Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 11:55:00
Ucqar kənddə birincilərə dərs deyən kişi müəllim – “Bunu edən kimi, ağlayan uşaqlar sakitləşirlər”

“İlk dərs günü şagirdlərə müəllimlər otağının, direktor  kabinetinin, məktəb yeməkxanasının yerini göstərirəm. Sinifdə onların diqqətini cəlb edəcək vəsaitlər hazırlamaqla yanaşı, fikirlərini yayındıracaq detalların olmamasına çalışıram”

Şahid Muradlı – yəni, yuxarıdakı sözlərin müəllifi -  İsmayıllı rayon İstisu kənd tam orta məktəbinin ibtidai sinif müəllimidir.

Gənc müəllim ilk dərs günü və tədris metodları haqda AzEdu.az-a danışır:

“Yay məzuniyyətini başa vurub yaşadığım Bakı şəhərindən yenidən İsmayıllının İstisu kəndinə qayıtdım. Ucqar kənddə yenidən təkbaşına yaşayacağım üçün ev işlərinin qayğısı məni gözləyirdi. Amma məktəb və birincilərin məni gözlədiyini düşünmək isə rahatlıq verirdi. Və budur, “Bilik günü” və 17 sentyabrda ilk dərs günü … Məktəbəqədər hazırlıq qrupum artıq birincilər olaraq parta arxasına keçirlər. Yay tətilindən qayıdan azyaşlılarda dərsə adaptasiya prosesinin zaman aldığını bildiyim üçün şagirdlərlə ilk saatlardan yay təəssüratları haqqında öyrənirəm. Beləcə, artıq valideyni üçün ağlayan şagirdlər sakitləşirlər. Uşaqlar gəzdikləri, gördükləri maraqlı yerləri,  əhvalatları danışarkən artıq özləri tətilin ən maraqlı məqamlarını qeyd etmiş olurlar. Ardınca isə tətil zamanı birlikdə vaxt keçirdikləri insanların yerini sinif yoldaşlarının, əllərindən düşürmədikləri oyuncaqların yerini isə maraqlı kitab və dəftərlərin alacaqlarını qeyd edirəm”.

İlk dərs günü şagirdlərlə məktəbdaxili ekskursiya təşkil edən müəllim…

Gənc müəllim qeyd edir ki, o, məktəbdaxili kiçik qaydaları şagirdlərlə birlikdə müəyyən edir:

“Onlara müəllimlər otağının, direktor kabinetinin, məktəb yeməkxanasının yerini göstərirəm. Əsasən də ilk dərslərdə dinləmə bacarıqlarının inkişafı ilə bağlı işlər görüləcəyindən, şagirdlərin sinifdə müəllimi rahat görə biləcəkləri formada əyləşmələrinə diqqət yetirirəm. Sinifdə onların diqqətini cəlb edəcək vəsaitlər hazırlamaqla yanaşı, fikirlərini yayındıracaq detalların olmamasına çalışıram. Buna, yaradacağım səmimi mühitin məktəbin bizim ikinci evimiz olduğuna inandıracağını bildiyim üçün xüsusi diqqət edirəm.

“Dərs zamanı rolları şagirdlərə verərək,  kiçik tamaşalar təşkil edirəm”

“Ardınca isə parta arxasında düzgün əyləşmək, qələmi düzgün tutmaq, danışarkən yoldaşının sözünü kəsmədən dinləmək kimi qaydalarımızı xatırladıram. Şagirdlərin vizual yaddaşının daha gözəl effekt verdiyi üçün birbaşa özlərinin iştirakı ilə kiçik tamaşa-oyunlarla dərs prosesinin təşkilinə üstünlük verirəm. Bütün səylərimiz onları təhsilin növbəti mərhələlərinə layiqli hazırlamaq üçündür. Sonda bu yolda layiqincə çalışan bütün müəllimlərə, şagirdlərə və valideynlərə yeni tədris ilində uğurlar arzu edirəm".