Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 12:53:08
Azərbaycan təhsili üçün fədəkarlıq edən müəllim

Azərbaycan təhsilində yeni mərhələ: Öyrədənlər ilə öyrənənlərin kəmiyyət və keyfiyyət artımı

Azərbaycanda hər zaman təhsilə böyük diqqət yetirilir. Təhsilin inkişafı insan kapitalının inkişafı ilə düz mütənasibdir.  Mükəmməl təhsil  həm də güclü və mütərəqqi ölkə deməkdir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev vurğulamışdır: “Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir”. Uzun illərdir təhsil sahəsində aparılan islahatlar bəhrəsini verir, təhsilin keyfiyyəti gündən-günə artır.

Təhsil sahəsində aparılan  islahatların müsbət nəticələri ilə bağlı mətbuata açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə bildirib ki, hər bir xalqın, ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür: “Ölkəmizdə təhsilin müasir dünya standartları səviyyəsinə qaldırılması məqsədi ilə aparılan islahatlar uğurla davam etdirilir, təhsilin inkişafı və xalqımızın gələcəyi üçün sağlam vətəndaşların yetişdirilməsi ümummilli məsələyə çevrilib. Bu, ilk növbədə dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu ali məqsədin reallaşmasında yaxından iştirak etməliyik. Çünki xalqımızın gələcəyi və sivilizasiyalı dünyaya inteqrasiyasının yeganə yolu məhz təhsilin inkişafından keçir. Sevindirici haldır ki, Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində, xüsusilə də Azərbaycanın parlaq gələcəyinə hesablanan elm və təhsil sahəsində mütərəqqi islahatların aparılmasına böyük önəm verilir. Dahi rəhbər Heydər Əliyevin vurğuladığı kimi, təhsil hər bir xalqın gələcəyidir. İnkişaf etmiş dövlətin qurulması üçün birinci amilin yüksək təhsil səviyyəsi olmasını hesab edən  Prezident İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu Öndərin təhsil siyasəti hazırda uğurla davam etdirilir. Təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi ölkədə təhsillə bağlı nəticələrə də müsbət təsir göstərib. Təhsil sistemində aparılan islahatlar artıq öz nəticələrini verməkdədir. Azərbaycan təhsili güclü maddi-texniki bazaya, kadr potensialına malikdir. Bu sahələrdə əldə olunmuş nailiyyətlər dünyanın sivil ölkələri ilə müqayisə olunmağa layiqdir”.

 Milli Məclisin deputatı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 21 maddəsinə 60-dan çox dəyişiklik edildiyini və 2 yeni maddənin  əlavə olunduğunu qeyd edərək, dəyişikliklərin yalnız ümumi təhsili deyil, təhsilin bütün pillə və səviyyələrini əhatə etdiyini diqqətə çatdırıb. 

Təhsil Nazirliyinin təlimçi mentoru, təcrübəli pedaqoq və metodist Leyla Bayramova  “İki sahil”ə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasına əsasən təhsilin də qarşısında əsaslı məqsədlər qoyulduğunu vurğuladı: “Yeni təhsil kurikulumlarına əsasən məktəblərdə tədris qaydalarının dəyişilməsi və müasir tələblərə uyğun olaraq təkmilləşməyə başlanıldı: hafizə məktəbindən təfəkkür məktəbinə keçid, 12 illik təhsil sisteminin yaradılması, məktəblərin elektron lövhələrlə, İKT ilə təmin edilməsi, tədris imkanlarını yüksəltmək üçün yeni məktəb binalarının tikilməsi və istifadəyə verilməsi, müəllimlərin işə qəbul imtahanlarının daha şəffaf və obyektiv formada təşkili üzrə iş, direktorların işə qəbulu üçün müsabiqələrin keçirilməsi, müəllimlərin diaqnostik qiymətləndirilməsi, yeni qrant müsabiqələrinin keçirilməsi, öyrədənlərin təkmilləşdirilməsi üçün layihələrin hazırlanması və tətbiqi və s. Bir sözlə, bunlar müəllimlərin özlərini daha da təkmilləşdirməsi, təhsilin keyfiyyətinin artırılması naminə atılan addımlardır.”

Leyla Bayramova  hər bir islahatın həyata keçirilməsi naminə dövlət tərəfindən strateji addımlar atıldığını diqqətə çatdırdı: “Təhsilin qarşısında duran əsas strateji məsələlər - səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, məktəbəqədər, ümumi, ilk peşə ixtisas, orta ixtisas, eləcə də ali təhsil müəssisələri üzrə kurikulumların inkişafı, təhsilalanların potensiallarının aşkar edilməsi və onlara qayğının həyata keçirilməsi, inkluziv təlim metodologiyasının yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizmlərinin, ömür boyu təhsili təmin edəcək dayanıqlı təhsil infrastrukturunun, Təhsil İnkişaf Fondunun yaradılması və s. əsas hədəflərdən biridir.

Bu sadalanan islahatlar hissə -hissə həyata keçirilməkdə davam edir. Əldə olunan nəticələrin isə təhsili inkişaf etdirdiyini görürük. Tarix müəllimi kimi deyə bilərəm ki, hər zaman yeniliklər və fərqliliklər tarixdə inqilabla qarşılanıb. Müəyyən narazılıqlar zəminində başlayan islahatlar bu gün öz yerini gözəl nəticələrlə sübut etməkdədir və edəcəkdir. Ümumi nəticələrdən və daha yüksək nəticələrdən danışmaq üçün hələ tezdir, amma ilk başlanğıc üçün olan nəticələrdən nümunələr deyə bilərəm.

Etiraf edək ki, ölkədə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlananda  müəyyən narazılıqlar yarandı. Amma bu gün diaqnostik qiymətləndirmələr nəticəsində məktəblərdə baş verən qeyri-şəffaf “tədbir”lər aradan qaldırıldı, müəllimlərin təkmilləşmə kurslarına dırnaqarası baxmalarına son qoyuldu, öyrədənin öyrənən qarşında dayana biləcək gücünün olması üçün, hər sahədə olduğu kimi, təhsildə də yeniliklərin öyrənilməsinə ehtiyac olduğunu müəyyən etmək üçün daim oxumağa ehtiyacı olduğu təsdiq edildi. Bu gün məktəblərdə şəffaf dərs bölgülərinin keçirilməsini xüsusi qeyd etmək lazımdır. Təbii,  bəzi “müəssisələr” varsa belə, zamanla müəyyən edilərək lazımi tədbirlər görülür.

Müəllimlərin işə qəbulu (MİQ) imtahanları 2013-cü ildə Prezidentin Sərəncamı ilə qəbul edilmiş dövlət strategiyasına əsasən daha obyektiv və şəffaf keçirilməsi üçün Tədbirlər Planı hazırlandı”.

Təcrübəli mentor bildirdi ki, hazırda  MİQ istiqamətində pedaqoq kimi fəaliyyət göstərir. Son dövrlərdə müəllim olmaq istəyənlərin sayının və təhsil keyfiyyətinin artmasını qürurla qeyd etdi: “Müəllim olmaq üçün çox savadlı, öyrədə bilmək üçün, şagird sevgisi üçün necə fədakarlıqla üzərində işləyən tələbələri görəndə ürəyim dağ boyda olur. Çox yüksək savadlı kadrlar var. Bizim də onlara ehtiyacımız var. Şəffaf imtahanlar və müsabiqələr nəticəsində onlar öz yerlərini tutmaqdadırlar. Hər il minlərlə tələbə müəllim olmaq üçün sənəd verir. Nəticələr göstərir ki, əvvəlki illərin MİQ imtahanları ilə nəticədə ildən-ilə keyfiyyət daha da artmaqdadır. Həyata keçirilən müsabiqənin nəticələri sübut edir ki, potensialı və savadı yüksək gənclərə öz peşəsi istiqamətində çalışması üçün şərait yaradılır.

Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Təhsil isə hər cür peşəkarın yetişdirilməsi naminə islahatlar keçirir. Bu peşəkarlar içərisində müəllim peşəsi daha əhəmiyyətli peşədir. Təhsil alanın savadlı və səriştəli şəxs kimi formalaşmasına, müəllimin yaradıcılığı, müəllimin akademik bacarıqları, tədris təcrübəsi, metodikası, peşəkarlıq səviyyəsi təsir göstərir. Cəmiyyətdə öyrətmək istəyənlərin sayının çoxalması qürurverici haldır”. (İkisahil)