Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 11:30:00
 Fənlər yenilənməli, proqramlar dəyişilməlidir - Eks-nazir

Məktəblərdə 9-cu sinifdən 11-ci sinfə qədər pilot layihələr həyata keçirilir. Bu layihələrdən birində şagirdlər qruplar üzrə bölünürlər və bu qruplarda sadəcə imtahan verəcəkləri ixtisasın fənləri tədris olunur. Bəs bu layihə nə dərəcədə effektivdir?

 

Məsələ ilə bağlı sabiq təhsil naziri, filologiya elmləri doktoru, professor Firuddin Cəlilov AzEdu.az-a açıqlamasında bildirib ki, şagirdlər bütün fənlərdən məlumatlı olmalıdır:

 

“İdeya yaxşıdır, ancaq layihə qüsurludur. Yuxarı siniflərdə şagirdlər artıq hansı ixtisası seçəcəklərinə qərar verirlər və bu vaxt tədrisdə onların həmin ixtisas üzrə fənlərinə ağırlıq verilməlidir. Ancaq bu o demək deyil ki, sadəcə o fənlər keçirilməlidir. Məsələn, 3-cü ixtisas qrupu üzrə hazırlaşan şagirdlərin kimya, fizika kimi texniki fənləri keçməməsi və ya 1-ci ixtisas qrupu üzrə hazırlaşan şagirdlərin ədəbiyyat və tarix keçməməsi doğru deyil...”.

 

F.Cəlilov deyib ki, bu cür qrup üzrə təhsilin davam etdirilməsi şagirdlərdə seçim etməkdə çətinlik yarada bilər:

"Bəzi şagirdlər hələ 9-cu sinifdə gələcəkdəki ixtisasını seçə bilmir, eləsi var ki, 2-ci qrup üzrə sinifdə təhsil alır, ancaq sonuncu ildə seçəcəyi qrupda dəyişiklik edir. Beləliklə, ixtisas seçimində abituriyentlərdə çaşqınlıq yaranır. Bunun qarşısının alınması üçün məktəbdə pedoqoji şuralar hər bir şagirdə fərdi yanaşmalı və söhbət etməlidir. Bununla da həmin şagirdin hansı fənləri daha yaxşı qavradığını aşkarlayıb yönləndirməlidirlər. 9-11-ci sinifdə təhsil alan şagirdin bu mövzuda yetərli məlumatının olmaması normal haldır, buna görə də onlara yol göstərməli, istiqamət verilməlidir. Burada təbii ki valideynlərin də iştirakı vacibdir, çünki XXI əsr əvvəlki əsrlərdən çox-çox fərqlənir. İndi texnologiya əsridir, fənlər yenilənməlidir, proqramlar dəyişməlidir. Şagirdlərə gələcəkdə rahat iş tapa bilmələri üçün dünyada gedən texnologiya inqilablarına uyğunlaşacaq fənlər tədris edilməlidir. Bu məsələlər ümumi məsələlərdir və kompleks şəklində həll olunmalıdır”.