Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 09:05:00
Hansı öyrənmə metodu effeklidir? - Abituriyentlərə VACİB MƏLUMAT

Bir çox insan effektiv öyrənmə texnikaları ilə bağlı məsləhətlər verir. Amma nəzərə almaq lazımdır ki, hər kəs fərdi xüsusiyyətlərə malikdir və hərənin özünəxas öyrənmə texnikası var. Bəzi insanlar musiqiyə qulaq asdığı zaman, bəziləri gəzərək oxuyarkən, bəziləri yazaraq qeydlər götürərkən, digərləri mətnin altını xətləyərək daha yaxşı öyrənirlər. Bəs bunlardan hansı daha effektiv öyrənmə üsuludur?

Məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Çinarə Kazımzadə bildirib ki, şagirdlərin özlərini kəşf etmələri üçün müəllimlər və valideynlər tərəfindən şərait yaradılmalıdır:

“Hansı metodun bizə uyğun olduğunu bilmək üçün bir müddət analiz etməyimiz yaxşı olar. Eyni zamanda, uşaq vaxtı dərslərimizi öyrənəndə hansı metodları istifadə etdiyimizi düşünə bilərik.

Bir insanın bir metodu istifadə edib, uğur qazanması o demək deyil ki, bu metod sizdə də eyni effekt verəcək və ya əksinə. Öz xüsusiyyətlərinizi ən yaxşı siz bilirsiniz. Özünüzü tanıyıb, analiz edib, ən düzgün qərarı verə bilərsiniz.

Uşağın effektiv öyrənmə metodunu tapmasında müəllimin və valideynin rolu böyükdür. Şagirdə məktəbdə və evdə müxtəlif öyrənmə metodlarını sınaqdan keçirməsinə şərait yaradılsa, o daha tez müddətdə özünə xas olan düzgün metodu tapa bilər. Əgər bir şagird eyni öyrənmə metodundan heç bir irəliləmə əldə etmirsə, ona yeni seçimlər təqdim olunmalıdır. Alternativlər həmişə var”.