Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 12:00:00
Dünənki imtahanın sualları çətin olub - Təhsil EKSPERTLƏRİ

Dünən - martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirilib.

 

İmtahan sonrası şagirdlər sualların çətin olmasından, onların dərslik proqramlarına uyğun gəlməməsindən şikayətləniblər.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında "Hədəf" Nəşrlərinin direktoru, pedaqoq Nizami Hüseynov fikir bildirib:

 

"Dünən keçirilən imtahanda biz tam yeniliklə qarşılaşdıq. Bu istifadə etmədiyimiz, görmədiyimiz sual tipi anlamına gəlmir. Demək olar ki, orada istifadə olunan sualların hər biri bizə tanışdır. Fərqli olan odur ki, bir tapşırıqda bir neçə sualın həlli tələb olunur. İmtahan müddəti dörd, dörd saat yarıma kimi uzadılarsa, bu tapşırıqları həll etmək mümkün olacaq. Ən yaxşı nəticə göstərən şagirdlərimiz belə, vaxt azlığından şikayətçidirlər. Xüsusilə mətin tipli suallar, şagirdlərdə vaxt itkisinə səbəb olur".

 

"Hədəf"in direktoru sualların ümumi çətinlik səviyəsindən də danışıb:

 

"Riyaziyyat fənnindən bir sualda problem müşahidə olunub. Hansı ki, həndəsi fiqur verilib, onun tərəfləri arasında düzgün əlaqəni qurduqda hündürlüyü sıfıra bərabər olur. Riyazi olaraq bu mümkün deyil. Eyni probelm 5 mart tarixində də müşahidə olunub, sualın cavabı çıxmır, şagird oraya boş çoxluq yazacağı halda, cavabın düzgün götürülməsi ilə bağlı iddia yaranır. Bu suallar ulduzlu sual kimi qəbul olunmalıdır.

 

Azərbaycan dili fənni, orta məktəb dərslikləri ilə üst-üstə düşmür. Bu, sırf Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi modellər əsasında olur. Bu gün imtahanlar DİM-in standartlarını aşır. Bu DİM-in tam fərqli, kimsənin görmədiyi sual tapşırığından istifadə etdiyi anlamına gəlmir. Sadəcə, illərdir bizə təqdim olunan mətn həcmini aşır. Belə ki, bir fənndən şagirdə sualı cavablanmaq üçün 45, cavab kartına köçürmək üçün 15 dəqiqə vaxt verilir. Bu müddətdə həmin sualları cavablandırmaq mümkün deyil. Ola bilər çox böyük istedada malik şagird bunları yerinə yetirə bilsin. Biz son vəziyyəti bir ay sonra, imtahan nəticələri elan olunan zaman görəcəyik. Şəxsi fikrimə əsasən, bu il maksimum 300 balı toplayan olmayacaq.

 

Buna baxmayaraq, xarici dil fənni ilə bağlı şagirdlər arasında ciddi bir şikayət müşahidə olunmayıb. Bu da ingilis dilində sualların sadə tərtib olunduğunun göstəricisidir. Düzdür, bu problemlərin əksəriyəti real faktlar deyil, şagirdlərin iddialarıdır, amma bizim ən azından gördüyümüz odur ki, xarici dildə fikrini ifadə edə bilməyən, danışa bilməyən şəxs imtahanda yüksək nəticə göstərir".

 

N.Hüseynov 5 mart və 12 mart tarixlərində keçirilən imtahanların çətinlik səviyəsinin eyni olmadığını bildirib:

 

"5 mart tarixindəki qramatika sualları çətin, 12 martda daha asan olub. Mətn tipli tapşırıqlarda isə bunun əksi müşahidə olunur. Digər bir problem odur ki, buraxılış imtahanının nəticəsi iki il qüvvədə qalır və ötən ilə nisbətən bu il suallar kəskin şəkildə çətinləşib. Bu haqsızlıq, ədalətsizlikdir. Təəssüf ki, məsələnin həlli ilə bağlı bir şərh yoxdur. İmtahan cavabı iki il qüvvədə qalırsa, bu sualların çətinlik dərəcəsi də eyni olmalıdır. Bu da onu göstərir ki, format dəyişənə kimi, uzun müddət suallar eyni tipdə tərtib olunmalıdır".

 

Təhsil eksperti Adil Vəliyev şagirdlərin şikayətinin əsassız olmadığını bildirib:

 

"5 və 12 mart tarixli imtahanlarda sualların tərtibində səhvlər müşahidə olunur. Bunu biz riyaziyyat fənnindəki suallarda görə bilirik. Bu sualların düzgün həllini müəllimlər sosial şəbəkələrdə yazsalar belə, təəssüflər olsun ki, DİM qəbul etməyib, sualların doğru olduğu bildirildi. Bundan əvvəlki illərdə də biz şagirdlər, valideynlər arasında şikayətlərin olduğunu müşahidə edirdik. Sualların çox sadə tərtib olunmasını tələb edə bilmərik. Sualların çox sadə olması təhsil sisteminədə öz mənfi təsirini göstərə bilər. Amma builki buraxılış sualları sanki olimpiadaya hazırlaşan şagird üçün nəzərdə tutulub.
Digər məsələ, bu sualları sanki məktəbdə təhsil alan yox, repetitor, hazırlıq kursuna gedən şagird üçün nəzərdə tutublar. Sualların kifəyət qədər çətin salınmasına çalışılıb. İmtahan sualları məktəbdəki təhsilin səviyəsinə uyğun olmalıdır. Burada repetitorlar, yaxud hazırlıq kursları arasında bir yarış keçirilmir ki, DİM onlar arasında qalib təyin etsin. Əsas məqsəd gələcəyimiz olan şagirdlərin biliklərinin qiymətləndirilməsidir. Bu da məktəbdə keçirilən təhsilə uyğun olmalıdır".