Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 13:20:00
Məktəbdə pul yığmaq fikrinə düşən yüz bəhanə tapa bilər... - Ekspert

“Pul yığımını bilavasitə bayramlarla əlaqələndirmək heç də xoşagələn hal sayıla bilməz.

Mən dəfələrlə bu məsələyə münasibət bildirmişəm və yenə də öz mövqeyimdə qalıram. Çünki elə bir il olmur ki, 8 mart ərəfəsində məktəblərdə müəllimlərə hədiyyə verilməsi və ya hədiyyə almaq üçün pul yığılması gündəmə gətirilməsin, məsələyə münasibətdə tərəfdarlar və əleyhdarlar arasında fikirlər haçalanmasın. Halbuki, hədiyyə vermək və hədiyyə almaq üçün pul yığmaq tamamilə fərqli anlayışlardır. Bir də ki, alınsa və yığılsa belə ictimaiyyətdə elə ümimi bir rəy yaranır ki, guya, bu kimi hallara digər sahələrdə, başqa peşə sahibləri tərəfindən deyil, yalnız məktəblərdə, müəllimlər tərəfindən yol verilir”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrafilov söyləyib.

 
"İstəsək də, istəməsək də bir məqamı da nəzərə almaq zorundayıq ki, əsası Klara Setkin və  Roza Lüksemburq tərəfindən qoyulan və 1977-ci ildən BMT-nin Ümumi Qurultayında 8 martın qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildiyi gündən həmin tarix dünyanın əksər ölkələrində qadın hüquqlarının genişləndirilməsinin və qadının daha azad olması, onlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümü günü kimi qeyd edilir. 8 Mart Sovet İttifaqından qalma bayram sayılsa da, bu ənənə artıq  qanımıza-genimizə keçib", - N.İsrafilov deyib.

 

O xatırladıb ki, uzun illərdir hər kəs anasını, bacısını, qızını, həyat yoldaşını təbrik etmək üçün bu günü səbirsizlilə gözləyir.

"Qadın anadır, bacıdır, qardaşa arxadır. Qadın haqqında nələr deyilməyib, nələr yazılmayıb... “Qadın istəyəni Tanrı da istəyir”, “Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər” və s. Nə olacaq ki, ildə bir dəfə qadın müəllimə müəllim kimi yox, qadın kimi baxsaq... Əskiyimiz gələcək, yoxsa məktəblərdə təlim-tərbiyə işi orbitindən çıxacaq? Necə olur ki, sevdiklərini, hətta sevgililərini belə müxtəlif qiymətli hədiyyələrlə təbrik etmək olur, ömrünü öz sağlamlığı hesabına övladlarımızın təlim-tərbiyəsi yolunda xərcləyən müəllimə adi bir gül dəstəsi qısqanclıqla qarşılanır?

 

Problemə çevirdiyimiz məsələnin maraqlı tərəfi odur ki, görəsən bizdən başqa digər ölkələdə də bu bayram qısqanclıqla qarşılanır, onun ətrafında bu qədər müzakirələr aparılır, mübahisələr edilir? Araya salıb, heç olmasa qonşu Rusiyanın sosial şəbəkələrini araşdırın, 8 martla bağlı qadın müəllimlərin ünvanına səmimi təbrik və xoş arzulardan başqa bir şeyə rast gəlməyəcəksiz. Ərəb, fars, italyan, fransız, yapon və digər dilləri bilənlər internetin imkanlarından yararlanıb bir göz gəzdirsinlər, bəlkə başqa ölkələrdə də bizdəkinə bənzər bir şey var... Şəxsən mənə rast gəlməyib.

 

Roza Lüksemburq və Klara Setkin qadın azadlığı və hüquqları uğrunda özlərini fəda edəndə onların nə ağlına gələrdi ki, Azərbaycanda hansısa məktəbdə 8 Mart Qadınlar Gününə 50 manatdan pul yığılması təklifi "votsap qrupu"nda valideynlərlə müzakirəyə çıxarılacaq, səs yazısı kimlərsə tərəfindən sosial şəbəkələrdə paylaşılacaq və bu ətrafda tərəfdarlarla əleyhdarlar arasında qızğın dedi-qodular başlanacaq, müəllim nüfuzu aşağılanaraq, alçaldılaraq.

 

Gəlin, heç olmasa ildə bir dəfə 8 martda qadın müəllimə qadın kimi baxaq. Bəlkə də, həmin gün diqqətə və qayğıya, onu sevən və qiymətləndirən şagird və valdeynlərinin ona sayğı və ehtiram göstərməsinə ehtiyacı olan elə qadın müəllimdir. Niyə bir günlük də olsa, onu bu sevincdən və məmnunluq hissindən məhrum etməliyik? İstənilən məqsədlə məcburi pul yığlması birmənalı şəkildə yolverilməzdir.  Lakin hardasa, kimlər tərəfindənsə bu kimi halların ictimailəşdirilməsi və tirajlanması nəinki məktəb üçün, müqəddəs və şərəfli peşə sahibi hesab etdiyimiz müəllim üçün, heç bütövlükdə cəmiyyət üçün də başucalığı deyil".