Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 13:58:00
"Qəbul imtahanında abituriyentlərə əlavə şans verilir" - AÇIQLAMA

Keçmiş sovetlər dövründə ölkəmizdə təhsil sistemi fərqli idi, hazırda bir çox ölkə hələ də o sistemdən istifadə edir. Abituriyentlər öncə ixtisasını seçib sonra imtahan verirdi, amma indi imtahan prosesi qrup üzrə gedir. Əgər bir abituriyent müəllim olmaq istəyirsə, üçüncü qrup üzrə imtahan verməlidir, lakin sözügedən qrupda hüquq, polis, jurnalist, kitabxanaçı, filologiya və s. kimi başqa ixtisaslar da var. Müəllim olmaq istəyən şagird, əlbəttə, ixtisas seçimi edərkən həmin ixtisası qeyd edir, amma bir çox abituriyent sırf universitetə qəbul olunsun deyə əlavə ixtisasları da seçir. Nəticədə istədiyi ixtisasa balı çatmayan abituriyent istəmədiyi başqa bir ixtisasa “düşür”. Buna görə də minlərlə ixtisasını sevməyən tələbə və peşəsini bilməyən kadrlar yetişir. Bəs bunun qarşısını almaq üçün imtahan sistemində dəyişiklik edilməlidirmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimov bildirib ki, bugünkü imtahan sisteminin dəyişdirilməsinə ehtiyac yoxdur:

 

“Çox maraqlı bir məsələyə toxunursunuz. Həqiqətən Sovet dövrü sistemində orta məktəbi bitirən məzunlar istədiyi ixtisası seçməkdə daha ciddi idilər. Yəni orta məktəbi bitirən və arzuladığı ixtisasda oxumaq üçün hazırlaşan abituriyentlər birmənalı olaraq elə həmin ixtisasa da qəbul olunurdular. Onlara digər ixtisasları seçmək üçün əlavə şans verilmirdi. Onlar ya istədiyi və özlərini gördüyü ixtisasa qəbul olunur, ya da imtahandan kəsilərək növbəti illərin imtahanına hazırlaşmağa başlayırdılar. Yəni o zaman ali təhsil almaq istəyənlərin 99.9 faizi seçdikləri ixtisas üzrə təhsil alırdılar.

İndi isə vəziyyət bir qədər fərqlidir. Abituriyent oxumaq istədiyi ixtisasla yanaşı, arzulamadığı ixtisasa da qəbul oluna bilir. Amma bu heç də təhsil və qəbul imtahanı sistemi ilə bağlı məsələ deyil. Yəni abituriyentin sevmədiyi ixtisasa düşməməsi qəbul imtahanının yeni formada keçirilməsindən asılı deyil. Bu, çox zaman yenə də tələbənin öz istəyinə bağlı məsələdir. Abituriyent əgər yalnız bir ixtisasda oxumaq istəyirsə, ali məktəb seçərkən elə bir ixtisası da yazmaqla istədiyinə nail ola bilər. Digər halda isə topladığı bal yetərli olmadığı üçün heç bir ali məktəbə qəbul olunmayacaq və növbəti il yenidən daha ciddi hazırlaşıb istədiyi ixtisasa qəbul olunacaq. Yəni yeni imtahan sistemi abituriyentlərin istədiyi ixtisası seçməsinin qarşısını almamaqla yanaşı, onlar üçün əlavə imkanlar da yaradıb. Bu imkanlardan istifadə edib-etməmək isə hər bir şəxsin öz istəyinə bağlıdır. Buna görə bütün dövrlər üçün ən mütərəqqi qəbul imtahanı forması olan bugünkü imtahan sistemini dəyişməyə zərurət yoxdur”.