Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 17:23:00
Tələbə-könüllülər yeni bilik və bacarıqlar qazanıblar  

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən tələbələr üçün Şamaxı şəhərində “Bir” Könüllülük Akademiyası çərçivəsində tədbir keçirilib.

Nazirlikdən AzEdu.az-a bildiriblər ki, Bakı, Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Lənkəran və Masallı şəhərlərində fəaliyyət göstərən 21 ali və 16 orta ixtisas təhsili müəssisəsindən seçilmiş 40 tələbə-könüllü tədbirdə iştirak edib, yeni bilik və bacarıqlar qazanıb.

Tələbə-könüllülər “Birinci addım” adlı təlimdə və “Code Tusi” məntiqi-intellektual komanda oyununda iştirak ediblər. Bundan əlavə, gənclərlə görüşdə “Kapital Bank”ın nümayəndəsi təcrübəsini onlarla bölüşüb.

Sonda “Code Tusi” məntiqi-intellektual komanda oyununun qalibləri mükafatlandırılıblar.

“Bir” Könüllülük Akademiyası çərçivəsində tələbə-könüllülər üçün mütəmadi olaraq təlimlər, ustad dərsləri, görüşlər və intellektual oyunlar keçirilir.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli layihədir. Proqram tələbələrin karyera imkanları qazanmalarında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisəsini əhatə edən proqram 17 mindən nəfərdən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 200-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.