Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 12:25:00
Magistratura imtahanlarının 2-ci cəhdi üçün suallar belə seçiləcək - DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin (DİM) 19 fevralda keçirdiyi magistraturaya qəbul imtahanlarında sənəd verən 18724 tələbədən 18469-u iştirak edib. Artıq imtahanların nəticələri də məlumdur.

Sosial şəbəkələrdəki müzakirələrdə sualların çətin olması iddia edilir. Xüsusən də tələbələrin çoxu ingilis dili fənni üzrə sualların çətinliyindən söz açır. 


Məsələ ilə bağlı AzEdu.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, istifadə edilən test tapşırıqlarının çətinlik səviyyəsi imtahanın nəzərdə tutulan spesifikasiyasına uyğundur:


“Dövlət İmtahan Mərkəzi magistraturaya ən layiqli bakalavrların qəbulu üçün müasir qiymətləndirmə üsullarının tətbiqinə yönəlmiş tədbirlər həyata keçirir. Qəbul imtahanı özlüyündə seçmə və yerləşdirmə məqsədi ilə təşkil olunur. Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik minlərlə bakalavr iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və bakalavrlar arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı bakalavrlar deyil, yaxşı hazırlıqlı bakalavrları da bir-birindən fərqləndirmək tələb olunur. İmtahanlar başa çatdıqdan sonra test tapşırıqlarının cavablarının elmi-statistik təhlili göstərir ki, bu imtahanlarda istifadə edilən asan, orta və çətin test tapşırıqlarının sayı imtahanın nəzərdə tutulan spesifikasiyasına uyğundur”.

 

X.Xanlarzadə imtahan suallarının çətin olması ilə bağlı danışılanlara belə cavab verib:

 

“Təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun deyil, mövcud imtahan modeli bakalavrlar arasında seçim aparmağa və normal müsabiqə mühiti yaratmağa imkan verir. Ona görə də test tapşırıqlarının mürəkkəblik dərəcəsi üzrə bölgüsündə, yəni asan, orta və çətin test tapşırıqlarının sayında dəyişiklik nəzərdə tutulmur.


İngilis dili üzrə cavabların statistik təhlili göstərir ki, bu il test tapşırıqlarının çətinliyi “Magistr” jurnalının 2-ci nömrəsində verilən imtahan modelinə uyğun olmuşdur. İyun ayında keçirilməsi planlaşdırılan qəbul imtahanının 2-ci cəhdində də eyni çətinlik səviyyəsində tapşırıqların istifadəsi planlaşdırılır”.

Xatırladaq ki, magistraturaya qəbul imtahanında bu il ilk dəfə olaraq 1 nəfər bakalavr maksimum nəticə – 100 bal toplayıb.