Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 14:06:00
BDU niyə dünya universitetləri reytinqində yer tuta bilmir? - Təhsil jurnalistlərinin RƏYİ

Bakı Dövlət Universiteti (BDU) Azərbaycanın aparıcı ali təhsil müəssisəsi hesab olunur. Azərbaycanda minlərlə abituriyent bu universitetə qəbul olmaq üçün can atır.

 

Təəssüf ki, Azərbaycan təhsilinin flaqmanı adlandırdığımız BDU hələ də dünya universitetləri reytinqində yer tuta bilmir.

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin məsələ ilə bağlı açıqlaması həm mediada, həm də təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

E.Babayev bir neçə gün öncə Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, "BDU-nun reytinqlərdə geri qalmağımızın səbəbi zəifliyimiz deyil, digər universitetlərin sürətlə inkişaf etmələridir". 


Bu açıqlamaya görə, BDU rektoru sosial şəbəkələrdə və mətbuatda tənqidlərə tuş gəlib.

Bəs BDU-nun sürətli inkişafına mane olan nədir? Niyə görə dünya universitetlərin reytinqində hələ də yer ala bilmir?

 

AzEdu.az sözügedən mövzu ilə bağlı təhsildən yazan jurnalistlərə müraciət edib. 

 

“525-ci qəzeti”in əməkdaşı Sevinc Qarayeva universitetlərin reytinq cədvəlində yer alması üçün hansı meyarların əsas götürüldüyünü sadalayıb:

Açıklama yok.


"Dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqinin tərtib olunmasında bir neçə meyarı - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır. Universitetlərin reytinq cədvəli müəyyənləşdirildiyi zaman universitetin tədqiqat imkanları, nüfuzlu nəşrlərdə çap edilmiş tədqiqat işlərinin sayına da fikir verilir.  Həmçinin, tələbə-müəllim nisbəti, universitetin infrastrukturu, laboratoriyaları, məzunlarının iş tapmaq bacarıqları və iş həyatına necə hazırlanması kimi məqamlar da nəzərə alınır".

 

Jurnalist dünya universitetlərinin reytinq sıralamasında Azərbaycanın çox az ali təhsil müəssisəsinin yer aldığını və bu reytinq sıralamasına daxil olan universitetlərimizin aşağı pillələrdə qərarlaşdığını qeyd edib:  

“Dünya universitetlərinin reytinq cədvəlində Azərbaycan ali təhsil müəssisələrinin, Bakı Dövlət Universitetinin ön sıralarda olması, dünyanın nüfuzlu universitetləri ilə rəqabət aparması üçün tələbələr üçün ideal təcrübə mərkəzləri olmalıdır. İnformasiya ilə daha zəngin yeni nəsil müəllimlərinə üstünlük verilməlidir. Yəni universitetdə yaşlı nəslin nümayəndələri tədricən təqaüdə göndərilməli və gənc kadrlara, xüsusilə də xaricdə təhsil alanlara üstünlük verilməlidir. İnformasiya texnologiyalarının bizə verdiyi geniş imkanlardan maksimum yararlanaraq, tələbələrin hər birinə dərsliklərin əlaçatanlığını təmin edilməlidir”. 

 

S.Qarayeva deyib ki, ali təhsil müəssisələri dünyada baş tutan bütün təhsil yönümlü elmi konfranslarda, beynəlxalq olimpiadalarda, tərəfdaşlıq proqramlarında, sərgilərdə iştirak etməlidir:

“Ali təhsil müəssisəsində elmi dərəcələri olan çoxsaylı kontingent formalaşdırılmalıdır. Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Buraya universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması da daxildir. BDU-nun adının bu cür nüfuzlu reytinq siyahısına düşməsini əngəlləyən bir səbəb, bu ali təhsil ocağının yataqxanasının olmamasıdır. Belə ki, beynəlxalq səviyyədə ali məktəblərin reytinq siyahısını tərtib edən bir neçə akademik qurumun kriteriyalarına baxsaq görərik ki, ali məktəblərdə oxuyan əcnəbi tələbələrin sayı da əsas götürülür.

BDU-nun rəhbərliyi bu reytinqlərdə yer almaqla bağlı ciddi şəkildə düşünməlidir. Bu reytinqlərdə yer almaq üçün bir çox parametrlər mövcuddur və bu parametrlərə əməl olunması sözügedən universitetin inkişafına da öz müsbət təsirini göstərəcək. Son illərdə BDU-da bu istiqamətdə müəyyən işlər görülür. İşlər bundan sonra da davam etdirilməlidir.

Bütövlükdə, hər bir universitetin bu istiqamətdə strategiyası olmalıdır. Qarşılarına müəyyən bir hədəf qoymalıdırlar və o hədəflərə çatmaq üçün işlər görülməlidir.

Bizim bir çox universitetlərimiz tədqiqata üstünlük vermir, ayrıca kampüs və yataqxanaları, məzunları işlə təmin edəcək karyera mərkəzləri mövcud deyil. Bütün bunlara görə də ali məktəblərimizin çoxu aşağı yerlərdə təmsil olunurlar”.

 

"Azərbaycan müəllimi" qəzetinin əməkdaşı Ruhiyyə Daşsalahlı BDU-da "yerində olmayan kadr" problemi olduğunu bildirib:

Açıklama yok.

 

“Öncəliklə düşünürəm ki, BDU-da "yerində olmayan kadr" problemi var və mən hesab edirəm ki, universitetin rəhbər sarıdan bəxti heç gətirmir. Əsas səbəb fikrimcə, budur. Təbii ki, mən bir idarəedici deyiləm, bu sahədə hər hansı təcrübəm yoxdur. Amma indiki rektor təyin olunanda əmin idim ki, o, yerində dayanıb başqa universitetlərin inkişafını müşahidə etməklə kifayətlənəcək. Bu təyinatdan əvvəl BDU-ya rəhbərlik o vaxtkı adı ilə desək, təhsil nazirinin müavininə həvalə olunmuşdu. Həmin vaxt orda gedən prosesləri izləmək imkanım yaranırdı və düzü, BDU-nun sözün əsl mənasında bir universitet olacağına ümidlənmişdim. 


Belə bir vaxtda indiki rektorun təyin olunması məni nəinki sevindirdi, əksinə, məyus etdi. Məlumdur ki, Elçin Babayev BDU-dan əvvəl də fəaliyyəti ictimaiyyətə tanış olan şəxslərdən biri idi. Ona görə də, təyin olunması yaxın gələcək üçün fikir söyləməyə imkan yaradırdı. BDU-dakı vəziyyəti həm də orda müəllimlik fəaliyyətinə başlayan bir yaxınımdan dinləmək şansım oldu. Düzü, jurnalistlərə verilən məlumatla ordakı real vəziyyət arasında bir uçurum olduğu fikrindəyəm”. 

 

"Məktəb guşəsi" jurnalının baş redaktoru Məzahir Məmmədli də sözügedən mövzu ilə bağlı öz fikirlərini söyləyib:

Açıklama yok.

“Mən özüm Bakı Dövlət Universitetinin həm məzunu həm də, bir neçə müddət əməkdaşlarından biri olmuşam. Bu səbəbdən BDU-nun fəaliyyətinə bələdəm. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanın ali təhsil sistemində bir qədər böhran var. Bunun əsas səbəblərindən biri ali təhsil müəssisələrində gələcək nəsilləri yetişdirən müəllimlər yox dərəcəsində olmağıdır. Heç olmadığını demək olmaz, amma öyrətməyə həvəs göstərən müəllimlər çox azdır".

 

M.Məmmədli təqsirin təkcə BDU-da yox Azərbaycanın bütün universitetlərində olduğunu deyib:

 

“Ümumilikdə təqsir Bakı Dövlət Universitetində deyil. Demək olar ki, bütün universitetlərimizin Avropanın öndə gedən universitetlərinə çatmağına hələ çox uzun bir yol var. Təəssüf edirəm ki, Azərbaycanın ali təhsil ocaqlarında gənc nəslin, alimlərin yetişdirilməsi üçün mötivasiya edən heç nə yoxdur, nə də ki, düşünülmür”.