Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 15:02:00
Buraxılış və qəbul imtahanlarından neçə bal toplayanlar ixtisas seçə bilər...

Buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilərlər.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, blok imtahanından 50+ və ümumilikdə 150+ bal toplayanlar 150 ballıq ixtisasları seçə bilərlər. Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Blokdan 50 balı keçməyənlər isə müsabiqəyə buraxılmır.

 

Abituriyentlər müsabiqə şərtlərini ödədikləri halda, eyni vaxtda 2 ixtisas qrupu (I, II, III, IV ixtisas qruplarının hər hansı biri və V ixtisas qrupu) üzrə müsabiqədə iştirak edə bilərlər. Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. 

 

11 illik bazada kolleclərin ixtisas seçimində isə vəziyyət bir qədər fərqlidir.

Qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).


Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabi­qəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.