Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 15:20:00
İnformasiya texnologiyalarını mənimsəməyən insan savadsız hesab olunur!

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir neçə gün öncə bildirmişdi ki, "hazırda informasiya texnologiyalarını mənimsəməyən insan, savadsız hesab olunur".

DİM rəhbərinin bu fikir günümüzdə informasiya texnologiyalarını bilməyin nə qədər önəmli olduğunu bir daha göstərmiş olur.

 

Bəs hazırda məktəblərdə bu yöndə bilik və bacarıqlar hansı səviyədə aşılanır?

 

Mövzu ilə bağlı informatika müəllimi Elvin Səlimov AzEdu.az-a açıqlamasında hazırda informatika ilə bağlı müsbət işlərin görüldüyünü bildirib:

 

"İnformasiya-komunikasiya texnologiyaları bacarıq və vərdişləri sadəcə məktəbdə yox, insanın gündəlik həyat fəaliyyətində də ona aşılayır. Məsələnin praktiki tərəfi ondan ibarətdir ki, günümüzdə smartfonlar, ağıllı lövhə, saatlar istifadə etməyi bacarırırqsa, artıq rəqəmsal bacarıqlar bizdə formalaşır. Digər tərəfdən bunun elmi, nəzəri tərəfi məktəbdə öyrədilir.

 

Ötən illərə nisbətən, günümüzdə bu sahə üzrə vacib addımlar atılır. Əvvəllər informatika yönümlü ixtisaslardan riyaziyyata daha çox üstünlük verilirdisə, hazırda proqramlaşdırma, yaxud İT sahəsi üzrə dərslər daha yaxşı tədris olunur".

 

E.Səlimov, günümüzdə hər bir insanın informasiya texnologiyalarını bilməsinin vacibliyindən söz açıb:

 

"İnformasiya-komunikasiya bacarıqları kimdə yoxdursa, o savadsız hesab olunur. Bu ifadə təhqir mənasında deyil, hər bir faktoru öz adıyla çağırmaq deməkdir. Bu gün insan informasiya texnologiyalarını bilmirsə, o, operativ şəkildə hansısa məlumatın düzgünlüyünü yoxlaya bilməz. Bütün bunlar üçün insanın texnologiyadan anlayışı olmalıdır. Hazırda fake informasiya hər sahədə yayılmaqdadır. Biz onların düzgünlüyünü, etibarlılığını yoxlamaq üçün müəyyən biliklərə sahib olub, avtomatlaşdırma proseslərinin içində iştirak etməliyik. Son illərdə informatika sahəsində çox sayda addımlar atılıb. Biz bunu Dövlət İmtahan Mərkəzinin I qrup üzrə keçirdiyi sınaq imtahanlarında şagirdlərin yüksək nəticə göstərməsinin açıq şəkildə şahidi oluruq".

 

Müəllim bildirib ki, məktəblər daha çox praktiki yönə meyilli olmalıdır:

 

"Dərslərin informatika kabinetində keçirilməməsi ciddi boşluqlara səbəb ola bilər. Şagirdə yalnız nəzəriyə öyrətməklə dərsi yekunlaşdırmaq olmaz. Düzdür, nəzəri məlumatların olması vacibdir. Amma praktika da bir o qədər vacibdir. Şagird öyrəndiyi nəzəriyəni tətbiq edə bilmirsə, bu, formalaşan bilik hesab olunmur".