Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 16:14:00
Əcnəbilər Azərbaycanda ən çox bu universitetləri seçir - SİYAHI

Son illər Azərbaycan universitetlərində təhsil alan xarici vətəndaşların sayı artmaqdadır. Əcnəbi tələbələrin sayının çoxluq təşkil etdiyi universitetlər arasında həm dövlət, həm də özəl ali məktəblər var.
 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin son açıqlamasına görə, 2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 9000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Bu da ötən ilə (7332 nəfər) nisbətdə 20 faiz, 2015/2016-cı tədris ilinə (4326 nəfər) nisbətdə isə 103 faiz artım deməkdir.

Onların arasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlardan tutmuş doktorantura təhsili alanlara qədər bütün təhsil səviyyələri üzrə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcnəbi vətəndaşlığı olanlar var. Bu, təhsil tarixində ən böyük rəqəm sayılır və universitetlərimizə artan marağın göstəricisi kimi qiymətləndirilməlidir. 

 

Əcnəbilərin Azərbaycanda təhsil alması prosesi Nazirlər Kabinetinin müəyyən etdiyi və 2015-ci ildən qüvvədə olan qaydalarla tənzimlənir. Həmin qaydalar imkan verir ki, başqa ölkələrin vətəndaşı olan gənclər Azərbaycan universitetlərində təhsil alsınlar. Bunun üçün mövcud yollardan biri universitetlərin elan etdiyi qəbula qatılmaqdır. Bu zaman xarici ölkə vətəndaşı olan şəxs təhsil almaq istədiyi ixtisasa uyğun universitetin müəyyən etdiyi fənn və ya fənlər üzrə müsahibədən keçir. Yəni imtahan fənninə də, keçid üçün qoyulan tələblərə də hər universitet özü qərar verir. 

 

Statistik təhlil sübut edir ki, universitetlər arasında əcnəbi tələbələrin ən çox üz tutduğu təhsil müəssisəsi Azərbaycan Tibb Universitetidir. Bu, bir tərəfdən tibbə olan maraqla əlaqələndirilsə də, digər tərəfdən tibb təhsilinin başqa ölkələrlə müqayisədə ölkəmizdə nisbətən ucuz başa gəlməyi ilə izah olunur. Hazırda Azərbaycan Tibb Universitetində 48 ölkədən 2873 nəfər əcnəbi tələbə təhsil alır. Bunlardan 413 nəfəri hazırlıq kursu tələbəsidir. Ən çox müraciət olunan ixtisaslar isə tibb, əczaçılıq və stomatologiyadır.


Bakı Dövlət Universitetində
(BDU) Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər öklələrdən təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olur. Təkcə bu tədris ilində Bakı Dövlət Universitetinin bakalavr səviyyəsində 51, magistratura səviyyəsində 18, doktorantura səviyyəsində 7, hazırlıq kurslarına isə 51 nəfər olmaqla, ümumilikdə 127 nəfər əcnəbi vətəndaş qəbul olunub. Bu da ötən illərə nisbətən böyük  göstəricidir.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hazırda 9 ölkədən 545 tələbə təhsil alır. Məsələn, Türkmənistan, Gürcüstan, ərəb ölkələrindən ADNSU-nu seçənlərin sayında son illərdə artım müşahidə olunur. Son bir neçə ilin müqayisəsinə nəzər yetirək: Universitetin 2014/2015-ci tədris ilində 355, 2016/2017-ci tədris ilində 399, 2017/2018-ci tədris ilində 476, 2018/2019-da 521, 2019/2020-ci tədris ilində isə 544 əcnəbi tələbəsi olub. Artan dinamika 2020-ci ildə dayanır. Dünya  universitetlərində olduğu kimi, həmin il ADNSU-nun da əcnəbi tələbə sayı yarıbayarı azalıb: 2020/2021-ci tədris ilində 260, 2021/2022-ci tədris ilində 281 tələbə. Ancaq o günlər artıq geridə qalıb. Universitet pandemiyadan sonra, necə deyərlər, yenidən toparlanıb və bir neçə il əvvəlki tələbə sayına nail olub.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində xarici ölkə vətəndaşı olan 386 tələbə təhsil alır. Pandemiyadan əvvəl 700-dən çox olan tələbələrin sayı yenidən artmağa başlayıb.

Bəs özəl universitetlər?


Əcnəbilər özəl ali məktəblər arasında daha çox Bakı Avrasiya, Odlar Yurdu və Xəzər universitetlərini seçir. Bu da ilk növbədə həmin universitetlərdə ingilis dilində tədrisin təşkili ilə bağlıdır.