Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 12:12:00
İmtahandan kənarlaşdırılan şagirdlərə 2-ci şans verilə bilər?

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dünən keçirilən buraxılış imtahanı zamanı, 6 şagirddə mobil telefon aşkarlandığı üçün onlar imtahandan xaric edilib.

 

Bəs binanın girişində məsul şəxslər oluğu halda şagird telefonu imtahan otağına kimi necə keçirməyi bacarır?

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında məsələyə belə aydınlığ gətirib:

 

"Məlumat verildiyi kimi, martın 5-də keçirilən buraxılış imtahanında 6 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Həmin şagirdlərin imtahan nəticələri ləğv olunub və onlar qəbul imtahanlarının ikinci mərhələsinə də buraxılmayacaq. Bu qəbul qaydalarında da əks olunub.

 

Nəzərə almaq lazımdır ki, buraxılış imtahanları iştirakçı sayına görə ən kütləvi imtahanlar hesab olunur və burada bilik və hazırlıq səviyyəsindən asılı olmayaraq bütün şagirdlər iştirak edirlər. Təkcə dünən keçirilən imtahanda 50 mindən artıq şagird iştirak edib. Martın 12-də bir o qədər şagird imtahana qatılacaq.

 

İmtahanlar bütün ölkə boyu – şəhər və rayonlarda, hətta ən ucqar kəndlərdə belə təşkil olunur. Göründüyü kimi, prosesin miqyası olduqca böyükdür və burada müəyyən sayda qayda pozuntularına yol verilməsi halları da müşahidə olunur. Bəzən imtahan iştirakçıları qadağan olunmuş elektron vasitələri bədənlərinin müxtəlif yerlərində gizlədirlər və binanın girişində yoxlama zamanı onları aşkar etmək mümkün olmur. Kimsə telefon və ya hansısa bir elektron cihazı binaya keçirməyə nail olsa da, imtahan nəzarətçiləri onlardan istifadə hallarının qarşısını alırlar.

 

Çox təəssüf ki, bu hallar təsadüfi xarakter daşımır və əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir. Bəzən müəyyən şəxslər tərəfindən imtahan iştirakçıları bu cür qayda pozuntularına təhrik edilir.

 

Hazırda qayda pozuntuları ilə bağlı araşdırma aparılır. Bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə və 12 mart, eləcə də digər tarixlərdə keçiriləcək imtahanlarda iştirak edəcək şəxsləri diqqətli və məsuliyyətli olmağa çağırırıq".

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov öz fikirlərini bildirib:

 

"Dövlət İmtahan Mərkəzinin qayda pozan abituriyentlərlə bağlı mövqeyi çox sərt olur. Onlar qəbul imtahanına buraxılmayacaqlar. Düşünürəm ki, bu onların təhsil almaq hüququna mənfi təsir göstərir. Bəli, həmin şəxslər yanlışlığa yol verib. Onlar nəticə əldə etmək üçün bu addıma əl atıblar. Məsələ budur ki, onlar bu resurslardan istifadə edə biliblərmi? Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi onlara ikinci şans verməlidir. Onları təkrar imtahana cəlb edib, həqiqi nəticələrini müəyyən etməlidirlər. İmtahan nəzarətçilərinin biri də köçürməyə şərait yaratdığı üçün prosesdən kənarlaşdırılıb.

 

Hər il Dövlət İmtahan Mərkəzinin müxtəlif imtahanlarında iştirak edirəm. Uşaqların cibinə, ayaqqabısına qədər obyektik olaraq yoxlanılır. Bəs necə olur ki, şagird telefonu imtahan otağına kimi keçirə bilir? Bununla bağlı bizim bir neçə versiyamız var. Biz öz mərkəzimizdə məsələni müzakirə etdik. Bir ehtimal budur ki, onlar bir neçə gün öncə həmin məktəbə gedib, orada telefonu gizlədiblər. Çünki, imtahana buraxılış vərəqəsi bir neçə gün öncədən təqdim olunur və şagird hansı məktəbdə, hansı otağda imtahan verəcəyini əvvəlcədən bilir. Məktəbin sanitar qovşağında, koridorda, yaxud hansısa bir yerdə onu gizlədib, imtahan binasına daxil olandan sonra həmin vasitəni oradan götürür. Bu etimal üzərində daha çox dayanıram. Buna baxmayaraq, düşünürəm ki, insan taleyi ilə bağlı bu qədər sərt qərar vermək olmaz. Bilirəm ki, şərait yaradılsa, onlar daha böyük qayda pozuntusu edə bilərdilər.

 

Bu Dövlət İmtahan Mərkəzinin uğurudur ki, belə halları müəyyən edib və qarşısını alıb. Amma yenə də müəyyən qədər humanitar davranmaq lazımdır. Humanizm təhsil sisteminin əsas prinsipidir. Fikrimcə, şagirdlərə növbəti şans verilməlidir".