Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 16:25:02
Bakıda tanınmış pedaqoqla görüş keçirilib  

Paytaxtdakı 276 nömrəli tam orta məktəbdə Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti, əməkdar müəllim Asif Cahangirovla görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

 

 Məktəbin direktoru Bəhram Şiriyev tədbir iştirakçılarını salamlayaraq belə bir mühüm görüşün keçirilməsinin təhsil ocağı üçün əlamətdar olduğunu söyləyib.

 

Məktəbin müəllimi Mədinə Malahova A.Cahangirovun “Təhsilimiz: dünəndən sabaha”  kitabına həsr olunmuş təqdimatla çıxış edib. 

 

BŞTİ müdiri M.Vəliyeva Azərbaycanda elmi-pedaqoji fikrin formalaşmasında A.Cahangirovun səmərəli fəaliyyətindən danışıb. Bildirib ki, öz həyatını təhsilə, pedaqogikaya həsr edən A.Cahangirov təhsil islahatlarında fəal iştirak edib, səmərəli təkliflər irəli sürüb. İdarə müdiri qlobal dünyanın çağırışlarına cavab verən müasir təhsil sisteminin qurulmasında, sağlam təfəkkürlü gənc nəslin yetişməsində təcrübəli təhsil işçilərinin, mütəxəssislərin rolunun vacibliyinə diqqət çəkib. Qeyd edib ki, A.Cahangirovun “Təhsilimiz: dünəndən sabaha” adlı kitabı gənc müəllimlərin faydalana biləcəyi ən dəyərli nümunədir.

 

Müasir təhsil modelinə dair təqdimatla çıxış edən A.Cahangirov dünya ölkələrinin təhsil təcrübələri, XXI əsr müəlliminin hazırlığı, idarəetmədə əsaslı şəkildə müasirləşmə, müəllim və valideynlər arasında sıx əməkdaşlığın təmin olunması, "Z" və "A" nəsilləri ilə doğru ünsiyyət qurmağın vacibliyindən danışıb. Robototexnika, süni intellekt dövründə yetişən nəsillərlə davranışın həssaslıq tələb etdiyini vurğulayan A.Cahangirov yeni nəsillərlə düzgün ünsiyyət formasının seçilməsinin zəruriliyini vurğulayıb.

 

Daha sonra A.Cahangirov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 

Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda seirlər səsləndirlib, mahnılar ifa olunub.