Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 22:17:00
Akademik Asəf Hacıyev Çində elmi ezamiyyətdə olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev Çinin Siçuan Universitetinin dəvəti ilə bu ölkədə elmi ezamiyyətdə olub. AzEdu.az xəbər verir ki, 11-15 sentyabr tarixlərində gerçəkləşdirilən səfər zamanı Asəf Hacıyev Siçuan Universitetində “Stoxastik maliyyə riyaziyyatının əsasları” mövzusunda məruzə ilə çıxış edib.

 

Alim üzvü olduğu Siçuan Universitetinin Birinci Beynəlxalq Məsləhətçilər Şurasının üçüncü plenar iclasında da iştirak edib. Akademik A.Hacıyev iclasda Azərbaycanda müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlar, qarşıda duran vəzifələr, eyni zamanda son illər AMEA-da həyata keçirilən çoxşaxəli islahatlardan danışıb.

 

Qeyd edək ki, Siçuan Universitetinin Birinci Beynəlxalq Məsləhətçilər Şurası 2016-cı ildə yaradılıb. Şuranın tərkibinə dünyanın 40-a yaxın aparıcı elm xadimi, o cümlədən 3 Nobel mükafatçısı, tanınmış elmi mərkəzlərin alimləri daxildir. Şuranın məqsədi tədbirlər planı hazırlayıb, Çinin Siçuan Universitetini dünyanın aparıcı ali təhsil qurumlarının sırasına daxil etməkdir.

 

Azərbaycanlı alim səfər çərçivəsində, həmçinin Nobel mükafatı laureatı S.Chao Chung Tinglə də görüşüb. Görüşdə Azərbaycanın elmi müəssisələrində aparılan araşdırmaların yeni innovativ yolları, elm sahəsində müasir texnoloji yeniliklərin tətbiqi və digər məsələlər müzakirə edilib.