Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 15:50:00
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Arif Gürşadoğlu: “Qazi və veteran övladlarına isə heç vaxt ödəniş məhdudiyyəti qoymuram...”
 
"Əgər bizlər bu gün varıqsa, müstəqil bir ölkənin vətəndaşıyıqsa, məhz Şəhidlərimizə və Qazilərimizə borcluyuq! Mən də düşündüm ki, işlədiyim sahədə, az da olsa, həmin borcumdan çıxmağa cəhd edim”. 
 
AzEdu.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında internet saytları və sosial şəbəkələrdən “Arif Gürşadoğlu” imzası ilə tanınan  tarix müəllimi Arif İbrahimov  söyləyib. 
 
Bu günlərdə saytımızda  təqdim olunmuş  Türkiyədə bir  sahibkarın xeyriyyəçilik aksiyasından bəhs edən “Şəhid övladları üçün bütün mallar pulsuzdur”  başlıqlı xəbəri oxuduqdan sonra Arif müəllim başqalarına da nümunə olsun deyə, Azərbaycana aid bir ibrətamiz fakt kimi  şəhid və qazi övladlarıyla bağlı 5 ildən çoxdur ki, keçirdiyi aksiya barədə mediaya məlumat verməyi qərara alıb.
Qeyd edək özü də Laçın rayonunun Mişni kəndindən məcburi köçkün olan 40 yaşlı Arif Gürşad oğlu İbrahimov Bakı Dövlət Universitetinin tarix fakultəsini uğurla bitirdikdən sonra çalışdığı sahələrdə  bacardığı qədər şəhid, qazi və imkansız məcburi köçkün ailələrinə dayaq durmağa çalışıb. 2008-2011-ci illərdə BDU-nun tarix fakultəsinin Azərbaycan tarixi kafedrasının doktorantı olan A. İbrahimov  2007-ci ildən Xəzər Universiteti nəzdindəki “Dünya” məktəbinin müəllimidir. 2014-2017-ci illərdə Azərbaycan Texniki Universitetinin İctimai fənnlər kafedrasının baş müəllimi olub. 1 noyabr 2013-cü ildən Azərbaycan Respublikası Təhsil Şurasının İcra Aparatının rəhbəri təyin olunub. "Həsrət yağışı" adlı şeirlər kitabının, bir sıra elmi, publisistik məqalələrin müəllifidir.
 
“Müəllimliyə başladığım ildən indiyədək eyni zamanda abituriyent hazırlığı ilə də məşğul olmuşam. Yetirmələrim yüksək ballarla Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrinə, eləcə də dünyanın bir çox ölkələrində nüfuzlu universitetlərə qəbul olunublar. Müəllimlik etdiyim dövrlərdə həmişə hazırlıq qruplarımda Şəhid ailələrinin övladlarına tamamilə ödənişsiz dərs keçmişəm. Müharibə iştirakçılarının və Qazilərin övladlarına isə heç vaxt ödəniş məhdudiyyəti qoyulmayıb. İmkanı olan valideyn, az da olsa, ödəniş edib, imkanı çatmayan isə yenə ödənişsiz təhsil alıb. 
 
Əgər bizlər bu gün varıqsa, müstəqil bir ölkənin vətəndaşıyıqsa, məhz Şəhidlərimizə və Qazilərimizə borcluyuq! Mən də düşündüm ki, işlədiyim sahədə az da olsa bu borcumdan çıxmağa cəhd edim. Bu barədə sosial şəbəkələrdəki səhifələrimdə dəfələrlə elanlar yerləşdirmişəm. Xeyriyyə kampaniyamız bu il də davam edir. Düşünürəm ki, biz daim şəhidlərə, qazilərə borcluyuq!.”-deyə Arif Gürşadoğlu bildirib.
 
Xeyirxah gənc müəllimə fəaliyyətində və xeyriyyə işlərində yeni uğurlar diləyirik.