Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 12:30:00
Məktəblərə direktor seçimi düzgün aparılmır - İrad

Məktəb direktorlarının işə qəbulu dörd mərhələdən ibarətdir (elektron ərizə qəbulu, yazılı imtahan, müsahibə və vakant yerlərə yerləşdirmə).

 

Direktor qəbulu zamanı onun idarəetmə bacarıqlarının olması da ən başlıca şərtlərdən biridir.

 

Bəs direktorların işə qəbulu zamanı onların idarəetmə bacarıqları nə dərəcədə düzgün yoxlanılır? Hazırda məktəb direktoru kimi fəaliyyət göstərənlər idarəetmə bacarıqalarını yerinə yetirə bilirmi?

 

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında hazırda məktəblərə direktor seçiminin düzgün aparılmadığını bildirib:

 

"Bu səbəbdən lazım olan kadrları seçə bilmirik. Öncə məktəblərdə tədris işləri üzrə direktor müavinləri və təşkilatçı müavinlərin seçiminə xüsusi diqqət yetirmək lazımdır. Təşkilatçı müavinlər özünü doğruldan, peşəkar sinif rəhbərləri sırasından, imtahan ilə müəyyən olunaraq seçilməlidir. Tədrisi işlər üzrə direktor müavinləri isə peşəkar metodbirləşmə rəhbərləri arasından seçilməlidir".

 

E.Qafarov direktorların peşəkar müavinlər sırasından seçilməsinin daha effektiv olacağını bildirib:

 

"Praktika sübut edir ki, müəllim peşəsindən birbaşa direktorluğa gələnlər çox böyük çətinliklərlə üzləşir. Əksər hallarda onlar işlərini qura bilmirlər. Məktəb direktoru, yaxud direktor müavini müsabiqələrində onların komunikativ bacarıqlarını yoxlamaq üçün ilk növbədə sənəd qəbulu zamanı esse formasında məktəbin idarəedilməsi ilə bağlı konkret mövzular verilməlidir. İnsanlar düşünür ki, direktor, yaxud direktor müavini olmaq üçün qanunvericiliyi oxumaq kifayət edir. Bu düzgün deyil.

Təhsilin idarə edilməsi ilə bağlı heç kim kitab, məqalə oxumur. Düşünürəm ki, müsahibədə uğur qazananlar, ən azından üç, altı ay əlavə təhsilə cəlb olunmalıdır. Nəzəri və praktik biliklər onlara öyrədilməli, sonra məktəbə təyin olunmalıdırlar".

 

Müsahibimiz son olaraq, hazırki formatın özünü doğrultmadığını vurğulayıb:

 

"Təhsil Nazirliyi prosesi şəffaf keçirməyə çalışır və əksər vaxtlarda buna nail olur. Amma bütün bunlara baxmayaraq real kadrları seçə bilmirik. Bunun səbəbi odur ki, format düzgün aparılmır və bu sahədə müzakirələrə böyük ehtiyacın olduğunu düşünürəm".