Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 07:34:00
Ali məktəblərdə dərslik problemi: Qərbi Kaspi Universitetindəki vəziyyət - ARAŞDIRMA

Orta məktəblərdə dərsliklərin hazırlanmasından tutmuş şagirdlərə çatdırılmasına qədər müxtəlif problemlərin mövcudluğu və onların aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan qurumların ictimaiyyət nümayəndələri ilə mütəmadi müzakirələr aparması barədə məlumatlarımız var.

 

Bəs ali məktəblərdə necə?.. Tələbələrin dərsliklərlə bağlı çətinlikləri varmı?

 

AzEdu.az bu sahədə mövcud olan problemlər və nailiyyətlərlə bağlı silsilə yazılarla çıxış edir.

 

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetindəki vəziyyətlə bağlı yazılarımızı artıq təqdim etmişik. Oxucularımızdan gələn reaksiyalar mövzunun həqiqətən maraqlı olmasını bir daha sübut edir və bizi bu işi davam etdirməyə ruhlandırır. Dərslik məsələsi ilə bağlı budəfəki tədqiqat obyektimiz respublikamızdakı ali məktəblər arasında özünəməxsus yer tutan Qərbi Kaspi Universitetidir.

 

Qərbi Kaspi Universitetində dərsliklərlə bağlı vəziyyət nə yerdədir? Tələbə və magistrantlar zəruri elmi və tədris ədəbiyyatını əldə edə bilirmi? İmtahanlara hazırlaşan zaman ən çox hansı materiallardan istifadə olunur - elektron, yoxsa klassik? Hansı yenilikləri digər universitetlərə nümunə göstərə bilərik?

 

Bu və ya digər sualları cavablandırmaq üçün Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədliyə müraciət etdik. Onun məsələyə dair cavabı belə olub:

 
"Birincisi, qeyd edim ki, Qərbi Kaspi Universiteti zəngin kitabxana fonduna malikdir. Belə ki, kitabxana fondunda 60.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri, ingilis dilində 16.000-dan çox ədəbiyyat mövcuddur.

Eyni zamanda, universitetdə BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılıb. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.

 

Tələbə və müəllimlər eyni zamanda 16-17 milyonluq kitab fonduna malik onlayn resurslardan istifadə edə bilirlər. Universitet bu resurslara abunə yazılıb. Təbii ki, eyni zamanda həmin kitabları yükləyərək çap edə bilirlər".


Bununla yanaşı, müsahibimiz Azərbaycan dilində dərsliklərin çatışmadığını etiraf edib:

 

Etiraf etməliyik ki, Azərbacyan dilində elmi ədəbiyyat olduqca azdır və xüsusilə müasir elmi yenilikləri izləmək, innovasiyalar, texnologiyalar sahəsində sürətli dəyişikliklərdən xəbər tutmaq üçün xarici dilləri bilmək olduqca vacibdir. Odur ki, tələbələrin minimum 2 xarici dili - ilk növbədə ingilis, daha sonra isə rus dilini akademik səviyyədə öyrənməsi Qərbi Kaspi Universitetinin prioritetləri sırasındadır. Bütün sahələrdə elmi ədəbiyyat çatışmazlığı var və odur ki, xarici resurslara çıxış və ondan istifadə etmək imkanı və bacarığı qaçılmazdır. Tələbələrin bu resurslardan, eləcə də universitetin kitabxanasından ardıcıl istifadəsi üçün iş aparılır, müxtəlif təşviqedici, məlumatlandırıcı, maarifləndirici addımlar atılır".

 

V.Məmmədli bildrib ki, Universitet müəllimləri özləri də dərslik və dərs vəsaitlərinin hazırlanmasında fəal iştirak edirlər.

"Universitetin nəşriyyatı müəllimlərimizin hazırladığı kitabların çapı üçün imkan yaradır, eyni zamanda universitetin nəzdindəki nəşriyyat elmi jurnalların çapını həyata keçirir. Bu yaxınlarda universitetin daha bir jurnalı fəaliyyətə başlayıb. "Reconstructing the Past: Journal of Historical Studies" (//jhs.wcu.edu.az/) (“Keçmişin bərpası: tarixi tədqiqatlar jurnalı”) Qərbi Kaspi Universiteti nəşriyyatı tərəfindən ingilis dilində ildə 4 dəfə nəşr olunan ikitərəfli anonim resenziya edilən jurnaldır. Jurnal tarixi tədqiqatların müxtəlif məsələlərinə həsr olunmuş orijinal elmi məqalələrin nəşrinə diqqət yetirir və bütün dünya üzrə müəlliflərin yazılarını qəbul edir və müəlliflər üçün nəşr haqqı yoxdur", - Universitet rəsmisi əlavə edib.

 

Hörmətli oxucular, bu yazımızda Qərbi Kaspi Universitetinin dərslik, dərs vəsaiti və elmi ədəbiyyatın nəşr olunması və tələbələrin bu materiallarla təchiz olunması ilə bağlı tədqiqat apardıq. Silsilə yazımız davam edəcək. Siz də universitetlərinizdə yaşadığınız dərslik problemini işıqlandırmağımızı istəyirsinizsə, bizə qoşulun.