Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-20 15:54:32
Azərbaycan universitetlərinin aktiv və passiv “facebook” səhifələri – Minlərlə tələbə, bir neçə yüz “like”

Günümüzdə sosial medianın əhəmiyyəti durmadan artır. Fəaliyyətdə olan hər hansı qurumun ictimaiyyətlə əlaqələrinin təmin edilməsi və görülən işlərin işıqlandırılması baxımından sosial şəbəkə hesablarının rolu əvəzsizdir. Dünyada ən nəhəng şirkətlər sosial şəbəkələr üzərindən həm müştəri, həm də milyonlarla pul qazanır. Qurumun və ya şirkətin imicini müəyyən edən əsas faktorlardan birinin məhz sosial media hesabları olduğu sübuta yetirilib.

Dünya ölkələri üzrə nəinki şirkətlərin, təhsil müəssisələrinin, o cümlədən universitetlərin “Facebook” səhifələri peşəkar şəkildə idarə olunur.

Bəs Azərbaycan universitetlərində bu istiqamətlərdə vəziyyət necədir?

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin sosial şəbəkələrdəki  fəaliyyətini öyrənmək üçün kiçik araşdırma aparıb: 

“Özü 1919-da, rəsmi səhifəsi yeni yaranan ilk ali təhsil ocağı”

1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetin rəsmi “Facebook” səhifəsi 2018-ci ildən fəaliyyət göstərir. Mesajlar ümumilikdə gün ərzində cavablandırılır. Səhifədə Bakı Dövlət Universitetində keçirilən tədbirlərin, universitetin fəaliyyətini əks etdirən və mediada BDU haqda yer alan xəbərlərin paylaşımlarına üstünlük verilir. İzləyici aktivliyi aşağıdır. Səhifənin“haqqında” bölməsində ali məktəb barədə ətraflı heç bir açıqlama verilməyib. Cəmi 1 nəfər səhifəni digər insanlara tövsiyə edib.

 “Rektorun statusları...”

Azərbaycan Dövlət İqtisad Universitetinin “Facebook”da  rəsmi səhifəsini 47.728 nəfər bəyənib, izləyici sayı isə 47.519 nəfərdir. Mesajlara ümümilikdə gün ərzində cavab verilir. Səhifədə UNEC-də keçirilən tədbirlər, universitetin xəbərlərinin mediada işıqlandırılması və ali məktəbin fəaliyyəti haqda paylaşımlardan əlavə, tələbə-müəllim heyətinin doğum günü və təhsillə bağlı maraqlı paylaşımlara da yer verilir. Rektor, professor Ədalət Murodovun statusları da paylaşımlar arasında xüsusilə seçilir. “Haqqında” bölməsində əlaqə vasitələri və universitet haqqında məlumatlar qeyd olunub. Paylaşım aktivliyi normal qiymətləndirilsə də, izləyici aktivliyi bir qədər zəifdir. Səhifədə əlavə olaraq “Twitter” bölməsi də fəaliyyət göstərir ki, UNEC-in “twitter” hesabındakı paylaşımları buradan da izləmək mümkündür. “Dəyərləndirmələr”( səhifənin insanlar tərəfindən müxtəlif ballar və rəylərlə dəyərləndirilməsi)bölməsi də aktivdir.

“Məzunların papaqatma mərasimi..”

Bakı Ali Neft Məktəbinin rəsmi “Facebook” səhifəsini 18.087 nəfər bəyənib, izləyici sayı isə 18.097 nəfər təşkil edir. Mesajlar ümumilikdə gün ərzində cavablandırılır. Səhifədə universitetdə baş verən yeniliklər, tədbirlər, tələbələrlə müsahibələr və ali məktəblə bağlı digər xəbərlər paylaşılır. “Haqqında” bölməsində ali məktəbin yaranması və fəaliyyəti ilə bağlı məlumatlara, eyni zamanda əlaqə vasitələrinə də yer verilib. Paylaşım aktivliyi normal qiymətləndirilsə də, izləyici aktivliyi bir qədər zəifdir. Digər ali məktəb səhifələrindən fərqli olaraq örtük şəkli hissəsinə BANM-da keçirilən məzun günündən video yerləşdirilib. “Dəyərləndirmələr” bölməsi də aktivdir.

“Be part of ADA University”

ADA Universitetinin rəsmi “Facebook” səhifəsi 43.015 insan tərəfindən bəyənilib, izləyici sayı isə 42.906 nəfər təşkil edir. ADA-nın rəsmi səhifəsinin adı ingilis dilində “ADA University” adlanır. Mesajlara ümumilikdə dəqiqələr ərzində cavab verilir. Səhifədə ADA Universitetinin fəaliyyəti, tədbirlər, tələbələr haqqında məlumatlar, elanlar, yeni qəbul olan tələblərin şəkilləri, magistr proqramları haqda məlumatlar paylaşılır. Rəsmi hesabda həm Azərbaycan, həm də ingilis dilində paylaşımlara yer verilir. “Haqqında” bölməsində universitet barədə  bilgilər və əlaqə vasitələri ingilis dilində qeyd olunub. Bölmənin sonunda “Be part of ADA University” ( ADA Universitetinin parçası ol) cümləsi qeyd olunub. İzləyici aktivliyi bir qədər zəifdir. “Dəyərləndirmələr” bölməsi aktivdir.

“Azərbaycanın tərəqqisinə xidmət etmək...”

Bakı Mühəndislik Universitetininin rəsmi “Facebook” hesabını bəyənən insanların sayı 13. 076 nəfər, izləyənlərin sayı isə 13.192 nəfərdir. Mesajlar ümumilikdə gün ərzində cavablandırılır. Səhifədə universitet tədbirləri, bu xəbərlərin mediada işıqlandırılması, elanlar, təbriklər və ali məktəblə bağlı digər məlumatlar paylaşılır. “Haqqında” bölməsində universitet barədə ümumi məlumatlara və  əlaqə vasitələrinə yer verilib. Universitetin qayəsinin dövlətini və millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu mütəxəssislər yetişdirərək Azərbaycanın tərəqqisinə xidmət etmək olduğu göstərilib.  İzləyici aktivliyi zəifdir. Səhifədə “dəyərləndirmələr” bölməsi fəaliyyət göstərmir.

“Nə qədər pisləsək də, kənardan fəxr edirik”

Azərbaycan Tibb Universitetinin rəsmi “Facebook”səhifəsini 14.653 nəfər bəyənib, 14.885 nəfər isə izləyir. Yazılan mesaj və suallar ümumilikdə gün ərzində cavablandırılır. Səhifədə Tibb Universitetində çalışan həkimlərin xəstəliklərlə bağlı məsləhətləri, universitetdə keçirilən tədbirlər, ali məktəb haqda xəbərlərin media qurumlarında işıqlandırılması kimi paylaşımlara yer verilir. “Haqqında” bölməsində universitetin yaranma tarixi və missiyası qısa şəkildə qeyd olunub. Əlaqə məlumatlarını da bu bölmədən əldə edə bilərsiniz. “Dəyərləndirmələr” bölməsi fəaliyyət göstərir. “Nə qədər pisləsək də, kənardan fəxr edirik” cümləsi səhifəyə yazılan dəyərləndirmələrdən biridir.

Qafqazın ilk neft təmayüllü ali təhsil ocağı – “AZİİ”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetininin rəsmi “Facebook” hesabını 6.694 nəfər bəyənib, izləyicilərin sayı isə 6.847 nəfərdir. Mesajlara təxminən 1 saat içərisində cavab verilir. Səhifədə universitetdə keçirilən tədbirlər, ali məktəb haqda xəbərlərin media qurumlarında işıqlandırılması kimi paylaşımlara yer verilir. “Haqqında” bölməsində universitetin yaranma tarixi və ümumi məlumatlar, eyni zamanda əlaqə vasitələri qeyd olunub. Eyni zamanda, universitetin Qafqazın ilk ali neft təmayüllü ali təhsil ocağı olması da öz əksini tapıb. İzləyici aktivliyi zəifdir. Səhifədə “Dəyərləndirmələr” bölməsi fəaliyyət göstərmir.

“Bəyənməyi unutmayın...”

Azərbaycan Texniki Universitetinin rəsmi “Facebook” səhifəsini 21.790 bəyənib, izləyici sayı isə 21.805 nəfərdir. Mesajlara cavab vermə sürəti yüksəkdir. Adətən bir neçə dəqiqədən sonra cavablandırılır. Səhifədə universitetin fəaliyyəti, keçirilən tədbirlər, başqa media qurumlarında xəbərlərin  işıqlandırılması barədə məlumatlar, universitet məzunları, gündəmlə bağlı qısa xatırlatmalar, elanlar, tələbələrin çəkdikləri videoroliklərə yer verilir. “Haqqında” bölməsində ali məktəbin yaranma tarixi, missiyası, əlaqə vasitələri və digər ümumi məlumatlar qeyd olunub. Eyni zamanda izləyicilərdən səhifəni bəyənməyi unutmamaq xahiş olunub.“Dəyərləndirmələr” bölməsi aktivdir.

“Pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi “Facebook” səhifəsini 1.280 nəfər bəyənib, izləyici sayı isə 1.314 nəfər təşkil edir. Mesajlar bir neçə saat ərzində cavablandırılır. Səhifədə universitetin fəaliyyəti, keçirilən tədbirlər, başqa media qurumlarında xəbərlərin  işıqlandırılması barədə məlumatlar paylaşılır. İzləyici aktivliyi zəifdir. “Haqqında” bölməsində universitet haqqında qısa bilgilər və əlaqə vasitələri qeyd olunub. “Dəyərləndirmələr” bölməsi isə aktiv edilib.

“Rəsmi “Facebook” səhifəsi..”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi “Facebook”səhifəsini 2.137 nəfər bəyənib, izləyici sayı isə 2.188 nəfər təşkil edir. Səhifədə universitetin fəaliyyəti, keçirilən tədbirlər, başqa media qurumlarında xəbərlərin  işıqlandırılması barədə məlumatlar paylaşılır. İzləyici aktivliyi zəifdir. “Haqqında” bölməsində əlaqə vasitələri qeyd olunub. Universitet haqqında sadəcə “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi facebook səhifəsi” cümləsi verilib. “Dəyərləndirmələr” bölməsi isə aktivdir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları