Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 10:53:27
İran Qafanda mədrəsə və məscid  tikir - Kim üçün və nə məqsədlə?

İranın Ermənistanın Qafan rayonunda mədrəsə və məktəb tikməsi ilə bağlı yayılan məlumatlar AzEdu.az portalının oxucuları tərəfindən də təəccüblə qarşılanıb. Oxucularımızın yaxın qonşumuz olan İranın Ermənistanın Azərbaycanla sərhəd bölgəsində, həm də tarixən azərbaycanlıların yaşadığı ərazilərdə mədrəsə və məscid  tikməkdə məqsədinin nə olduğu barədə çoxlu sayda suallar ünvanlayıblar. Biz də bu sualları cavablandırmaq üçün həm də təhsil məsələləri üzrə ekspert, Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimovun fikirlərini öyrəndik:

- Sizin portalda və digər kütləvi informasiya vasitələrində gedən bu məlumatlarla  tanışam. Hətta yazılan şərhlərin birində İranın bizim yaxın zamanlarda Qafana gəlişimizə hazırlaşdığına işarə edənlər də var idi. Amma bunun kinayə ilə ifadə olunduğu sezilirdi. Əslində İran bütün vasitələrlə Azərbaycan – Ermənistan münaqişəsi boyu bizim düşmənlərimiz tərəfində olub və onun Qafanda konsulluq açmaqda əsas məqsədi elə azərbaycanlıların o torpaqlara mümkün qayıdışının qarşısını almaqdır. İran Azərbaycanla Ermənistan arasındakı sərhədləri öz “qırmızı xətti” elan edib və dəfələrlə bu barədə bəyanatlar verib. Sanki Azərbaycan indi Ermənistan sərhədlərini keçib o torpaqları işğal edəcək. Dəfələrlə bizim Ermənistan torpaqlarını işğal etmək fikrində olmadığımız  bildirilsə də, İran yeri gəldi-gəlmədi bu tezislərini təkrar edir və bununla Ermənistanı Azərbaycana qarşı qızışdırır.

İranın Qafanda məscid və mədrəsə tikməkdə məqsədinə gəlincə, qeyd etməliyəm ki, Ermənistan hökumətinin tələbi ilə buraya xəstəxana da əlavə edilib. Deməli İran Qafanda mədrəsə, məscid və xəstəxana tikir. İran dövlətinin və xalqının  hesabına. İran xalqı bu gün sanksiyalar nəticəsuində yaranan iqtisadi vəziyyətin ağırlığına davam gətirmək iqtidarında deyil, etiraz və nümayişlər bu ölkəni bürüyüb. Buna baxmayaraq İslam ölkəsi qonşu ölkədə siyasi baxımdan avantura hesab oluna biləcək bir layihəni maliyyələşdirir. O tikintilərə xərclənəcək 10 milyon dollara İran xalqının daha ciddi problemini həll etmək məqsədəuyğun olmazdımı? Əlbəttə ki, İranın belə “əliaçıqlığı”  birinci dəfə deyil. İran öz əhalisinin ağır vəziyyətdə yaşamasına baxmayaraq, həmişə xaricdəki əməliyyatlara pul xərcləyir.

Suriya, İraq, Yəmən, Afrika ölkələrindəki əməliyyatlar bunun parlaq nümunəsidir. Bu ölkələrin hər birində İran tərəfindən inşa oluna məscid, mədrəsə və xəstəxanalar var. Bundan sonra isə digər yarımhərbi və yarımkəşfiyyat məqsədlərinə xidmət edən binalar tkiləcək. Bir müddətdən sonra isə həmin tikililər İran xüsusi xidmət orqanlarının dayaq məntəqələrinə çevriləcək. İslam İnqilabının İran tərəfindən digər ölkələrə yayılma mexanizmi belədir. Amma bu müsəlman ölkələrində işləyirdi. Ermənistanda hansı nəticələr verəcəyi qaranlıqdır.


Bu fəaliyyətə başlamağın özü belə İranın Ermənistanla münasibətdə uzunmüddətli plana malik olmasını sübut edir. İran həmişə olduğu kimi, öz siyasi ambisiyalarını həyata keçirmək üçün İslam dini və onun atributlarından istifadə edir.


İranın Qafanda kök salmağının başqa məqsədi isə Aərbaycandır . O bununla Azərbaycanın Ermənistana qarşı gələcək fəaliyyətinə mane olmağı düşünür. Amma bilmir ki, Azərbaycan bu istiqamətdə fəaliyyətə başlasa, onun qarşısını heç kim ala bilməyəcək. Necə ki, 44 günlük müharibədə heç bir ölkə bizimlə üz-üzə gəlmədi.