Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 08:59:00
Ali məktəblərə qəbul planı niyə artırılır? 

Son illərdə Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbul planı artaraq 75000-ə çatıb.

 

Mütəxəssislər deyirlər ki, iqtisadiyatımızın strukturu bu qədər kadrın məşğulluğunu təmin edə bilmək imkanına malik deyil. Ona görə də qəbul planının azaldılmasını təklif edənlər var.

Mövzu ilə bağlı danışan təhsil eksperti Elnur Hacıyev isə AzEdu.az-a açıqlamasında bu artımın normal olduğunu bildirib:

 

"Bu məsələdə Elm və Təhsil Nazirliyi Dövlət Məşğulluq Agentliyi ilə birgə işləməlidir. Bu ayrılıqda ola bilməz. Çünki əmək bazarında peşə, ixtisas, tələb olunan vakant yerlər Dövlət Məşğulluq Agentliyi tərəfindən araşdırılır. Və bu data, məlumatlar Elm və Təhsil Nazirliyinə ötürülməlidir. Birgə əməkdaşlıq çərçivəsində bu məsələlər həllini tapmalıdır. Qəbul palnının hər il artma səbəbi əhalinin artımı ilə bağlıdır. Əhalinin sayı artdıqca, nisbəti qorumaq üçün bu addıma gedilir. 7 milyon üçün nəzərdə tutulan ixtisas sayı ilə 10 milyon üçün nəzərdə tutulan ixtisas sayı eyni deyil. Bu nisbəti qorumaq üçün qəbul planının artımı normal hesab olunur". 

E.Hacıyev əmək bazarındaki işçi tələbatı statistikasının bu gün üçün hesablanmasının doğru olmadığını bildirib:


"Nəzərə alaq ki, birinci kursda təhsil alan tələbə dörd il sonra əmək bazarına atılacaq. Tələbə birinci kursda təhsil alırsa, dörd, beş il sonra o əmək bazarında yer tuta biləcəkmi? Ali təhsil müəssisələri öz məzunlarının sonrakı durumu, əmək bazarındakı yeri barədə məlumat paylaşmalıdır. Bu zaman bütün məsələlərə aydınlıq gələr. Məzun olan öz ixtisası üzrə, qeyri-ixtisas üzrə fəaliyyət göstərir, yaxud ümumiyyətlə işləmir, bunlar təqdim olunmalıdır. Çox təəssüf ki, bu dataları biz görə bilmirik. Amma digər bir məsələni də vurğulamaq lazımdır ki, Dövlət Məşğulluq Agentliyi bu sahədə çox vacib addımlar atır. Hazırda əmək bazarında hansı peşələrə ehtiyac duyulduğunu, gələcəkdə hansı peşələrə ehtiyac duyulacağı ilə bağlı araşdırma aparılır. Düşünürəm ki, hər iki qrum - Elm və Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu məsələnin birgə həllinə nail ola bilər. Hansi ki, bunu dəqiq müəyyən etmək o qədər də asan məsələ deyil. Bu nisbi bir məsələdir və ildən-ilə dəyişə bilir.

Qruplar üzrə ixtisaslara nəzər yetirdikdə görmək olur ki, bəzi ənənəvi ixtisaslar artıq öz aktuallığını itirir. Ola bilər ki, beş il sonra heç həmin ixtisaslar olmasın. Bu səbəbdən ixtisas seçimi etməzdən öncə bir neçə il sonrakı əmək bazarının vəziyyətini öyrənib, daha sonra seçim etsinlər".