Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 17:20:00
Dövlət orqanlarında vakant vəzifələr üçün daxili müsahibə elan edilib

Bu gün 10 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elan edilib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 29-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 40-ı B növünə (inzibati icraçı) aiddir.

 

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Ali Attestasiya Komissiyasında aparat rəhbərinin müavini vəzifəsidir. Ümumilikdə isə Qida Təhlükəsizliyi Agentliyində 35, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 16, Dövlət Turizm Agentliyində 6, Milli Arxiv İdarəsində 3, Maliyyə Nazirliyində 2, Səhiyyə Nazirliyində 2, Ali Attestasiya Komissiyasında 2, Audiovizual Şurada 1, Bakı Apellyasiya Məhkəməsində 1 və Sumqayıt Apellyasiya Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

 

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

 

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

 

Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

 

1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər martın 27-dən aprelin 10-u saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.