Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 13:12:00
Magistratura imtahanında xarici dil üzrə dəyişiklik ola bilər - AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələrini fevralın 21-də elan etdi. Məlum oldu ki, ən yüksək bal toplayan tələbələr Azərbaycan bölməsi üzrə Nihad Zeynallı (100 bal), rus bölməsi üzrə İsmayıl Eyyub (95,5 bal), regionlar üzrə isə Elcan Səlimlidir (96 bal).


Bəziləri builki nəticələrin ötən illərə nisbətən aşağı olduğunu iddia edirlər.

 

Təhsil eksperti Elçin Əfəndi isə AzEdu.az-a həmin iddialarla razılaşmadığını bildirib:

 

“Bu il magistraturaya qəbul imtahanının nəticələri ötən illərə nisbətən daha yüksəkdir. Bu il müsabiqəyə qatılanların sayı ümumi 1700 nəfər təşkil edib. Bu da magistraturaya qəbul imtahanının, eyni zamanda, magistratura üzrə müasabiqənin gərgin keçəcəyi anlamını verir. Bəziləri düşünürsə ki, bu il imtahan nəticələri ürəkaçan deyil, xeyr, bu yanlışdır. Çünki magistraturaya qəbul qaydaları əvvəlki dövrlərə nəzərən demək olar ki, sadələşdirilib. Əvvəl tələbələr iki mərhələli imtahan verirdilər. Birinci mərhələdə məntiq, informatika və xarici dil, ikinci mərhələdə isə ixtisas üzrə imtahan verirdilər. Hazırki vəziyyətdə onlara 2 şans verilir və həmin şansların hər biri eyni mərhələdir. Onlar informatika, məntiq və xarici dildən imtahan verib 100 ballıq cədvəl üzrə qiymətləndirilirlər. İkinci cəhd imtahanında da iştirak edən tələbələrin yığdığı iki baldan ən yüksək olanı seçmək hüquqları var”.

 

Ekspert bəzi dəyişikliklərin ola biləcəyini də vurğulayıb:

 

“İkinci şans imtahanını da nəzərə alsaq, bu nəticələrin ötən illərdə formalaşan keçid ballarına da müəyyən təsiri olacaq. Qeyd olunmuş ballarda dəyişiklik ola bilər.

Ümumilikdə, hazırki magistr imtahanının strukturu sadələşdirilmiş versiyadır. Bəlkə müəyyən qədər xarici dil üzrə dinləyib-anlama mətnləri ilə bağlı dəyişikliklər ola bilər, amma indiki dövrdə başqa hansısa dəyişikliyin olacağını düşünmürəm. Eyni zamanda, qeyd etmək istəyirəm ki, müsabiqəyə qatılanların sayı da ayrılan yerlərə görə kifayət qədər çoxdur”.