Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 22:37:44
Hərbi liseydə toplantı - VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və hərbi xidmətə cəlbediciliyin artırılması məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə toplantı keçirilib.

AzEdu.az xəbər verir ki, toplantıda Müdafiə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri, eləcə də orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri iştirak ediblər.

Toplantı iştirakçıları əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarətçilərə mərkəzin zəngin ekspozisiyası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ulu öndərin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu gün ordumuzun peşəkar zabit kadrlarının yetişməsində mühüm rol oynayır.

Sonra hərbi lisey şəhərciyində xalqımızın igid oğlu Cəmşid Naxçıvanskinin şərəfinə ucaldılan abidə qarşısına gül dəstələri düzülərək ehtiram nümayiş olunub.

Daha sonra Hərbi lisey ərazisində təşkil olunan silah, əşya və ərzaq təminatı növlərindən ibarət təlim nöqtələri ilə tanışlıq olub.

Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Ordusunun inkişafı, qüdrəti və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə müxtəlif mövzular haqqında çıxışlar edilib, maraq doğuran suallar cavablandırılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu ordu quruculuğu siyasətinin əhəmiyyəti, hərbi qulluqçular və onların ailələrinin sosial müdafiəsinin önəmi qeyd olunub. Məktəblilərin sosial şəbəkələrdəki fəaliyyəti, əxlaq və milli-mənəvi dəyərlərinin qorunması, habelə gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi dəyərlərin rolu haqqında çıxışlar dinlənilib.

Qeyd edilib ki, son zamanlar xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən gənclərin sayı daha da artıb. Gənc nəslin hərbi peşəyə maraq göstərməsinin onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin müsbət nəticəsi olduğu diqqətə çatdırılıb.

Sonda xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları barədə hazırlanmış videoçarx nümayiş etdirilib.