Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 20:43:00
Fizika İnstitutu Misir Universiteti ilə əməkdaşlıq edəcək

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi AMEA-nın Fizika İnstitutunda olub. AzEdu.az xəbər verir ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Nazim Məmmədovla görüşdə qonağa müəssisənin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Sonra Ə.Sami çıxış edərək Fizika İnstitutunun ölkəmizdə fizika sahəsinda ən aparıcı elmi müəssisə olduğunu söyləyib. Bildirib ki, görüşdə məqsəd AMEA Fizika İnstitutu ilə Misirin Nağda Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdır. O, gələcəkdə institutun alimlərinin Nağda Universitetində mühazirələrini təşkil etmək, kadr mübadiləsi və müştərək tədqiqatlar aparmaq təklifini irəli sürüb.

Akademik N.Məmmədov isə öz növbəsində əməkdaşlığın mümkünlüyünü bildirib və bunun hər iki tərəf üçün əhəmiyyətli olacağını vurğulayıb.

Müəssisənin innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov Fizika İnstitutunun hazırda da Misirin elmi müəssisələri ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib.

 Sonda qonaq Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olub.

Qeyd edək ki, görüşdə institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini Ayaz Bayramov, Bionanostrukturlar fizikası laboratoriyasının müdiri Sevda Abdullayeva və Xarici əlaqələr şöbəsinin müdiri Elçin Cəfərov da iştirak edib.