Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 17:52:00
Meksika şah memarlıq əsərləri AzMİU-da

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihəsi çərçivəsində “Meksikanın tarixi və memarlıq irsi” adlı sərgi keçirilib. İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun təşkilatçılığı ilə keçirilən sərgidə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və Meksikanın Azərbaycandakı səfiri, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər. 

 

AzEdu.az xəbər verir ki, açılış mərasimində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov çıxış edərək “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihə barədə qonaqlara məlumat verib və qeyd edib ki, layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrinin memarlıq xüsusiyyətləri, tarixi və mədəni irsi, eləcə də dizayn sahəsində yeniliklərlə tanışlıqdır. 

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamlayıb və layihənin fərqli memarlıq nümunələrini öyrənmə, təbliğ etmə baxımından önəminə diqqət çəkib. Meksika memarlığının dünya memarlıq irsində xüsusi yerə sahib olduğunu qeyd edən professor Gülçöhrə Məmmədova bildirib ki, bu layihə AzMİU tələbələrinin, memarlıq üzrə professor-müəllim heyətinin bu ölkənin şah əsərləri ilə bağlı daha çox məlumat əldə etməsinə şərait yaradacaq.

 

Sərgiyə görə universitet rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirən Meksikanın Azərbaycandakı səfiri Viktoria Romero bu tip tədbirlərin ölkələrimiz arasındakı əlaqələri gücləndirdiyini qeyd edib. Səfir Viktoria Romero qeyd edib ki, AZMİU-nun bu əlaqələrin inkişaf etdirilməsi üçün elmi-mədəni sferada atdığı addım təqdirəlayiqdir və səfirlik tərəfindən yüksək qiymətləndirilir.  

 

Fotoqraf və səyyah, sərginin müəllifi Aydın Sadıxov AzMİU rəhbərliyinə və səfirlik nümayəndəsinə, eləcədə digər qonaqlara təşəkkür edib və sərgidə nümayiş olunan əsərlərlə bağlı məlumat verib. 

 

Rəsmi hissə bitdikdən sonra sərgiyə baxış keçirilib. Sərgidə Meksikanın şəhər və qəsəbələrində yerləşən qala və  tarixi-memarlıq abidələri maraqlı fərdi fotokompozisiya şəklində təqdim olunub. Meksikanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş yerləri, xüsusilə dünyanın ən inanılmaz, sirli və gözəl tikililərindən birini Kukulkan Piramidasının fotoşəkilləri sərgi iştirakçılarının diqqətini cəlb edib. 

 

Sərgi İtaliya-Azərbaycan Dizayn Mərkəzində Meksikanın Azərbaycandakı səfirliyinin katibi Alberto Aura Gonzalezin təqdimatı ilə davam etdirilib.

 

Tədbirin sonunda Meksika milli mədəniyyətinə aid ifalar edilib və sərgi iştirakçılarına bu ölkənin milli təamları təqdim olunub.

 

Qeyd edək ki, AzMİU-da bu, “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihənin sayca dördüncü sərgisidir. Bundan öncə Çexiya, Slovakiya və Polşanın memarlıq nümunələrinin foto sərgisi açılıb.