Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 14:50:00
X, XI siniflərdə dərsə davamiyyət könüllü olmalıdır - Kamran Əsədov

Hazırda yüzlərlə abituriyent buraxılış və qəbul imtahanına hazırlaşır. Onlarrın bir hissəsi repetitor yanına gedir, bir hissəsi isə kurslarda məşğul olur. Ancaq həm də dərs müddəti olduğunu nəzərə alsaq, abituriyentlər ikiqat yüklənmiş olur. Buna görə də onların dərslərə davamiyyəti axsayır. Bir çox valideyn və abituriyent X, XI siniflərdə məktəb rəhbərliyinin davamiyyət məsələsində onlara güzəştə getməsini istəyir.  

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov abituriyentlərin vəziyyəti haqqında geniş təhlil apardığını deyərək, onların bu problemindən çıxış yolu göstərib.

 

“Əvvəlcə onu qeyd edim ki, Azərbaycanda təhsil icbaridir. Hər bir şagird mütləq şəkildə müəyyən edilmiş müddət ərzində dərs prosesində iştirak etməlidir. Amma etiraf edək ki, hazırda orta məktəblərimiz şagirdlərin ali məktəbə qəbul olmasına mane olur. Bu gün məktəbə gedən şagirdlə məktəbə getməyən şagirdin qəbul imtahanında göstərdiyi nəticə tamamilə fərqlidir. Yəni birmənalı şəkildə məktəbə getməyən şagirdin qəbul imtahanındakı göstəriciləri daha uğurludur.

 

Hesab edirəm ki, ali məktəblərə qəbula hazırlaşan abituriyentlər üçün qəbul proqramına yenidən baxılmalıdır. Bildiyiniz kimi, “Təhsil haqqında” qanuna dəyişiklik edilib. Orta ümumitəhsil məktəblərinin X və XI sinifləri təmayüllü siniflər olub. Yəni siz gələcəkdə seçdiyiniz ixtisas qrupuna daxil olan fənləri keçəcəksiniz”.

 

Ekspert problemin kökünü qəbul imtahanlarının çətin olması və əvvəlki siniflərin materiallarına əsaslanması ilə əlaqələndirib.

 

“Sadəcə problemin kökü ondadır ki, qəbul imtahanlarımız çox çətindir. Abituriyentlər XI sinifdə oxuyanda onların V, VI siniflərdəki bilikləri yoxlanılır. Yəni siz XI sinifdə məcbursunuz ki, aşağı sinifin materiallarını təkrarlamaq üçün repetitor yanına, kurslara gedəsiniz. Bu da şagirdlərin məktəbdən ayrılmasına səbəb olur. Çünki məktəbdəki müəllimlərin bir çoxunun fənn üzrə bilik və bacarıqları o qədər də yüksək deyil. Eyni zamanda, onlar qəbul proqramını keçmirlər.

 

Yaxşı olar ki, ali məktəblərə qəbul imtahanına yalnız X və XI sinfin materiallarından hazırlanmış suallar salınsın. Bu zaman artıq abituriyentlər materiallara hazırlaşmaqda əlavə müəllimə, kursa ehtiyac duymayacaqlar.

Qəbul olmaq üçün ən ciddi problem məhz hazırlıq səviyyəsidir. Biz bilirik ki, yaxşı müəllimlərin, repetitorların əksəriyyəti məktəbdə deyillər və ya az dərs saatları vardır.

Tam əminliklə deyirəm ki, şagirdlər IX sinifə qədər paytaxt Bakıda və ya iri şəhər və rayonlarda oxuyurlar. X və XI sinifdə isə onlar kütləvi şəkildə rayon və kənd məktəblərinə adlarını yazdırır və dərsə getmirlər. Təhsil sahəsində elə bir şərait yaranıb ki, onlar məcbur qalıb repetitor yanına gedirlər”.

 

Müsahibimiz məsələyə çıxış yolu olaraq qismən ödənişli təhsil sisteminə keçilməli olduğunu qeyd edir.

 

“Tövsiyə edirəm ki, IX sinifə kimi əvvəlki qaydalara əsasən təhsil davam etsin. X, XI siniflərdə isə qismən ödənişli təhsil sistemi tətbiq olunsun. Könüllülük sistemi əsasında kimlər məktəbə gəlmək istəmirsə, müəyyən ödəniş müqabilində iştirakdan imtina etsin. Gəlmək istəyənlər də normal şəkildə dərslərdə iştirak etsin. Qısası imtahana hazırlaşan abituriyentlərə sərbəstlik verilsin. X, XI siniflərdə dərsə davamiyyət könüllü olmalıdır”.