Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 15:34:00
Ali məktəblərdə dərslik problemi: BAU-da vəziyyət necədir... - ARAŞDIRMA

Orta məktəblərdə dərsliklərin hazırlanmasından tutmuş şagirdlərə çatdırılmasına qədər müxtəlif problemlərin mövcudluğu və onların aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan qurumların ictimaiyyət nümayəndələri ilə mütəmadi müzakirələr aparması barədə məlumatlarımız var.  

Bəs ali məktəblərdə necə?..

AzEdu.az bu sahədə mövcud olan problemlər və nailiyyətlərlə bağlı silsilə yazılarla çıxış edir.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universieti, Qərbi Kaspi Universiteti və Bakı Mühəndislik Universitetindəki vəziyyətlə bağlı yazılarımızı artıq təqdim etmişik.

Oxuculardan gələn reaksiyalar mövzunun maraqlı olmasını bir daha sübut edir və bizi bu işi davam etdirməyə ruhlandırır.   

 

AzEdu.az-ın dərslik məsələsi ilə bağlı budəfəki tədqiqat obyekti ali məktəblər arasında özünəməxsus yer tutan Bakı Avrasiya Universitetidir (BAU).

 

Bəs BAU-da dərsliklərlə bağlı vəziyyət nə yerdədir? Tələbə və magistrlər zəruri elmi və tədris ədəbiyyatını əldə edə bilirmi? İmtahanlara hazırlaşan zaman ən çox hansı materiallardan istifadə olunur - elektron, yoxsa klassik? Hansı yenilikləri digər universitetlərə nümunə göstərə bilərik? 

 

Bu və ya digər sualları cavablandırmaq üçün Bakı Avrasiya Universitetinin mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli həmsöhbətimiz oldu.

 

“Öncə qeyd edim ki, Bakı Avrasiya Universitetində müasir standartlara cavab verən yeni kitabxana tələbələrin və müəllimlərin ixtiyarına verilib.Tələbələr sadəcə olaraq kitabxanadan istifadə üçün elektron qeydiyyatdan keçib üzv olaraq və istədiyi dərs vəasitini bir semestr müddətinə əldə edə bilir. Tələbələrin rahat dərs vəsaitindən səmərəli istifadəsi üçün oxu zalı və oxu zalındakı kompüterlərdən tam istifadə hüquqları var".

 

Mətbuat katibi eyni zamanda, bir sıra müəlliflərin və AMEA-nın nəşrlərinin də kitabxanaya hədiyyə edildiyini vurğulayıb.

 

"Universitetdə müəllim və tələbələr arasında aparılan sorğu əsasında yeni standartlara və tələblərə cavab verən dərsliklər və dərs vəsaitləri əldə edilir. Bu tədris vasitələri ya satış mərkəzlərindən, ya da ayrı-ayrı təşkilatlardan alınır. Eyni zamanda, bir sıra müəlliflərin və AMEA-nın nəşrləri də kitabxanaya hədiyyə kimi təqdim olunur.
 

Tələbələr daha çox ixtisas dilinə uyğun dildə olan kitablardan istifadə etməyə çalışırlar, amma bədii ədəbiyyatı seçərkən əsasən, Azərbaycan, türk, ingilis dillərinə üstünlük verilir". 

 

Ş.Avılbəyli deyib ki, lazımi dərs vəsaitlərinə ehtiyac olanda başqa kitabxanalarla əlaqə saxlanır.

 

"Kitabaxnanın fondunda yetəri qədər dərs vəsaiti olmasa da, çalışırıq ki tələbələrə lazımı səviyyədə xidmət göstərək. Qeyd etdiyimiz kimi, başqa kitabxanalarla əlaqə saxlanır və ya digər elektron kitabxanalardan istifadə üçün şərait yaradılır. Fondumuzda hər tələbəyə 3-4 dərslik sayı düşür".
 

Bəs elmi ədəbiyyatın çatışmazlığı daha çox hansı fənlərdə hiss olunur?

"Hazırda daha çox kompüter texnologiyalarına, turizmə, iqtisadiyyatin müxtəlif sahələrinə aid dərslik və dərs vəsaitlərinə kitabxananın ehtiyacı var. Bu ehtiyacları universitet aradan qaldırmaq istəsə də,  kitabların nəşriyyatlarda və satış mağazalarında olmaması səbəbindən əldə etmək mümkün deyil".

 

Müsahibimiz deyib ki, hazırda BAU-nun kitabxana fondunda 32228 kitab var, ondan 10038 ədədi dərslik və dərs vəsaitidir.

 

Universitet rəsmisi bildirib ki, ingilis və türk dillərində ədəbiyyat, dövrü nəşrlər alınır, tələbə və müəllimlərin istifadəsinə verilir. 

 

Hörmətli oxucular, bu yazımızda Bakı Avrasiya Universitetinin dərslik, dərs vəsaiti, elmi ədəbiyyatın nəşr olunması və tələbələrin bu materiallarla təchiz olunması ilə bağlı sorğu etdik. Silsilə yazımız davam edəcək. Siz də universitetlərinizdə yaşadığınız dərslik problemini işıqlandırmağımızı istəyirsinizsə, bizə qoşulun.