Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-20 11:17:00
“Dini mərasimlər etiqad azadlığıdır, amma dərs, bilik ilk öhdəlik olmalıdır” – Şagirdlər məktəbdən yayınırmı?

Bu gün Aşura günüdür.  Təhsil naziri Ceyhun Bayramov bir neçə gün əvvəl valideyn və məktəb rəhbərlərinə səslənərək uşaqlarını həmin gün dərsdən yayındırmamağa çağırıb.

“Azyaşlı və məktəbli uşaqları etiqad məsələlərinə qatmaq doğru deyil”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Yaşıl Elm platformasının redaktoru Taryel Abdullayev deyib. O, qeyd edib ki, uşaqların birinci öhdəliyi təhsil almaqdır:

“Aşura və digər dini mərasimlər fərdlərin subyektiv inanc, etiqad azadlığıdır. Buna heç kəs qarışmamalıdır. Lakin azyaşlı və məktəbli uşaqları etiqad məsələlərinə qatmaq doğru deyil. Əgər dediyiniz kimi bu hallara görə təhsildən yayınma halları varsa,  bu fikrimcə, dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılmalı və yaranmış bu vəziyyətə görə hüquqi tədbirlər görülməldir. Bu kimi məsələlərdə valideyn və məktəb rəhbərlikləri məktəbliləri və azyaşlı uşaqları nəzarətsiz buraxmamalıdır. Uşaqların birinci öhdəliyi biliklərini möhkəmləndirmək olmalıdır”.

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov sentyabr 12-də jurnalistlərə açıqlamasında Aşura günündə şagirdlərin dərsdən yayınması məsələsinə münasibət bildirib:

"Biz düşünürük ki, məktəb rəhbərliyi buna xüsusi diqqət yetirəcək. Məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidir. Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə olması üçün maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər"