Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 14:02:00
Buraxılış imtahanlarından 300 bal toplayan olacaq? - Ekspertlər DANIŞDI

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində ümumtəhsil məktəblərinin 11-ci sinfini bitirən şagirdlər üçün buraxılış imtahanları keçirib. İmtahan nəticələrinin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.

Şagirdlər (abituriyentlər), eləcə də bir sıra təhsil ekspertləri hər iki tarixdə keçirlmiş buraxılış imtahanlarında sualların çətin və bəzilərinin hətta anlaşılmaz olmağından şikayətlənirlər.

Bu mövzu ilə bağlı müzakirələrə qoşulanlar artıq belə iddialar səsləndirirlər ki, abituriyentlər arasında maksimum nəticə - 300 bal toplayan olmayacaq.

Bu iddialar nə dərəcədə əsaslıdır?

İmtahanların çətinlik dərəcəsini və mübahisəli sualları nəzərə alsaq bu il buraxılış imtahanı verənlərin 300 bal toplama şansı varmı?
 

AzEdu.az-ın əməkdaşı bu suallarla təhsil ekspertlərinə müraciət edib.
 

 

Elnur Hacıyev bu il maksimum nəticə göstərənlərin sayının əvvəlki illərə nisbətən aşağı olacağını vurğulayıb:

 

“Bu, sualların çətinlik dərəcəsindən asılı olan bir məsələdir. Ona görə də əvvəlcədən dəqiq fikir demək mümkün deyil. Sadəcə ehtimal olunur ki, ümumi olaraq abituriyentlərin fikirlərinə görə sualların çətinlik dərəcəsi var. Amma 300 bal toplayan abituriyent çətinlik dərəcəsindən asılı olmayaraq bütün suallara doğru cavab verəcək potensialdadır. Düşünürəm ki, 300 bal toplayacaq abituriyent olacaq. Təbii ki, bundan əvvəlki imtahanlarda da onların sayı çox olmayıb, yəni kütləvi deyil. Bu imtahanlarda da çox abituriyentin maksimum bal toplayacağı gözlənilmir. Hıtta əvvəlki statistikalardan daha az olacağı ehtimal olunur”. 

 

Təhsil eksperti sualların çətinlik dərəcəsini yoxlamaq üçün DİM-in təşkilatçılığı ilə fokus qruplarının yaradılmasını təklif edib:

 

“Əlavə olaraq təklifim budur ki, DİM hər bir imtahandan qabaq təbii seçmə yolu ilə seçilmiş abituriyentlərdən ibarət fokus qrupunda tədqiqat aparmalıdır. Burada abituriyentlərin suallara hansı dərəcədə cavab verməsi, sualların çətinlik dərəcəsi müşahidə olunmalıdır. Müşahidələr nəticəsində abituriyentlərin gücünə uyğun suallar tərtib olunmalıdır. Çünki suallar normadan asan olduqda şagirdlərin kütləvi şəkildə yüksək bal toplaması, çox çətin olduqda isə aşağı bal toplaması ilə nəticələnəcək. Ona görə də normanı qorumaq üçün fokus qruplarının yaradılmasını təklif edərdim”. 

 

Adil Vəliyevin sözlərinə görə, hər iki imtahanda mübahisəli sualların olması səbəbindən 300 bal toplamaq ehtimalı olduqca aşağıdır.

 

“Bu barədə əvvəlcədən dəqiq bir şey demək mümkün deyil. Çünki hər imtahanda bir mübahisəli sual var idi. İndi dəqiq bir məlumatımız yoxdur ki, DİM həmin sualları imtahan verənlərin xeyrinə doğru kimi dəyərləndirəcək, ya yox. Əgər bu baş versə, onda maksimum bal toplayacaq abituriyentin olacağı ehtimalı var. Əksinə, DİM üçün doğru hesab olunan cavab əsas götürülsə, o zaman 300 bal toplayacaq tələbə olmaya bilər”. 

 

Ekspert sual mətnlərinin anlaşılmaz olmasının da abituriyentlərdə çaşqınlıq yaratdığını vurğulayıb:
 

“İmtahanın çətinlik dərəcəsi ilə bağlı deyərdim ki, ümumi olaraq əvvəlki illərə nisbətdə daha yuxarı idi. Əsas çətinlik sualların anlaşılmasında idi. Sualların mətni müəyyən qədər anlaşılmaz formada olduğundan abituriyentlər onu dərk etməkdə çətinlik çəkiblər”. 

 

Elçin Əfəndiyev də mübahisəli suallar, istifadə olunan mətnlərin həcmi və s. kimi səbəbləri əsas gətirərək, hazırkı  vəziyyətdə maksimum nəticənin real görünmədiyini qeyd edib:

 

“Nə 5 mart, nə də 12 mart tarixində keçirilən buraxılış imtahanlarından 300 bal toplayacaq abituriyentin olacağı real görünmür. Azərbaycan dili və riyaziyyat suallarının çətinliyi onu deməyə əsas verir ki, makimum nəticə göstərənlər olmayacaq. Əlbəttə, yalnız appelyasiya komissiyasının gedişində ola bilər ki, hansısa abituriyent maksimum nəticə əldə etsin. Bu da suallarda müvafiq olaraq texniki və ya ümumi xətanın olması halı baş verdikdə və yaxud da abituriyentin cavablandırmada özünün etdiyi və bağışlanması mümkün olan hansısa texniki xətanın düzəldilməsi nəticəsində mümkündür. 


İmtahanlarda təxminən 108 minə yaxın abituriyent iştirak edib. Açıq sualların qəlizliyi, Azərbaycan dili fənnindəki mətnin həcmi və s. səbəblərdən 300 bal toplayacaq abituriyentin olması mümkün görünmür”.

 

Kamran Əliyev də sadalanan səbəblərdən göstəricilərin müəyyən qədər aşağı olacağını qeyd edib. Ekpsert bu il buraxılış imtahanlarından 1 və ya 2 nəfərin 300 bal toplayacağını düşünür:

 

“İlk növbədə bunu qeyd edim ki, 5 və 12 martda keçirilən buraxılış imtahanları əvvəlki illərlə nisbətdə müəyyən qədər çətin idi. İlkin təhlillər nəticəsində deyə bilərik ki, bu il 300 balın olması ehtimalı var, ancaq 1 və ya 2 nəfərdən belə nəticə gözləyə bilərik. Düşünürəm ki, Bakı şəhərində yerləşən özəl məktəblər və Sumqayıt şəhərindəki ümumitəhsil müəssisələrində maksimum bal toplayacaq abituriyentlərin olması ehtimalı var.
 

Azərbaycan dili fənnindən mətnin həcmi, riyaziyyatdan açıq tipli sualların təqdim olunma prisipinin fərqliliyi 300 bal ehtimalını azaltsa belə, bu suallar cavablandırıla bilən suallardır. Hətta şagirdlər arasında ilkin monitorinqdə gördük ki, 80% abituriyent bu sualları cavablandırmaqda çətinlik çəksə belə, onlardan 20%-i həmin sualları təhlil edib və cavablandırıb. 

Mən birmənalı şəkildə maksimum göstərici olacağını düşünürəm. Ancaq çox böyük ehtimalla 1 və ya 2 nəfər olacaq”.