Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 11:08:00
Tələbələr üçün təqaüd yerləri niyə azalıb? - İki universitetdən AÇIQLAMA

2022-2023-cü tədris ilinin I semestr imtahanları bitdikdən sonra tələbələrin təqaüd cədvəli hazırlanıb. Bir çox tələbələr təqaüd yerlərinin azalması, yüksək ortalama ilə təqaüdə düşə bilmədikləri ilə bağlı narazılıqlarını bildirirlər. Mövzu ilə bağlı ən çox narazılıq edənlər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin tələbələridir.

  

AzEdu.az-ın əməkdaşı məsələni araşdırmağa çalışıb.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin departament direktoru Bəhruz Nəzərov və Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Namazova saytımıza açıqlamalarında tələbələrin şikayətlərinə aydınlıq gətiriblər.

 

Bəhruz Nəzərov bildirib ki, dövlət sifarişli təhsil alan tələbələrin sayı artığı üçün əlavə təqaüdlər 1063 nəfərdən 404 nəfərə enib.

 

“Tələbələr dövlət sifarişli və ödənişli əsaslarla təhsil alırlar. Universitetə bəlli sayda təqaüd yeri ayrılır. Verilən təqaüd yerlərindən əlavə olaraq daxili təqaüd yerləri də ayrılır.
 

Bizim universitetdə tələbələrin əksəriyyəti dövlət sifarişi ilə təhsil alan tələbələrdir. 2022-ci ildə dövlət tərəfindən universitetə 1063 əlavə təqaüd ayrıldı. Bu bizə imkan verirdi ki, kəsri olmayan tələbələrin hamısına təqaüd verilsin. Əksər tələbələr dövlət sifarişi ilə təhsil alır. Ödənişli əsaslarla təhsil alan tələbələrin sayı dövlət sifarişi ilə təhsil alan tələbələrlə müqayisədə azlıq təşkil edir. Buna görə də əlavə təqaüdlər 1063 nəfərdən 404 nəfərə salındı. Beləliklə, 2022-2023-cü tədris ilinin II semestri başlayanda əlavə təqaüdlərin sayı 2,8 dəfə azaldılmış oldu. Əlavə təqaüdlər tələbələr arasında tam şəkildə paylanıldı.
 

Bununla yanaşı, əvvəlki semestrdə daha çox tələbənin təqaüd aldığını nəzərə alaraq universitet belə bir məsələ qaldırıb ki, bütün zərbəçi və əlaçılığa düşəcək qiymətlərlə oxuyan tələbələr dövlət sifarişli və ödənişli olmağından asılı olmayaraq onların hamısına təqaüd verilsin. Dövlətin ayırdığı 404 təqaüd yerindən başqa, universitet daxili imkanları hesabına zərbəçi və əlaçı olan tələbələr üçün 197 təqaüd yeri ayırdı”.
 

 

BDU-nun mətbuat katibi K.Namazova: 

 

""Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2019-cu il tarixli sərəncamının 1-ci bəndinə əsasən, təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbəti 2020/2021-ci tədris ilindən başlayaraq 50%-dən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Yəni əlavə təqaüd yerlərinin sayı 3.6 dəfə azaldılıb.


Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixi 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrinin təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın 2.4-1-ci bəndində deyilir: “Ali təhsil müəssisələrində hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi əsasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir”.


Ötən müddət ərzində ölkə üzrə dövlət sifarişli yerlərin sayı 20% artıb. Bu da əlavə təqaüd yerlərinin sayının azalmasına səbəb olub”.