Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 13:50:22
İran mədrəsələrində təhsil sistemi nəyə xidmət edir?  

 

Mədrəsə təhsili bu gün müsəlman ölkələrində çox geniş yayılmış təhsil növlərindən biridir. İran, İraq, Suriya və digər ölkələrdə bu təhsil növündən çox geniş surətdə istifadə olunur. Amma bu formadan istifadə etmək heç də uniuversitet təhsilinin qarşısını almır. Mədrəsə təhsil forması ilə universitet təhsili çox vaxt parallel aparılır. Mədrəsələrdə sırf dini dərslər tədris olunur və bu təhsil mərkəzlərindən məzun olanlar yalnız dövlətin dini siyasətinin həyat keçirilməsində iştirak edir.

AzEdu.az-ın məlumatına görə, ölkədən asılı olaraq mədrəsələrdə tədris olunan fənlər fərqlənə bilər. Lakin ümumi götürdükdə onların hamısı bir məqsədə xidmət edir. Din sahəsində dövlətin siyasətini həyata keçirmək üçün mütəxəssis hazırlamaq. İran mədrəsələri bizim üçün ciddi maraq kəsb etdiyinə görə onun haqqında bəzi məlumatlara toxunmaq istərdik.

Qeyd etdiyimiz kimi, mədrəsələrdə dövlətin din sahəsində siyasətini həyata keçirmək üçün din xadimləri, mütəxəssislər hazırlanır. İranın Qum və Xorasan şəhərlərində mövcud olan mədrəsələr eyni zamanda İran İslam Dövlətinin qonşu ölkələrdə siyasətini təbliğ etmək üçün mütəxəssislər də hazırlayır. Yəni müxtəlif yaxın, uzaq müsəlman və qeyri-müsəlman ölkələrdən bu mədrəsələrdə minlərlə tələbə məhz İran dövləti və dini qurumların büdcəsi hesabına təhsil alır. Təbii ki, İran dövləti məhz öz siyasətini bu ölkələrdə həyata keçirmək, İslam İnqilabını digər ölkələrə ixrac etmək üçün bu tələbə və gələcək din xadimlərindən istifadə edir. Bizim ölkəmiz də bu problemlə mütəmadi rastlaşır.

 

Bu gün İran elmi hövzələrində yəni mədrəsələrdə  təhsil şagirdlərin birinci orta məktəbi bitirdikdən sonra başlayır. Bu təhsil zamanı başlanğıc mərhələnin dərslərini (sərf, ərəb dilinin qramatikası (nəhv), məna və bəyan, məntiq), səth dərslərini (üsul, fiqh, fəlsəfə), ümumi dərsləri (əqaid, təfsir, iqtisadiyyat, Quran elmi, əxlaq, xarici dillər, kompyuter və s), xaric dərslərini (ictihadi fiqh və üsul) və ixtisas dərslərini (təfsir, kəlam, təbliğ və s) növbəli şəkildə  oxuyurlar.

 

  1. Başlangıc (müqəddimə) dərslər:

Bu dərslərə sərf, nəhv (ərəb dili qramatikası), məna və bəyan, məntiq daxildir ki, bu dərslərdə əsas məqsəd tələbələrin “Quran dilini” öyrənbmələridir. Bu mərhələ İslam maarifini anlama üçün açar rolunu daşıyır. Çünki hədislər, bu dildədir.  Bu mərhələ 3 yaxud 4 il çəkir.

 

  1. Səthin dərsləri:

Bu mərhələnin dərslərinə İslam hüququ və üsul elmləri şamil edilir. Üsul elmi kitablarından mənalar, hüquq qaydaları, risalələr-müctəhidlərin yazdıqları- dini şərhlər öyrənilir.

Əlbəttə, bəzi mədrəsələrdə digər kitablardan da istifadə edilir. Bu mərhələnin əsas məqsədi tələbələrin hüquq, üsul və onlara aid mətnlərlə tanış olmasından ibarətdir. Bu mərhələ adətən 5- 7 il çəkir.

 

  1. Hüquq və qayda dərsləri:

Bu mərhələdə ustad və şagird bəhsin nizamlı olması üçün İslam hüququ kitablarından, məsələn: Şərayeh, təhriril vəsile, urvətul vusqa yaxud qayda  kitablarından, məsələn: Kifayətul üsul, kitablarını seçirlər və bunun əsasında bəhsi davam etdirir və bu barədə alimlərin müxtəlif nəzər və fikirlərini izah edir və araşdırırlar. Ustad hər mətləbi araşdırmaqla öz son nəzərini bildirir və şagirlər ustadın fikirlərini qəbul yaxud rədd etməkdə azatdırlar.

Bu mərhələ   təqribən səkkiz ilə on il çəkir. Bu tələbənin  istedad və bacarığından asılı olaraq  uzun illər çəkə bilər. Dərs mühazirələri bir və yaxud iki saat ola bilər. Bəzi tələbələr müxtəlif ustadların dərslərində iştirak edirlər.

Dini tələbələr əksər vaxtlarda birdən çox xaric mərhələsi keçirlər. Öz bacarıq, istedad və səyləri ilə ictihad dərəcəsinə çatırlar.

 

  1. İxtisas dərsləri:

Bu dərslərin – ixtisas adı altında olan təfsir, kəlam, təbliğ, tarix və ... hədəfi ondan ibarətdir ki, mədrəsə  və cəmiyyətə lazım olan xüsusi ixtisaslar hazırlansın. Bu çox dəyərli iş hesab olunur , şəxsin islam hüququ  və üsulda öyrəndiklərindən sonra bir İslam elm ixtisasına yiyələnməsinə səbəb olur.

  1. Ümumi dərslər:

Qum və bəzi şəhərlərin mədrəsələrində  başlanğıc din dərsləri ilə birlikdə əqaid, təfsir, iqtisadiyyat, Quran elmi, əxlaq, xarici dillər, kompüter və s. dərsləri tədris edilir ki, bu da tələbələrin dünyagörüş və ümumi məlumatlarının inkişafına səbəb olur. Lakin bu dərslərin vacib olmasına baxmayaraq, mədrəsənin  əsas dərslərindən hesab edilmir.

Mədrəsələrdə tam təhsil 25 il və ya daha artıq çəkə bilər. Buna görədə dini təhsilə başlayanlardan 5-7 faizi sona qədər təhsil ala bilir. Xarici ölkələrdən olan tələbələr isə ümumiyyətlə təhsillərini sona qədər oxuya bilmirlər. Buna həm dil imkanları, həm də İran hakimiyyətini xarici ölkə vətəndaşlarından tam savadlı din xadimi hazırlamaq istəməməsi səbəb olur. Xarici ölkələrdən olan tələbələrdə sona qədər təhsil alanlar rast gəlmək mümkün deyil.