Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-18 17:54:00
Şərqşünas alimlər Ankaradakı konfransda...

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Faidə Omarova və Aygül Mirzəyeva martın 18-də Türkiyənin paytaxtı Ankarada keçirilən V Beynəlxalq Sosial Elmlər Konfransına onlayn qoşulublar.

 

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib.

 

F.Omarovanın “Dil hadisələrinin aydınlaşdırılmasında antroposentrik yanaşma” mövzusunda məruzəsində qeyd edilib ki, bizim dünyamız dil vasitəsilə dərk edilən, şərh edilən və ifadə olunan dünyadır. Dili dərk edib anlamaq üçün, ilk növbədə, danışan və düşünən şəxsiyyət olan, onun daşıyıcısı insana müraciət etmək lazımdır. Belə ki, dil insanın həyatı, fəaliyyəti və təfəkkürü ilə bilavasitə bağlıdır və cəmiyyətdən kənarda mövcud ola bilməz.

 

Məruzəçinin fikrincə, dilçiliyin müasir inkişaf mərhələsində antroposentrizm o zaman reallaşır ki, tədqiqatçı dili öz fərdi linqvistik intuisiyasına əsaslanaraq onun daşıyıcısı kimi öyrənir. Dil şəxsiyyətinin analizində insan başlanğıc nöqtəsinə çevriləndə, həmçinin müxtəlif sistemli tədqiqatlarda əsas keçidin təcəssümü şəklində olanda antroposentrik yanaşmanı müəyyən etmək mümkündür.

 

A.Mirzəyeva konfransda “Dil və mədəniyyətin qarşılıqlı təsirinə dair” mövzusunda məruzə edib. Məruzədə öz ana dilini öyrənən hər bir nəslin, eyni zamanda, özündən əvvəlki nəsillərin xarakterik xüsusiyyətlərini, mentalitetinin spesifik cəhətlərini mənimsədiyi və bunda da dilin rolun danılmazlığı qeyd edilib. Bildirilib ki, ortaq funksiyalar yerinə yetirən elmi fənlər kimi dil və mədəniyyətin qarşılıqlı əlaqə və təsiri ilə bağlı tədqiqatların aparılması dilçilik elmi ilə yanaşı, insanın mərkəzi mövqe tutduğu digər elm sahələrinin də diqqətindədir. Psixologiya, sosiologiya, fəlsəfə, etnoqrafiya və s. kimi sosial elmlər bu kimi məsələlərinin öyrənilməsində aparıcı rol oynayır.