Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 12:15:00
“İşlədiyim məktəbdə  26 ildə II və III qruplar üzrə bircə nəfər də ali məktəbə qəbul olunmamışdı”- Ucqar kənd müəllimi

“İşə qəbul olan ildə məktəbdə onuncuların əksəriyyəti I qrupa hazırlaşırdılar. Bir müddətdən sonra şagirdlərdə tarix fənninə böyük maraq yarandığından mənə II, III ixtisas qrupu üzrə hazırlaşmaq istədiklərini bildirdilər. Qarşımda böyük məsuliyyət dayanmışdı. Çünki, müəllimlərdən şagirdlərin bu qruplara getməyinə qarşı çıxanlar vardı. Ona görə ki, indiyəcən məktəbdən qəbul olanlar I qrup üzrə hazırlaşanlar idi. Onlara II və III qrup üzrə qəbul yuxu kimi gəlirdi”.

Bu sözləri AzEdu.az – a açıqlaması zamanı  Qazax rayon, Birinci Şıxlı kənd tam orta məktəbinin müəllimi Araz Vəliyev deyib. Araz Vəliyev 3 il Kürdəmir rayon Mollakənd kənd tam orta məktəbinində işlədikdən sonra, bu il Qazax məktəbinə yerdəyişmə edib.

İlk işlədiyi məktəb haqda:  “Məzunların universitetə qəbulu haqda araşdırma apardıqda məlum oldu ki, 26 illik məktəb tarixində II və III qrup üzrə bir nəfər belə ali məktəbə qəbul olunmayıb”.

Birmərtəbəli, darısqal otaqlardan ibarət kənd məktəbi...

Müəllim qeyd edib ki, məktəb çox sadə olsa da, bu, onu  həvəsdən salmayıb:

“Mən Vəliyev Araz Fəxrəddin oğlu 1988-ci il Qazax rayon, Birinci Şıxlı kəndində anadan olmuşam. 2015-ci il Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanı üzrə yüksək bal toplayaraq yaşadığım rayondan 350 km uzaqda yerləşən Kürdəmir rayon Mollakənd kənd tam orta məktəbini seçdim. Məktəbin sadə  görkəmi vardı - bir mərtəbədən ibarət darısqal otaqlardan ibarət idi. Bu, məni həvəsdən salmadı. İlk dəfə idi ki, şagirdlərin qarşısına çıxacağım üçün çox həyəcanlı idim. Məktəbdə 5-ci sinifdən 11-ci sinfə kimi tarix fənnini tədris edən tək mən olduğumdan üzərimə böyük öhdəlik düşürdü. Məktəbin məzunlarının universitetə qəbulu haqda araşdırma apardıqda məlum oldu ki, 26 illik məktəbin tarixində II, III qrup üzrə bir nəfər belə ali məktəbə qəbul olmayıb. Məktəbin onuncularının əksəriyyəti I qrupa hazırlaşırdılar. Bir müddətdən sonra şagirdlərdə Tarix fənninə böyük maraq yarandığından mənə II, III qrupa getmək istədiklərini bildirdilər. Qarşımda böyük məsuliyyət dayanmışdı. Çünki, müəllimlərdən şagirdlərin bu qruplara getməyinə qarşı çıxanlar vardı. Ona görə ki, indiyəcən məktəbdən qəbul olanlar I qrup üzrə hazırlaşanlar idilər. Onlara II və III qrup üzrə qəbul yuxu kimi gəlirdi. Digər fənn müəllimləri ilə əl-ələ verib uşaqları hazırlaşdırdıq. Yeri gələndə şagirdlərin DİM-nin sınaq imtahanlarına girməyə imkanları olmadığı üçün mən həmin sınaqları əldə edib şagirdlərə işlətdim. Nəticədə keçən il şagirdlərdən ikisi Azərbaycan dili və ədəbiyyat müəllimliyinə, biri Tarix müəllimliyi, biri isə iqtisadiyyat yönümlü fakültələrə qəbul oldu. Mollakənd kənd tam orta məktəbində 3 il tarixdən dərs keçdim”.

Atasının vəfatından sonra onun yerinə keçən gənc müəllim...

A.Vəliyev 3 il işlədiyi Mollakənd kənd tam orta məktəbindən ayrılma səbəblərini aşıqlayıb:

“Bu ilin fevralında atamın vəfatından sonra (atam Birinci Şıxlı kənd tam orta məktəbində Tarix müəllimi işləyirdi) evin tək oğlu olduğum üçün, yaşlı anamı nəzərə alıb, iyunda yerdəyişməyə qatıldım.

Sağ olsun, Təhsil Nazirliyi mənim yüksək balımı və ən əsası sosial problemlərimi nəzərə alıb seçdiyim- Qazax rayon, Birinci Şıxlı kənd tam orta məktəbinə, atamın yerinə yerdəyişməyə qərar verdi.

Məktəbimiz, 2010-cu ildə tikilib, müasir məktəbdir. Məktəblə sentyabrın 15-də bilik günündə tanış oldum. Orada dərs keçən müəllimlərin çoxu öz müəllimlərim olub. Bu, məni qürurlandırdı ki, vaxtı ilə mənə dərs deyən müəllimlərlə indi çiyin-çiyinə dərs keçəcəyəm".

Bir məsələni xüsusilə qeyd etmək istəyirəm...

"Köhnə iş yerim olan Mollakənd kənd tam orta məktəbinin müəllim həmkarlarımı, şagirdlərimi tez bir zamanda unudub yeni kollektivə uyğunlaşmaq məndə yəqin ki, zaman alacaq. Burdan Mollakənd sakinlərinə mənə 3 ildə göstərdikləri hörmətə ,diqqətə görə öz təşəkkürümü bildirirəm".