Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-24 21:03:29
Universitetlərə 150-200 bal ilə qəbulun səbəbkarı kimdir?

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixində abituryentlər üçün buraxılış imtahanı keçirdi. Buraxılış imtahanının çətinliyi ilə bağlı ictimaiyyətdə kütləvi narazılıqlar meydana gəlməsinə baxmayaraq, DİM bütün iddiaları rədd etdi və imtahanların orta ümumtəhsil məktəblərində keçirilən proqrama əsasən tərtib edildiyini vurğuladı.


Bir çox abituriyent verilən vaxtda sualların hamısını yazmaqda çətinlik çəkdiyini, bəziləri də sualların çox mürəkkəb olduğunu bildirdi.


Gəlin analiz edək.


Buraxılış imtahanının sualları ilə bağlı kütləvi narazılıqların doğruluğu nə dərəcədədir?


DİM  buraxılış imtahanının suallarını nə üçün çətin salır? Bu imtahanın çətin salınmasındakı məqsəd nədir?


Bildiyimiz kimi, buraxılış imtahanı 11-ci sinif şagirdlərinin attestat qiymətlərinin formalaşmasında, 5-ci qrupların qabiliyyət imtahanı ilə yanaşı qəbulunda, kolleclərə qəbul prosesində bilavasitə təsir edir. Ali təhsil ocaqlarına qruplar üzrə müraciət edən abituriyentlərin də 700 ballıq şkala üzərindən 300 balı məhz buraxılış imtahanı verir.


Əslində bu imtahanın çətin salınması qəbul prosesində iştirak edən bütün abituriyentlər üçün psixoloji bir travmadir. Suallar çətin idimi? Bəli. Əgər Azərbaycan dili, riyaziyyat fənn müəllimləri sualların çətinlik səviyyəsi üzərində eyni qənaətə gəlirlərsə, sualların cavablandırılmasında müəllimlərdə belə fikir ayrılığı formalaşırsa deməli, suallar çətindir. DİM sualları asan, orta, çətinlik prinsipi əsasında hazırlamalıdır. Əgər verilən suallarda bu prinsip öz əksini tapmırsa, demək ki, suallar çətin salınıb. Çətin suallar abituriyentlər üçün ciddi vaxt itkisidir. Buna görə də abituriyentlər verilən 3 saat müddətində bu suallara tam cavab verməkdə çətinlik çəkdiklərini bəyan edirlər.


Bəs DİM-in buraxılış imtahanını çətin salmasında məqsədi nədir?


Burda bir neçə məqsəd sadalamaq olar. Mən elə düşünürəm ki, DİM-in sualları çətin salmaqda məqsədi abituriyentlərin zəif nəticə göstərməsi ilə həm məktəblərdəki təhsilin aşağı səviyyədə olduğunu, həm də müəllimlərin şagirdlərə bilik və bacarıqları kifayət qədər tədris edə bilməməsini diqqətə çatdırmaqadır.


Nəzərə almaq lazımdır ki, suallar çətin salınmasında ən böyük faciə universitetlərə qəbul prosesindəki keçid ballarının aşağı salınmasıdır. Əlbəttə ki, suallar çətin olduqca ballar da aşağı düşəcək, ballar aşağı düşdükdə bəzi ixtisaslara qəbul 150 bal ilə mümkün olacaq. Bununla yanaşı, universitetlərdə bir çox yerlər boş qalacaq. Xalq arasında "görün təhsilimiz nə gündədir, 150 bal ilə universitetə də qəbul olarlar?" xaosu formalaşacaq. Amma suallar çətin olmadığı təqdirdə abituriyentlərin ballarında yüksəlmə olacaq. Ümumi ballarda 100 bal çoxalma olarsa 150-250 ballıq qəbul yerlərinə 350 bal ilə qəbul mümkün olacaq. Bu da həm ixtisasın dəyərini artıracaq, həm universitetlərin dəyərini yüksəldəcək, həm də ümumi balın 50 faizi olduğu üçün yanlış təəssüratlar formalaşmayacaq. Onsuz da mövcud plan yeri nədirsə, eyni sayda abituriyent qəbul olacaq, sadəcə keçid ballarında yüksəlmələr olacaq. Bir neçə il öncə DİM qruplar üzrə keçid ballarını 250 bal etmişdi. İxtisas seçimində gördü ki, verilən ixtisasların və yerlərin planına uyğun 250 bal toplayanların sayı azlıq edir. Buna görə də keçid ballarını aşağı salmışdı. Amma suallar çətin olmazsa buna ehtiyac qalmayacaqdı. Buraxılış imtahanı mümkün qədər asan salınmalıdır. Qrup imtahanları (Qəbul imtahanının ikinci mərhələsi) qruplardakı vəziyyətə görə bəzi suallar çətinləşdirilə bilər.


DİM düşünməlidir ki, onsuz da, məktəblərdə keçirilən dərslərin səviyyəsi buraxılış imtahanı sualları səviyyəsində deyil. Abituriyentlər əlavə təhsil yardımı almaq üçün kurslara və repetitorlara müraciət edir. Bununla yanaşı, bir dəfə belə buraxılış sınaq imtahanı etmirsiniz ki, abituriyentlər sınaq imtahanında qəbula salınacaq mətnlərlə tanış ola bilsin. İngilis dili dinləmə dərsləri məktəblərdə kifayət qədər keçirilmir, bəzi region məktəblərində bu imkan yetərli deyil. Dinləmə cihazlarındaki nasazlıqlar öz yerində. Bu kimi mövcud vəziyyətlə əlaqədar sualların çətin salinması məndə bu təsəvvürü formalaşdırır. DİM Azərbaycan təhsilini gözdən salmaq niyyətindədir. Xalqı öz təhsilinə sevdirərək öz universitetlərimizdə oxunması üçün təşviq etmək əvəzinə tam əks mövqe sərgiləyir. Düşünürəm ki, abituriyentləri öz universitetlərimizdə təhsil alması üçün cəlb etməli, valyutanın xaricə axınını deyil, özümüzdə qalmasına imkan formalaşdırmalıyıq. Halbuki, Azərbaycan universitetlərində hal-hazırda sürətli şəkildə irəliləyişlər var. Bir çox universitetimiz dünya universitetlərinin reytinq cədvəlinə düşüb.


DİM unutmamalıdır, Azərbaycan təhsilini gözdən salmaq dövlətin təhsil siyasətinə zidd addımdır.

 

Ramin Nurəliyev

Təhsil, ixtisas seçimi və gələcək kariyera üzrə ekspert