Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 17:39:00
Azərbaycanda diplomat hazırlayan ilk fakültə

Azərbaycan Demokratik Cumhuriyyətinin yaranması ( 1918-1920 ) və fəaliyyəti xalqımızın yaddaşına əbədi iz saldı. Gənc dövlətin atdığı mütərəqqi addımlardan biri də Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Fəaliyyətinin bütün illərində elm və təhsil sahəsində flaqman sayılan BDU yüksəkixtisaslı kadr hazırlığının və ayrı-ayrı sahələr üzrə elmi araşdırmaların mərkəzinə çevrilmişdir.

Daim axtarışlarla yaşayan BDU və onun çoxsaylı professor-müəllim heyəti bu gün də təhsilin və tədrisin ön sıralarındadır. İftixar hissi ilə qeyd olunmalıdır ki, BDU dünyanın ən nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, qloballaşan dünyada baş verən proseslərin, elmi kəşflərin Azərbaycan reallığı ilə ahəmgini yaradır.  Bu mənada məhz BDU-da  müstəqilliyimizin ilk illərində “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsinin yaranması qanunauyğunluq kimi dəyərləndirilməlidir.

1990-91-ci tədris ili Bakı Dövlət Universitetində yeni bir fakültənin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsinin fəaliyyətə başlaması ilə yadda qalıb. Böyük Elmi Şuranın bu cəsarətli addımı zaman axarında öz təsdiqini tapdı.

O vaxtlar Azərbaycan kimi yenicə müstəqillik əldə etmiş ölkələrdə beynəlxalq münasibətlər, xüsusilə beynəlxalq hüquq elmi haqqında təsəvvürlər çox aşağı idi. Bu sahədə ciddi boşluqlar müşahidə olunurdu. Bu boşluğun qısa vaxt ərzində aradan qaldırılması əsl fədakarlıq tələb edirdi. Mövcud şəraitdə işin ağırlığı yenicə formalaşan fakültə kollektivi üzərinə düşdü.

Ulu öndər Heydər Əliyevin bir vaxtlar böyük uzaqgörənliklə respublikamızdan kənarda təhsil almağa göndərdiyi  kadrlar yeni fakültənin işinə qoşuldu və qısa zaman kəsiyində Bakı Dövlət Universitetində yüksək tələblərə cavab verən beynəlxalq münasibətlər və beynəlxalq hüquq məktəbi formalaşdı.

Gənc fakültəyə 1991-1992-ci illərdə ilk rəhbərlik professor Mahmud İsmayıl oğlu Quliyevə həvalə olundu. Daha sonra fakültəyə beynəlxalq hüquq ixtisası üzrə respublikamızda ilk elmlər namizədlərindən biri, Kiyev Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin məzunu, dosent Sədiyar Zeynalov (1992- 2006 ) rəhbərlik edib. 2006-cı ildə estafet  fakültənin müəllimi, uzun müddət fakültədə tədris işləri üzrə dekan müavini işləmiş tarix elmləri doktoru Zeynal Həsənalıyevə ötürüldü.

30 il ərzində fakültə böyük bi yol keçib. Hazırdad respublikamızda və ondan kənarda fəaliyyət göstərən beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin demək olar ki, hamısı bu fakültəni bitirmiş Azərbaycan vətəndaşlarıdır. 30 il ərzində təkcə bir kafedra və cəmi 3 müəllimlə fəaliyyətə başlayan fakültədə hazırda 7 kafedra fəaliyyət göstərir: Beynəlxalq münasibətlər, Diplomatiya və inteqrasiya prosesləri, Dünya iqtisadiyyatı, İqtisadiyyat, Maliyyə və menecment, Riyazi iqtisadiyyat, Politologiya və sosiologiya kafedraları. İqtisadiyyatla bağlı ixtisasların da bu fakültəyə verilməsi ilə əlaqədar olaraq  2011-ci ildən fakültə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən “Beynəlxalq münasibətlər və İqtisadiyyat” fakültəsi adlandırılmağa başladı.

Eyni zamanda beynəlxalq hüquq ixtisasının ondan ayrılıb Hüquq fakültəsi ilə birləşdirilməsi, beynəlxalq münasibətlər və iqtisadiyyat sahəsində fəaliyyətin genişləndirilməsi üçün də yeni imkanlar yaratdı. Bu gün orada beynəlxalq münasibətlər, beynəlxalq iqtisadi münasibətlər, politologiya ixtisasları da daxil 9 ixtisas üzrə mütəxəssis hazırlanır. Fakültənin ümumi tələbə və magistrantlarının sayı 4 minə yaxındır.

Beynəlxalq münasibətlər ixtisası respublkamızda bu sahədə açılan ilk ixtisasdır. Beynəlxalq münasibətlər ixtisası üzrə bitirən  məzunlarımıza hazırda dünyanın bütün ölkələrində rast gəlmək mümkündür. Onlar beynəlxalq münasibətlərin bütün sahələri üzrə Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərində və müxtəlif beynəlxalq təşkilatlarda  çalışırlar. Fakültənin məzunları arasında  20-yə yaxın səfir respublikamızı xarici ölkələrdə təmsil edirlər.

Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Təhsil aldıqları müddətdə tələbələr ən azı 3 xarici dildə danışıqlar aparmaq vərdişi və təcrübəsinə sahib olurlar. Avropa dilləri ilə yanaşı ərəb, fars, ivri dilləri də fakültədə tədris olunan xarici dillər arasındadır. Fakültənin bakalavr pilləsini bitirən məzunlar hazırda dünyanın 50 –dən artıq ölkəsində mövcud olan tanınmış universitetrlərdə öz təhsillərini müxtəlif pillələr üzrə davam etdirirlər.

Artıq bir ildir ki, fakültəyə rəhbərlik edən  Laçın Abışlı Bakı Dövlət Universitetində ən gənc dekandır. Laçın müəllim xarici ölkə universitetləri ilə ikitərəfli elmi-mübadilə münasibətlərinin qurulmasına ciddi diqqət yetirir. Elə buna görədir ki, hazırda Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin əməkdaşlıq etdiyi ölkələr arasında Amerika Birləşmiş Ştatları, Almaniya Federativ  Respublikası və İsveçrədəki universitetlərlə əlaqələri getdikcə genişlənir. Universitet rəhbərliyi xarici ölkə universitetləri ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində fakültəyə həmişə dəstək verir və bu işi təşviq edir.

Anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev Bakı Dövlət Universitetini “Azərbaycan Xalqının Milli Sərvəti” adlandırarkən necə də uzaqgörən olduğunu  Universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin simasında bir daha şahidi oluruq.