Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-20 13:15:00
Pul yığıldığı deyilən məktəbin direktoru jurnalistləri günahlandırdı: “Bizimlə düşmənçilik edirlər”

“Belə söhbətlərdən ürəyim bulanır. İş-gücümüz başımızdan aşır. Bunlar bizi iş işləməyə qoymurlar”.

AzEdu.az orta məktəblərlə bağlı daxil olan müxtəlif şikayətləri araşdırmaqda davam edir. Son günlər şagirdlərdən pul yığılması ilə bağlı narazılıqlar xüsusilə  gündəmdədir.

Portala daxil olan yeni məlumata görə isə Xırdalan rayonu  1 saylı orta məktəbin şagirdləri hər həftə onlardan müxtəlif bəhanələrlə 15 manat pul yığılmasından şikayətçidirlər. Bunun səbəbini soruşduqda fond, süpürgə pulu və digər adlar sadalanır. 

Valideynlərin başqa  narazılığı isə yalnız rus bölməsinin səhər növbəsinə salınması ilə bağlıdır.

AzEdu.az daxil olan şikayətləri araşdırmaq məqsədilə məktəbin direktoru Kəmalə Yusubova ilə əlaqə saxlayıb. O, məktəbdə bu halın baş verməsinin mümkünsüz olduğunu bildirib:

“Belə söhbətlərdən ürəyim bulanır. Özünüz düşünün, bu, mümkün olacaq şeydirmi? Biz yeni başlamışıq. Elə məbləğ də deyilir ki, eşidəndə adamın tükləri biz-biz olur. Belə şey ola bilər?”

Direktor məsələ ilə bağlı jurnalistləri günahlandıraraq yayılan məlumatların əsassız olduğunu vurğulayıb:

“Bizimlə düşmənçilik edirlər. Jurnalistlər bir-birinin ağzından eşidib yazırlar. Zəng edirlər, kobud cavab verib bildiririk ki, bura təhsil müəssisəsidir. Onlar da götürüb başqa cür yazırlar. O məlumatı yayan adamları dəqiqləşdirib tutmaq lazımdır. Olmayan şeyləri danışırlar.

Dərs ilinə təzə başlamışıq, iş-gücümüz başımızdan aşır. Böyük məktəbdir. Heç başımızı qaşımağa vaxt da yoxdur. Bunlar bizi iş işləməyə qoymurlar”.

Məktəbdə problem kimi göstərilən bir başqa məsələyə -növbələşmə probleminə aydınlıq gətirərkən isə bildirib ki, bu, təhsil şöbəsinin razılığı ilə baş verir:

 “Mən 13 ilin direktoruyam. Burada isə 3-cü ilimdir. Bu növbəlik məsələsini mən varislik kimi tətbiq edirəm. Yəni I sinif öz yerində... II siniflərdən söhbət gedirsə, onların hamısı II növbəyə keçirlər.

Birincisi, iyrənc söhbətlər etməsinlər ki, nə isə verib növbəyə keçiriblər. İkincisi isə Abşeron rayon Təhsil Şöbəsi  bu işlə birbaşa məşğuldur.  Növbəliliyi onlar bizdən götürüb, belə də işləyirik. Növbə hər ildən bir qrup üzrədir. Məsələn, bu il ikilər, gələn il üçlər və s. Bunu isə razılıqla edirik. Təhsil Şöbəsinin məlumatı var”.

“Yerimiz imkan versə,  bütün məktəbi birinci növbəyə keçirərik”

Direktorun sözlərinə görə, bu, rus bölməsində müəllimlərin azlığı ilə əlaqədardır:

“Onlar yalnız bir növbədə işlədiyinə və orada yer olduğuna görə onları belə salmışıq. İbtidailər orada azlıq təşkil etdiyinə görə yerimiz var. Əgər bu gün yerimiz imkan versə,  bütün məktəbi birinci növbəyə keçirərik.

Gələcəkdə növbələri dəyişmək ehtimalı yoxdur. Korpus tikilsə və imkanımız olsa, əlbəttə, hamı rahat səhər növbəsində işləyər. Aralıqda da söz-söhbət də olmaz”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları