Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 16:01:00
Azərbaycanda təhsildən yayınma - statistika, məsuliyyət... - PROBLEM

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova demişdi ki, 1-ci sinifə qəbul olunan uşaqların sayı ilə 11-ci sinifi bitirən uşaqların arasında fərq çoxdur. Yəni 1-ci sinifə qəbul olunan uşaqların bir qismi 11-ci sinfi bitirməkdən yayınır. Təhsildən yayınma halları tək qızlara yox, oğlanlara da aiddir.

Bəs bunun əsas səbəbi nədir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda bu kimi halların qarşısının alınması üçün icbari təhsil 9 illikdən 11 illiyə qaldırılmalıdır:

 

“İlk növbədə qeyd edim ki, hazırda, ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Biz də təhlil aparanda görürük ki, orta ümumtəhsil müəssisələrinə qəbul olunan şagirdlərlə bitirənlər arasında ciddi fərq var. Rəqəmlərə baxsaq, 2010-cu ildə orta ümumtəhsil məktəblərinin birinci sinifinə 170 min nəfər şagird gedibsə, bu o deməkdir ki, 2021-22-ci tədris ilində orta məktəbləri ən azı 100 min şagird bitirməlidir, amma biz görürük ki, orta məktəbləri həmin o 170 min nəfərdən cəmi 85 min nəfəri bitirə bilir. Bu da o deməkdir ki, onların yarıya qədəri təhsilin müxtəlif pillələrində təhsildən kənar qalırlar.

 

Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbindən sadəcə 3300-ü 11 illikdir, 840 məktəb 9 illikdir, digərləri isə 4 illik ibtidai sinif məktəbləridir. Birinci qırılma nöqtəsi ibtidai məktəblərdən orta təhsilə keçiddə baş verir. İkinci qırılma 9-cu sinifdən sonra şagirdlərin kolleclərə və peşə məktəblərinə üz tutması, bir qisminin isə valideynlərinin köməkçi təsərrüfatında məşğul olmaları ilə baş verir. Təbii ki, ən ciddi azalmanı biz 9-cu sinifdə görürük. Hardasa 30 min nəfər şagird 1-ci sinifdən 9-cu sinfə qədər təhsil şəraitindən kənar qalır. Təəssüf ki, erkən nikaha cəlb olunma faktları da var. Digər tərəfdən, təkcə kənd yerlərində yox, eyni zamanda Bakıda belə valideynlər övladlarını müəyyən sinifdən sonra köməkçi təsərrüfatına və yaxud ictimai iaşə obyektlərinə iş prosesinə cəlb edirlər. Bu da təhsil prosesindən kənarda qalmağa səbəb olur.

 

Təbii ki, bu sadalananlar insanların təhsilalma hüququnun məhdudlaşdırılmasıdır. Hətta xüsusi amansızlıqla törədilən cinayət faktlarında daha erkən yaşda təhsil prosesindən kənarda qalmış təhsilsiz və ya zəif təhsilli şəxslərin payı çoxdur, Bu da yaxşı hal deyil.

Hesab edirəm ki, Azərbaycanda icbari təhsil 9 illikdən 11 illiyə qaldırılmalıdır. Digər tərəfdən, kolleclərdə təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququ vermək lazımdır. İnsanlar ən azı təhsil alsınlar. Ümumiyyətlə, Azərbaycanda ali təhsilli insanların sayı çox azdır. Azərbaycan əhalisinin sadəcə 17%-i ali təhsillidir ki, bu da kifayət qədər aşağı rəqəmdir. Cəmiyyətin ictimai, iqtisadi, sosial və mədəni inkişafını istəyiriksə, biz təhsilli, xüsusən də ali təhsilli insanların saylnı artırmalıyıq. Azərbaycandə təhsilin əlçatanlığı təmin olunub, təhsil icbaridir, dövlət pulsuz təhsil verir, dəsrliklərlə təmin edir, amma çox təəssüf ki, məhz qeyd edilən səbəblərdən uşaqlar təhsildən kənar qalırlar”.

 

133 nömrəli tam orta məktəbin direktoru Mehriban Alşanova da sözügedən mövzuda şahidi olduğu hadisələri bizimlə bölüşüb:

 

“1-ci sinfə qəbul olunan şagird sayı ilə 11-ci sinfi bitirənlərin arasında say fərqinin olmasının əsas səbəbi 9-cu sinifdən uşaqların daha çox peşə məktəblətinə və kolleclərə üstünlük verməsindən irəli gəlir. Düzdür, bəzi ucqar kənd və rayonlarımızda istisna hallar var ki, qızlarımızı orta məktəbdən təhsildən yayındırırlar. Bilirsiniz ki, biz millət olaraq bir az diplom həvəskarıyıq. Hər birimiz istəyirik ki, övladımız təhsil alsın, o ixtisas üzrə işləsə də, işləməsə də, evdə diplomu olsun. Son 4-5 ildə peşə məktəblərinə və kolleclərə daha çox maraq var. "Təhsil haqqında" qanundakı yeni dəyişikliyə əsasən, artıq 9-cu sinfi bitirən şagirdə attestat təqdim olunur, onlar sonradan istəsələr, ərizə ilə yenidən məktəbə qayıda bilirlər. Təəssüf ki, bəzi istisna hallar da var ki, bir qisim şagirdlər 9-cu sinifdən çıxıb kolleclərə və ya peşə məktəblərinə cəlb olunmurlar, otururlar evdə.

 

Məktəbdə bir qızımız var, futbolu çox sevir, səhər açılandan stadiona gedir, axşama kimi futbolla məşğul olur. Təbii ki, bu şagird də təhsilə cəlb olunmalıdır. Buna görə də biz həmin şagirdin valideynini məktəbə dəvət etmişik. Ancaq övladını məktəbdən yayındırmaq istəyən valideynlə qarşılaşmamışam”.

 

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova hətta uşağını təhsildən yayındıran valideynlərin valideynlik hüququndan məhrum edilməsini də təklif etmişdi.


Bəs valideynlərin uşaqlarını təhsildən yayındırması hansı məsuliyyət doğurur?

 

Məsələnin hüquqi tərəfi ilə bağlı vəkil Turan Abdullazadə bildirib ki, kimisə təhsil hüququndan məhrum etmək yolverilməzdir və həmin şəxs qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunur:

 

“Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

 

İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə – xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək məbləğdə cərimə edilir.

 

Belə əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – 60 manatdan 100  manatadək məbləğdə cərimə edilir.

 

İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə əsasən, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə - fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 5 min manat məbləğində cərimə edilir.

 

Eyni zamanda, “Uşaq hüquqları haqqında” qanunun 22-ci maddəsində uşaqların icbari ümumi orta təhsildən yayındırılmasının qadağan olunduğu qeyd edilib.

 

Ailə Məcəlləsinin 51-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarından sui-istifadə halları zamanı uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 52-ci maddəsi isə uşağa ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququ yaradır.

 

Qanunvericiliyin də məzmunundan göründüyü kimi, şəxsi təhsil hüququndan məhrum etmək yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.