Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 09:05:57
Ali məktəblərdə dərslik problemi: BMU-da vəziyyət necədir... - ARAŞDIRMA

Orta məktəblərdə dərsliklərin hazırlanmasından tutmuş şagirdlərə çatdırılmasına qədər müxtəlif problemlərin mövcudluğu və onların aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan qurumların ictimaiyyət nümayəndələri ilə mütəmadi müzakirələr aparması barədə məlumatlarımız var.  

Bəs ali məktəblərdə necə?..

AzEdu.az bu sahədə mövcud olan problemlər və nailiyyətlərlə bağlı silsilə yazılarla çıxış edir.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universieti və Qərbi Kaspi Universitetindəki vəziyyətlə bağlı yazılarımızı artıq təqdim etmişik.

Oxuculardan gələn reaksiyalar mövzunun maraqlı olmasını bir daha sübut edir və  bizi bu işi davam etdirməyə ruhlandırır.  

AzEdu.az-ın dərslik məsələsi ilə bağlı budəfəki tədqiqat obyekti ali məktəblər arasında özünəməxsus yer tutan Bakı Mühəndislik Universitetidir (BMU).

Bu universitetin təhsil sahəsində tətbiq olunan yeniliklərin önündə getdiyi  hamıya yaxşı məlumdur. Universitetin kitabxanalarında müxtəlif xarici ölkələrdə nəşr olunmuş bədii və elmi ədəbiyyatların olması heç də təsadüfi deyil.

Bəs BMU-da dərsliklərlə bağlı vəziyyət nə yerdədir? Tələbə və magistrantlar zəruri elmi və tədris ədəbiyyatını əldə edə bilirmi? İmtahanlara hazırlaşan zaman ən çox hansı materiallardan istifadə olunur - elektron, yoxsa klassik?  Hansı yenilikləri digər universitetlərə nümunə göstərə bilərik? 

Bu və ya digər sualları cavablandırmaq üçün Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevə müraciət etdik.

Müsahibimiz deyir ki, Bakı Mühəndislik Universitetinin zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan kitabxanası mövcuddur:

“Kitabxana ən son material və texnoloji vasitələrlə təmin olunub. Bundan başqa, kitabxana professional və mənəvi keyfiyyətlərini artırmaq üçün təhsil və tədqiqat sahəsində də fəaliyyət göstərir. Universitet tələbələrinin təhsil, tədqiqat və elm sahəsində inkişafına kömək edir.

Kitabxana onlayn sistem əsasında fəaliyyət göstərir. Tələbələr və müəllimlər kitabları onlayn sifariş verməklə əldə edirlər. Sifarişlər maksimum 15 dəqiqə ərzində hazır olur. Sifarişin qüvvədə olma müddəti 24 saatdır”.

Elman Babayev qeyd edib ki, BMU-nun elektron kitabxanasına gün ərzində təqribən 400-dən  artıq müraciət daxil olur.

“Universitetin saytındakı (beu.edu.az) Tələbə Məlumat Sistemi və Personal Məlumat Sisteminə daxil olduqdan sonra daha əlçatan formada sifarişlər vermək mümkündür. Sistemdə oxucunun axtardığı kitabın bütün detalları qeyd olunur. Bununla yanaşı, kitabın rəfdə və ya əldə olması haqqında məlumat da oxucunun diqqətinə çatdırılır. Əgər hər hansı kitab sifariş olunubsa, dərhal növbəyə durmaq təklifi bildirilir.

Onlayn sistem əsasında fəaliyyət göstərən kitabxananın əsas üstünlüklərindən biri də uzaq məsafədən, universitetdən kənarda öz oxucularına xidmət göstərmək imkanına malik olmasıdır. Bu, vaxta qənaət etmək və istənilən məkandan sistemə daxil olmaq baxımından olduqca önəmlidir.

Şöbə müdirinin sözlərinə görə, BMU-nun kitabxana fondunda hazırda 1 milyona yaxın elektron resurs, həmçinin 106 minə yaxın kitab və jurnal mövcuddur.

“Bu kitabların əksəriyyəti ingilis və türk dillərindədir. Bununla yanaşı, alman, ərəb, rus, fransız və s. dillərdə olan kitablar da var. Fakültələrdə tədris olunan fənləri əhatə edən kitabxana fondunda bütün kitabların pdf forması da mövcuddur.

Tədris planlarında nəzərdə tutulmuş fənlərin tədrisində elektron kitabxanadan, internet materiallarından, elektron proyektorlardan, video-çarxlardan, elektron lövhələrdən, Azərbaycan, ingilis və türk dillərində nəşr olunmuş dərsliklərdən, dərs və metodiki vəsaitlərdən və s. informasiya mənbələrindən istifadə olunur. Kitabxana tədris prosesində keçirilən fənlər üzrə istifadə olunan dərslik və dərs vəsaitləri ilə tələbələri ödənişsiz təmin edir. Kitabxana fondunda 5000-dən çox dərslik mövcuddur. Universitet əməkdaşları ilə yanaşı, digər müəlliflər tərəfindən nəşr olunan tədris-metodiki vəsaitlər də tədris olunan fənlərə dair informasiya mənbələrinin kifayət qədər olmasına və müasirləşməsinə səbəb olur. Universitetdə mövcud olan ixtisaslara aid kitablar öz aktuallığı ilə seçilir və tələbə-müəllim kontingenti tərəfindən istifadə olunur. Bundan əlavə, universitetimizin kitabxanası digər yerli universitetlərlə də əməkdaşlıq edir. BMU- nun kitabxanası, eyni zamanda, Web of Science və EBSCOhost adlı elektron portalların üzvüdür.

Universitet əməkdaşları dərslik və dərs vəsaitlərinin, elmi nəşrlərin hazırlanmasında fəaldırlar. Ötən ildə BMU-nun kafedralarında 42 problem və 84 mövzu uzrə 252 elmi-­tədqiqat işləri yerinə yetirilib və 25 mövzu uzrə 34 iş tamamlanıb. İl ərzində BMU əməkdaşlarının 66-sı xaricdə və 142 tezis Azərbaycanda olmaqla 208 elmi konfrans nəşri olub. Son 5 ildə universitetdə 23 beynəlxalq konfrans keçirilib və onların nəşrləri universitetin saytına yerləşdirilib”.

Qeyd edilənlərlə yanaşı, vurğulamaq vacibdir ki, BMU əməkdaşlarının 2017-2022-ci illərdə elmi-tədqiqat işlərinin nəticələri 18 monoqrafiya, 13 dərslik, 42 dərs vəsaiti, 268 adda xarici və 448 adda ölkə daxilində elmi məqalə və 91-i xaricdə olmaqla, 183 elmi konfrans nəşri, 2 müəlliflik şəhadətnaməsi və 3 patentdə öz əksini tapıb.

Hörmətli oxucular, bu yazımızda Bakı Mühəndislik Universitetinin dərslik, dərs vəsaiti və elmi ədəbiyyatın nəşr olunması və tələbələrin bu materiallarla təchiz olunması ilə bağlı tədqiqat apardıq. Silsilə yazımız davam edəcək. Siz də universitetlərinizdə yaşadığınız dərslik problemini işıqlandırmağımızı istəyirsinizsə, bizə qoşulun.