Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-25 09:57:00
Stresdən qaçmaq çıxış yolu deyil - Psixoloqdan imtahanöncəsi TÖVSİYƏ

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsinə 10 gündən az müddət qalıb. Martın 5-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I Hissə), Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Lənkəran, Masallı, Astara, Bərdə, Tərtər, Yevlax, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Xızı rayonlarında, həmçinin peşə liseylərində (qeyd olunan rayonlarda) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Sözsüz ki, imtahana hazırlaşan şagirdlərdə stress, gərginlik müşahidə olunur.

 
Şagirdləri imtahanı verə bilib-bilməyəcəyi, neçə bal toplayacağı kimi suallar düşündürür.

 

AzEdu.az bununla bağlı Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Müşviq Mustafayevin şagirdlərə imtahan öncəsi tövsiyələrini təqdim edir:

 

Fotoğrafı Aç

 

"Təbii ki, imtahana az müddətin qalması şagirdlərin psixologiyasına mənfi təsir göstərir. Onları ən çox narahat edən məsələlərdən biri imtahanla bağlı proqramı tam mənimsəyə bilmələri, yaxud lazımi qədər bal toplamaları ilə bağlıdır. Şagirdlərə tövsiyə edirəm ki, imtahandan öncə daha əvvəl öyrəndikləri mövzuların təkrarına nəzər yetirsinlər. Onlar belə düşünməlidirlər ki, "artıq əlimizdən gələni etmişik", "İmtahana yaxşı hazırlaşmışıq", imtahana bir yarış kimi, həyatlarının növbəti mərhələsi kimi baxmalıdırlar. Düşünürəm ki, onlar bu mərhələdə çəkdikləri əziyyətin bəhrəsini görəcəklər".

 

Psixoloq imtahan öncəsi müəllim və valideynlərin diqqət etməli olduğu məsələlərdən söz açıb:

 

"Təbii olaraq, imtahan şagirdlərdə psixoloji gərginliyin ortaya çıxmasına səbəb olur. Əlavə olaraq müəllim və valideynlər tərəfindən onlara əlavə psixoloji təzyiqlər olunur. Bu da onların gərginliyinin daha da artmasına səbəb olur. Bu səbəbdən məsələdə şagird qədər müəllim və valideynlər də böyük rol oynayır. Onlar bu dönəmdə şagirdə qarşı daha diqqətli olmalı, onların imtahana tam hazırlaşması üçün şərait yaratmalıdırlar".

 

M.Mustafayev bildirib ki, şagird stresdən qaçmaq yerinə, onunla mübarizə yollarını öyrənməlidir:

 

"Cəmiyyət arasında belə bir fikir müşahidə olunur ki, uşaqları stresdən kənar tutmaq lazımdır. Bu, düzgün yanaşma deyil. Müasir cəmiyyət, dövr elə formalaşıb ki, istəyimizdən aslı olmayaraq stresdən kənar qala bilmərik. Bu səbəbdən şagirdə dəstək olmaq üçün, ona stresin idarə olunması yollarını öyrətməliyik. Yəni stresə düşməmək yox, stresə məruz qaldıqda hansı formada onu idarə etmənin yolunu öyrətməliyik".

 

Müsahibimiz son olaraq bildirib ki, "bütün bunlar şagirdin uğur qazanmasının ən başlıca şərtləridir".