumatların toplanılması sistemlərinin səmərəli istifadəsi, əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təmin edilməsi meyarları nəzərə alınmaqla təltif olunub.  

Azərbaycan Tibb Universiteti cərimələndi

İlk olaraq Azərbaycan Tibb Universitetinin (ATU) əcnəbi tələbələrlə işini diqqətə çatdırırıq.

Suallarımızı Universitetin mətbuat katibi Günel Aslanova cavabladırdı. 

Azərbaycan Tibb Universiteti əcnəbi tələbələrin sayına görə ölkədə 1-ci yeri tutur. 

Burada 48 ölkədən 2873 əcnəbi vətəndaş təhsil alır.  

Xarici tələbələr 3 dildə təhsil alırlar: Azərbaycan, ingilis və rus. Əcnəbi tələbələr müalicə işi, diş həkimliyi, əczaçılıq, ictimai səhiyyə ixtisasları üzrə hər 3 dildə təhsil almaq imkanlarına malikdir. 

Mətbuat katibi əcnəbi tələbələrə məxsus yataqxana istifadəyə verildiyini də qeyd edib. 

Tələbələr Azərbaycan Tibb Universitetinin bütün 4 yataqxanasında qalmaq imkanına malikdir. Yataqxanalardan biri isə sırf əcnəbi tələbələrin ixtiyarına verilib. 

G.Aslanovanın sözlərinə görə, əcnəbi tələbələr universitetin tədbirlərində, ictimai həyatında da fəal iştirak edirlər.

Tələbə-Gənclər Təşkilatı və Tələbə-Həmkarlar Komitəsinin bütün tədbirlərinə əcnəbi tələbələr də cəlb olunurlar. Bu tədbirlərdə Azərbaycanın mədəni-tarixi irsi, Azərbaycanla bağlı həqiqətlər, xüsusilə Qarabağ həqiqətləri onların diqqətinə çatdırılır. Hər il keçirilən Novruz şənliyinə aktiv əcnəbi tələbələr həm iştirakçı qismində, həm də nümayiş olunan nömrələrdə xüsusi istedadı ilə seçilən yerli tələbələrlə birlikdə cəlb olunurlar.  Həmçinin, 20 yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart soyqırımı günü kimi tədbirlərdə də əcnəbi tələbələrin diqqətinə tarixi həqiqətlər çatdırılır. Hazırlıq kursunda təhsil alan dinləyicilərlə birlikdə Azərbaycan muzeylərinə və tarixi yerlərinə səfərlər təşkil olunur. Əcnəbi tələbələr Elm və Təhsil Nazirliyinin müvafiq tədbirlərində daim aktiv iştirak edirlər.  

Universitetin maliyyələşdirilməsində əcnəbi tələbələrin çəkisi 31 faizə qədərdir. 

ATU əcnəbi tələbələrlə iş sahəsində uğur qazanmağın səbəbini belə izah edir: 

“Hesab edirik ki, bu prosesə Azərbaycan Tibb Universitetinin özünəməxsus yanaşması uğurumuzun əsas səbəbidir. Belə ki, əcnəbi vətəndaşların qəbulunun obyektiv və şəffaf keçirilməsi üçün ATU-nun rektoru, professor Gəray Gəraybəylinin əmri ilə xüsusi veb portal yaradılıb. Bu, əcnəbi tələbələrin qəbulunda dönüm nöqtəsi olub. Əcnəbilərin qəbulu 3 əsas prinsiplə aparılır: kəmiyyət, keyfiyyət və coğrafiyanın genişliyi.
Veb portalın işə düşməsi ilə kəmiyyətlə yanaşı, keyfiyyətə nəzarət daha da ciddiləşdirilib. Hər il müraciət edən əcnəbi vətəndaşlarla xüsusi yaradılmış komissiyanın iştirakı ilə elektron formatda müsahibələr keçirilir və müraciət edənlərin 70-ə qədəri qəbul olunur. Bu isə keyfiyyətin yüksəlməsinə gətirib çıxarır. Bir məsələni də qeyd etmək istərdik ki, Azərbaycan Tibb Universitetinin 3 tədris proqramının (müalicə işi, diş həkimliyi, əczaçılıq) beynəlxalq akkreditasiyadan keçməsi əcnəbi vətəndaşların universitetimizə marağının artmasına səbəb olub.  Son olaraq qeyd edək ki, əcnəbilərlə iş xüsusi diqqət tələb edir və bu istiqamət daim ATU-nun rəhbərliyinin diqqətindədir. Bu istiqamətdə fəaliyyət göstərn komandamız əcnəbilərin təhsili, asudə vaxtları, yataqxana problemləri və s. məsələrlə daim maraqlanır və tələbələr bu qayğını hiss edərək ATU-ya üz tuturlar”.