Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 11:49:00
“Hədəfim xaricdə təhsil almaq idi” - 3 universitetə qəbul olunan TƏLƏBƏ

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fəxrəddin Eminli ABŞ-nin 3 universitetinə tam təqaüdlə birbaşa doktorantura səviyyəsinə qəbul olub.

 

Onun Ohayo Universiteti, Tuleyn Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində kimya və biomolekulyar mühəndislik ixtisasında tam təqaüdlü doktorantura təhsili üçün müraciətinə müsbət cavab verilib.

 

Fəxrəddin artıq seçim edib. O, təhsilini Urbana-Şampeyn İllinoys Universitetində (University of İllinois Urbana-Champaign) davam etdirmək niyyətindədir.

 

AzEdu.az saytı BANM-ın istedadlı tələbəsi Fəxrəddin Eminlidən müsahibə alıb.

 

 O bu uğuru qazanmağının əsas sirləri, niyə xaricdə təhsil almaq istədiyi və gələcək fəaliyyəti barədə danışıb: 

 

- ABŞ-nin 3 universitetinə birbaşa qəbul olunmaq asan məsələ deyil. Bu uğuru əldə etmək üçün əsas prinsipləriniz nə idi?

- Mən illərdir çalışırdım ki, təhsilimi xaricdə davam etdirim. Planlarımı da bu istiqamətində qurmuşdum və bakalavr həyatımda da başlıca məqsədim bu olmuşdu. 5 illik universitet həyatımda hər imtahana girəndə nəyə görə çalışdığımı xatırlayıb, özümə buna motivasya edirdim. 

Bakı Ali Neft Məktəbindəki ab-hava da bu istiqamətdə mənə çox kömək olub. İstər tələbə yoldaşlarımın, istər də müəllimlərimin çətinlik çəkəndə göstərdiyi yardım sayəsində heç vaxt həvəsim sönməyib. Universitetin elmi araşdırma üçün yaratdığı imkan və motivasiya da xaricdə qəbul olunmağımda əsas faktorlardan idi. Çünki doktorantura səviyyəsinə qəbul üçün əsas tələblərdən biri elmi-araşdırma arxa planıdır. 4 il boyunca bu istiqamətdə səy göstərməyə və bu yaxınlarda xarici jurnalda çap olunmuş elmi iş ərsəyə gətirməmdə əlimdə olan imkanların rolu böyük idi. Amerkanın tələb etdiyi standardized testlər: GRE və IELTS imtahanları da mənim üçün nisbətən asan sayılardı, çünki 5 ildir aldığım ingilis sistemli təhsil sayəsində yetəri qədər güclü baza toplamağı bacarmışdım.

 

- 3 universitet arasında seçim etmək çətin oldumu, hansı üstünlüklərə görə Urbana-Şampeyn İllinoys Universitetini seçmisiz?


- Universitet seçimlərində Urbana-Şampeynə üstünlük verməym istədiyim ixtisasın reytinqi və tədqiqat sahələrinə olan marağımla bağlıdır. Həm də bu universitet Amerkada tarixinə və nailiyyətlərinə görə çox prestijlidir. Müraciət edərkən digər universitetlər arasında ən çox istədiyim idi və ora qəbul onunacağımı gözləmirdim.

 

- Niyə görə təhsizilinizi Amerikada davam etmək istədiniz?

- Amerikanı seçməyimdə səbəb ixtisas amili ilə bağlı oldu. Çünki istədiyim sahə olan biotexnologiya və genetika sahələri Avropada müəyyən qədər inkişafda geridədi, eyni zamanda da aldığım kimya mühəndisliyi təhsili Avropada biotexnologiya ilə davam etməyim üçün kredit baxımından yetərli deyildi. Digər tərəfdən, elmi tədqiqata Amerikada tələbələr üçün yaradılmış şəraitin əlverişli olması seçimimdə mühüm rol oynadı. Nəticədə Avropa və ya digər regionlara müraciət etməməyi seçdim.

 

- Təhsilinizi bitirdikdən sonra vətənə qayıdacaqsız ya bundan sonra orada qalmağı planlaşdırırsız?

- Təhsilimi bitirdikdən sonra həyatımı harada davam edəcəyimə əmin olduğumu deyə bilmərəm, amma əsas məqsədim marağında olduğum ixtisasın arxasınca getməkdir və harada buna daha çox imkan görsəm, o istiqamətdə irəliləyəcəm. Heyif ki, hazırda ölkəmizdə biotexnologiya sahəsindəki imkanlar çox limitlidir, amma əlbəttə şərait uyğun olacaqsa, qayıtmağı çox istərdim.

 

Gələcək karyeranız üçün nə düşünürsüz, ixtisasınızla bağlı hədəfləriniz nələrdir?

- Karyeramı akademik yöndə davam etməyə maraqlıyam və həmişə həvəsim daha çox elmi və araşdırma yönlərində olub. Hazırda sürətlə inkişaf etməkdə olan genetik mühəndislik/sintetik biologiya sahələrində çalışmaq arzum olub. Təhsilimi də bu istiqamətdə bitirməyi və akademik karyera qurmağı düşünürəm.