Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 17:06:00
BDU bu ölkələrlə birgə məzunlara ikili diplom verir - SİYAHI

Bir çox tələbəni maraqlandıran mövzulardan biri ikili diplom məsələsidir. Ölkəmizdə hansı universitetlərdə ikili diplom programı mövcuddur?



Layihəmizin növbəti araşdırma yazısı Azərbaycanın aparıcı ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin ikili diplom proqramları haqqındadır.

 

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə müdiri Kəmalə Quliyeva AzEdu.az-a bu barədə məlumat verib.

 

O deyib ki, tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılması məsələsinə BDU-da xüsusi diqqət yetirilir. Dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.

 

Hazırda BDU-da 10 ikili diplom layihəsi proqramı fəaliyyət göstərir:

 

- Bakı Dövlət Univetrsiteti və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında “Dəniz və enerji hüququ” sahəsində magistratura proqramının təşkili ilə bağlı imzalanmış Müqaviləyə əsasən, 2020-ci ildən ingilis dilində birgə magistr hazırlığı həyata keçirilir. Bu proqram digər xarici ali təhsil müəssisələrinin də diqqətini çəkib.

 

- 2018-ci ildə Bakı Dövlət Universiteti və Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış Sazişə əsasən,  hüquq sahəsində birgə doktorant hazırlığı həyata keçirilir. Belə ki, Sazişlə hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə 3 nəfər doktorantın qəbulunun həyata keçirilməsi nəzərdə tutulub ki, bu da gələcəkdə elm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişafına təkan verəcək.

 

- Bakı Dövlət Universiteti və Fransanın Lumière Lyon 2 Universiteti arasında əqli mülkiyət hüququ sahəsində ikili magistr dərəcəsinin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsinə əsasən, 2021-ci ilin sentyabrından birgə magistr hazırılığı həyata keçirilir. Bu proqram ingilis və fransız dillərində tədris edilir və dərslərin əksər hissəsi Lyon 2 Universitetinin müəllimləri tərəfindən aparılır. Bu proqram tədrisi əsasən fransız dilində nəzərdə tutulan ilk fransız-Azərbaycan ikili diplom proqramıdır. Əvvəl mövcud olan ikili diplom proqramları ancaq ingilis dilində olub. Bunu nəzərə alaraq, proqram çərçivəsində planlaşdırılan fransız dili kurslarının və imtahanlarının keçirilməsinə görə məsuliyyət Azərbaycan Fransız İnstitutuna həvalə edilib.

 

- 2021-ci ildə Bakı Dövlət Universiteti və İsrailin Holon Texnologiya İnstitutu arasında imzalanmış Sazişə əsasən, kompüter elmləri sahəsində bakalavr hazırlığı həyata keçirilir. Bu ikili diplom layihəsinin əsas məqsədi kompüter elmlərinin müasir nailiyyətlərinə yiyələnməyi bacaran, İKT sahəsində dərin nəzəri biliklərə və praktiki bacarıqlara malik olan, elm, təhsil, sənaye və biznesin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

 

- Bakı Dövlət Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əasasən, Beynəlxalq münasibətlər və diplomotiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı tədris olunacaq. Sözügedən ikili diplom proqramının məqsədlərindən biri də siyasi və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəlliyətlərində praktik problemləri təsnif etmək və onları həll etmək bacarıqlarına malik, habelə, təhsil, elm və beynəlxalq münasibətlər sahəsi üçün yüksəkixtiasalı mütəxəssislərin hazırlanıb.

 

- 2021-ci ildə BDU və Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti (Lincoln University) arasında imzalanmış sazişə əsasən, BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi və Linkoln Universitetinin Biznes İnzibatçılığı üzrə magistratura (MBA) proqramı bazasında Biznesin Təşkili və İdarə Edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı həyata keçiriləcək. Bu proqramın əsas məqsədlərindən biri iqtisadi və idarəetmə elmləri üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsidir.

 

- BDU və Satbayev adına Qazax milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci il tarixli müqaviləyə əsasən, BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramı bazasında Neft Kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı tədris olunacaq. Bu proqram çəçivəsində neft kimyası və kimya mühəndisliyi elmləri üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur.

 

- BDU ilə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında 2021-ci il tarixli müqaviləyə əsasən, Beynəlxalq iqtisadi hüquq ixtisası üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı təşkil olunacaq. Bu proqram çəçivəsində hüquq elmi üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur.

- 2022-ci ildə Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti ilə “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat, Qazaxıstanın L.N. Qumilyov adına Avrasiya Milli Universiteti ilə “Tətbiqi biotexnologiya” ixtisaslaşması üzrə və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə “MBA” ixtisaslaşması üzrə magistratura səviyyələrində ikili diplom proqramları imzalanıb.

Bununla da BDU-da mövcud olan ikili diplom proqramlarının sayı 10-a çatıb.