Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 13:39:00
Gələn il Azərbaycan Universitetində V Avropa İqtisadi Konqresinin keçirilməsi planlaşdırılır  

Noyabrın 15-dən 17-dək Türkiyədə Azərbaycan Universitetinin (AU), Kocaeli Universitetinin və Polşanın WSB Universitetinin birgə təşkilatçılığı ilə IV Avropa İqtisadi Konqresi keçiriləcək.

AU-dan AzEdu.az-a bildirilib ki, bu ali təhsil ocağının rektoru Səadət Əliyeva Kocaeli Universitetində keçiriləcək tədbirin təşkilat komitəsinin fəxri həmsədri seçilib. Həmçinin AU-nun elmi işlər üzrə prorektoru Yusif Qasımov və professoru Rövşən Quliyev tədbirin elm komitəsinin, biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov və elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva isə təşkilat komitəsinin üzvləridirlər.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlərin müasir iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş məruzələri dinləniləcək, müxtəlif istiqamətlərdə keçirilən sessiyalarda müzakirələr aparılacaq.

Qeyd edək ki, bu seriyadan olan ilk beynəlxalq tədbir gənclərin məşğulluğu məsələlərinə həsr olunub. Ötən ilin martında keçirilən bu tədbirə 30 ölkədən 300-dək iştirakçı cəlb edilib. Həmin ilin noyabrında təşkil olunan və 18 ölkədən 200-dək tədqiqatçının qatıldığı ikinci konqres enerji və ətraf mühit, miqrasiya, sağlamlıq, kənd təsərrüfatı, İslam iqtisadiyyatı, gizli iqtisadiyyat, informasiya iqtisadiyyatı, inşaat və turizm sahələrini əhatə edib. Polşada keçirilən III Avropa İqtisad Konqresində iştirakçılar dünya iqtisadiyyatı və iqtisadi böyümə məsələlərinə dair apardıqları tədqiqatların nəticələri barədə müzakirələr aparıblar.

Beşinci Avropa İqtisadi Konqresinin isə gələn il AU-da təşkil olunması planlaşdırılır.