Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 13:03:49
Yuxu rejiminin pozulması şagirdlərdə bu fəsadlara yol aça bilər – “Bir aydan sonra görəcəklər ki....”

Yeni dərs ilinin başlaması ilə əlaqədar, azyaşlılarda ən çox rast gəlinən problemlərdən biri də alışmadıqları yuxu rejimidir.
Məktəbə yeni başlayanlara “şirin yuxu”sundan ayılmaq çox çətin gəlir. Bu da ilk günlərdə onun məktəbə qarşı marağını öldürür və dərs ona ağır yük kimi görünür.

Bəs onların yuxudan tam ayıla bilməməsi günlük dərs keyfiyyətinə necə təsir edir?

Pediatr Vaqif Qarayev AzEdu.az-a açıqlamasında bildirib ki, məktəb başlamamış yuxu rejiminin tənzimlənməsi daha yaxşı olar:

“Uşaq 6 yaşına qədər  gündüz heç olmasa 1-2 saat yatmalıdır. Axşam 9-dan sonra isə oyaq qalmamalıdır.Bu, mütləqdir!  İstər məktəbəqədər hazırlığa, istərsə də bağçaya getmiş olsun, məktəb tamam fərqli mühitdir, onlar üçün tanış olmayan bir məkandır. Binanın quruluşundan tutmuş, ətrafdakı səs-küyə qədər hər şey fərqlidir. Ona görə, emosional uşaqlar psixoloji basqıya dözə bilmirlər. Bu da mütləq yuxu rejimində də özünü göstərəcək. Digər məsələsi isə məktəb proqramıdır, illərdir müzakirə olunsa da həll olunmamış qalır. O gün oxudum ki, ibtidai siniflərdə dərs yükü azalacaq. Bu, mənim üçün illərdir  müşahidə etdiklərimə əsasən, vəziyyətdən çıxış yoludur. Sonra peşəkar müəllimlərdən mənə yazdılar ki, ola bilər dərsin sayı azalsın, amma dərs yükü azalmır”.

Pediatr siniflərdəki uşaq sayının çox olmasındanvə bunun neqativ nəticəsindən də  danışıb:

“Əslində,  sinifdə  20-25 uşaq olmalıdır, bizdə isə 40-a yaxın şagird olur. 20-25 uşağın hamısının  qavrama qabiliyyəti eyni ola bilməz. Dünyanın ən inkişaf etmiş ölkələrində belə vəziyyət eynidir. Evdə, məktəbdə də hamısından eyni qavrama, dərslərə yanaşma tələb edirik. Bu, qətiyyən düzgün deyil, uşaqların psixikasına böyük basqıdır. Demək olar ki, uşaqlar istirahət etmirlər.Təbabətdə olmayan praktik müşahidəmi sizə deyim: 6 yaş sindromu var, oktyabrda valideynlər gələcək ki, uşaq yemir, yatmır, əsəbidir, özünə qapalıdır, adaptasiya ola bilmir. Uşaq üçün yuxu çox vacibdir. Beyin dincəlməlidir ki, gündəlik minimal tapşırıqları yerinə yetirə bilsin. Valideynlər yuxunu tənzimləməlidirlər. Uşağa oynamağa imkan yaradılmalıdır. Bunu vurğulayaraq deyirəm. Uşaq oynamaq istəyir, onlar üçün müəllim, parta, qələm yeni şeylərdir. Onları oynamaqdan məhrum edərək, psixikasına təsir edirik. Gündüz saatlarında  yatmalarına, oynamalarına imkan vermək lazımdır. Dərslərini nə qədər qavraya bilirsə, o qədər oxusun və 9-dan sonra oyaq qalmasınlar. Müəyyən müddət lazımdır ki, rejimə öyrəşə bilsinlər. Oyaq qalma müddəti və yuxu harmonik olmalıdır.  Payızda da havanın tez-tez dəyişməsi, yuxulu olmaları, əsəb, immunitetin aşağı düşməsi digər xəstəliklərin yaranmasına şərait yaradır”.

Araşdırmalara görə isə yuxusuzluq aclıqdan daha dözülməzdir. İnsan orqanizmi yuxuya ən çox gecə yarısı- səhər 7.00 arası və günorta 14.00-16.00 arası ehtiyac duyur.