Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 15:03:00
“Gənc nəsil 20-30 ilin müəlliminə birdən  gəlib deyir ki, sənin bildiyin vərdişlər lazımsızdır” – MÜSAHİBƏ

Hədəf kurslarının departament direktoru:“Kurslar  və repetitorluq yalnız bu zaman  ləğv olunacaq”

Elxan Nəcəfov: “V sinifdən XI sinfə qədər bütün ədəbiyyat dərsliyinin proqramı qəbul imtahanlarına salına bilər”

Elxan Nəcəfov Hədəf kurslarının yarandığı gündən etibarən kursun Elm və Tədris departamentinin direktoru vəzifəsində çalışır. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı olan Elxan Nəcəfov eyni zamanda,  Azərbaycan dili və ədəbiyyat müəllimidir.

“Ölkədə müəllimlərin vahid forma ilə dərsə girməsi ilk dəfə bizim kursumuzda baş tutub

AzEdu.az Elxan Nəcəfovla müsahibəni təqdim edir:

-Hədəf kursları bu il IX filialını da istifadəyə verdi. Yeni açılan filiallarda əsasən hansı fənlərin tədrisi nəzərdə tutulub?

-Hədəf kursları olaraq qarşımıza qoyduğumuz məqsəd hər il yeni filiallar açaraq mövcudluğumuzu ortaya qoya bilməkdir. 2008-ci ildən bugünə kimi 9 filialla fəaliyyət göstəririk. Yasamal filialı Hədəf kurslarının VIII filialıdır. Bu il bir tədris binasını da “28 May” metrosunun yaxınlığında açdıq. Bununla da IX filialımız fəaliyyətə başladı. Bütün filiallarda tədris eynidir və əsas prioritet sahə abituriyent hazırlığıdır. Bununla bərabər, magistraturaya, Müəllimlərin İşə Qəbulu üzrə imtahanlara hazırlıq, fənlər üzrə fərdi hazırlıqlar, məktəbəqədər tədris və digər sahələr üzrə dərslər keçirilir. “28 May”da yerləşən spesifik filialımız əsasən dil mərkəzi kimi fəaliyyət göstərir. Filialların yerini müəyyən edərkən daha çox abituriyentlərinvə hazırlığa ehtiyacı olan təbəqənin yaşadığı yerləri seçməyə çalışırıq.

-Bəs, onlarla abituriyentə dərs keçən, onları ali məktəbə hazırlayan müəllimləri seçərkən əsasən, nələrə diqqət edirsiniz?

-Hədəf kurslarının ən ciddi imtahan növlərindən biri də hər il bir dəfə keçirilən müəllimlərin kursa işə qəbulu imtahanıdır. Yüksək nəticə göstərmək üçün şagirdlərə yalnız bilik verən deyil, həm də test vərdişlərini formalaşdırmaqda, onların sosiallasmasında, yetişən nəslin gələcək xarakterinin formalaşmasında üstün bacarıqları olan müəllimləri seçib təyin etməyə çalışırıq. İmtahanlar 3 mərhələdən ibarət olur. Birinci mərhələdə müəllimlərin elmi bacarıqlarını, biliklərini test üsulu ilə yoxlayırıq. İmtahanlarımızda xeyli sayda müəllimlər iştirak edir. Hər il müxtəlif fənlərdən mindən artıq müəllimi imtahan edirik. Əgər birinci mərhələdə 100 müəllimə ehtiyacımız varsa, 200 müəllimi ikinci mərhələ üçün seçirik. İkinci mərhələdə müəllimlərin təkcə elmi bacarıqlarını deyil, həm də dərs “performansı”nı, dərsliklərə, DİM-in hər il tətbiq etdiyi yeniliklərə hazırlığını, dünyagörüşünü, dini, siyasi baxışlarını müşahidə edib daha çox faydalı olan müəllimləri seçirik. Üçüncü mərhələ isə tərəflərin söhbətinə çevrilmiş olur. Müəllimin nə qədər boş vaxtı var, ona nə qədər dərs yükü ayıra bilərik və s. kimi mövzular müzakirə olunur. Bütün bunun nəticəsi olaraq seçdiyimiz müəllimlər həqiqətən kursun yüksək nəticə göstərməsində uğurlu simalara çevrilə bilirlər

-Hədəf kurslarında dərs keçən müəllimlərin hamısı vahid geyim – ağ xalat geyinirlər. Bunun əsas səbəbi nədir?

-Tam iddialı şəkildə deməsəm də, zənn edirəm ki, ölkədə müəllimlərin vahid forma ilə dərsə girməsi ilk dəfə bizim kursumuzda baş tutub. Buna səbəb valideyn və şagirdlərimizə onların müəllim olduğunu sübut etməkdir. Digər səbəb həmin müəllimlərin geyimlərinin müxtəlifliyi, digərinin təmtəraqlı və ya aşağı səviyyədə geyim fərqlərini aradan qaldırmaqdır. Ən əsas səbəb isə həmin müəllimlərin şagird və valideynlərin qarşısına səliqəli imicdə çıxmasıdır. Ağ rəng ləkə götürmür, çirklənərsə, tez bilinir və müəllimə xəbərdarlıq edilir. Məqsəd müəllimin üst-başını səliqəli saxlaması, həm də müəllim kimi fərqlənməsidir. Ağ xalatda gördüyümüz hər bir şəxs bizim kursun müəllimidir. Bu həm valideynlər, həm şagirdlər eləcə də müəllimlərimiz tərəfindən  xoş qarşılanır.

-Elxan bəy, cəmiyyətin müəllimlərə olan münasibətini nəzərə alsaq, onlara qoyulan hörmət sizi qane edirmi?

-Müqayisə  bacarıqlarına, bəzilərinə görə isə şəxsi nəticəyə əsasən təhlil edilib cavab veriləsi sualdır. İstənilən halda müəllim hər zaman yalnız tədris müəssisəsi daxilində yox, buradan kənarda da hörmət, diqqət və qayğının əhatəsində olub. Müəyyən dövrlərdə müəllimlərin maddi ehtiyaclarından irəli gələrək müəllimlikdən əlavə işlərin görülməsi, müəllimlik sənətinin aliliyini adiləşdirir. Ancaq cəmiyyət həmişə hörmət qoymağa hazırdır. Yetər ki hörmət qoyulası insanlar özləri də bu davranışları göstərə bilsin. Zənnimcə, müəllimlərin nüfuzu yetəri qədərdir. Təhsilimizdə, tədrisimizdə istənilən halda müəllimlərə və onların yetişdirdiyi kadrlara ehtiyac olduğu üçün onlar həmişə öndə olacaqlar.

“Kurslar  və repetitorluq yalnız bu zaman ləğv olunacaq”

-Məlumdur ki, ölkədə repetitorlara, xüsusilə də hazırlıq kurslarına münasibət birmənalı deyil. Bəziləri hesab edir ki, hazırlıq kursları abituriyentlərinin göstərdiyi nəticələri sadəcə şişirtməklə məşğuldurlar...

-Bu, müxtəlif zamanların ən aktual suallarından biridir. Respublika təhsilində əsas istiqamət orta məktəblərin üzərinə düşür. Orta məktəbin tək vəzifəsi qanuna əsasən ali məktəbə qəbul olacaq gənclər yetişdirmək deyil. Orta məktəbin vəzifəsi gələcək üçün layiqli vətəndaş yetişdirməkdir. Şagird  istər ali, istər peşə təhsilinə yönəlmiş olsa da. Kursların və repetitorluğun yaranması orta təhsilin aşağı olduğunu göstərir deyənlər də çoxdur. Şəxsi fikrim budur ki, istər orta məktəb, istər repetitorluq, istərsə də kurs düzgün təhsil vermək üçün çapalayırsa, hər üçünün fəaliyyəti eyni vaxtda heçnəyə ziyan vermir. Orta məktəbdə potensialı olan, müəllimlərindən faydalana bilən, repetitora və kursa ehtiyacı olmayan şagirdləri heç kim kursa və repetitor yanına getməyə məcbur edə bilməz. Kurs vərepetitorluq ehtiyac olduğu var. Nə zaman ehtiyac olmayacaqsa, onlar ləğv olunacaq. Bunlara münasibətin ən dəqiq ölçüsü ehtiyacın üzərində qurulmalıdır. Kurs olaraq qəbul proqramı əsasında dərsimizi qururuq. Orta məktəb dərsinə mane olmadan bütün ixtisas qrupları üzrə abituriyent hazırlaşdırırıq. Tədris verdiyimiz fənlərdən şagirdlərin ayda bir dəfə biliyini qiymətləndiririk. Həmin qiymətlədirmə valideynə təqdim olunur. Oxumayan, dərsində geri qalan, öhdəsinə düşən məsuliyyəti düzgün yerinə yetirməyən şagirdlərin valideynləri ilə mütəmadi olaraq əlaqə yaradırıq. Həmin şagirdin özü ilə də görüşürük və tədrisdə irəliləməməsinin psixoloji və ya sosial səbəblərini araşdırırıq. Kurs olaraq işimiz dərslikdən hansısa mövzunu keçmək deyil. Həm də şagirdi sosiallaşdırmaq, cəmiyyətə adaptasiya edə bilməkdir. Repetitor və məktəb kursun, kurs repetitorun əleyhinə danışır. Ümumilikdə isə kurslar və repetitorlar birləşib məktəbin əleyhinə danışırlar. Mövqeyimiz kiminsə əleyhinə danışmaq, təhsil adına çalışanların fəaliyyətinə kölgə salmaq deyil, işini sağlam görməkdən ibarət olmalıdır. İnsanların inamını qazandıqdan sonra bizim haqqımızda pis danışılmamasını arzu edərdik. Özümüzdən də tələb edək ki, biz də kimlərinsə fəaliyyətinə kölgə salmayaq və pis danışmayaq.

“Respublikada ilk dəfə rus bölməsi üzrə 700 balı Hədəf Kurslarının Neftçilər filialı verib

-Hədəf kurslarının bugünə kimi yetəri qədər yüksək nəticə göstərən abituriyenti olub. Bu baxımdan, hansı kursları rəqibiniz olaraq görürsünüz?

-Son 3 ildə ən yüksək nəticələr göstərən  kurslardan biriyik.  Respublikada ilk dəfə rus bölməsi üzrə 700 balı Hədəf kurslarının Neftçilər filialı verib. Abşeron rayonunda da ilk 700 bal toplayanlardan biri  bizim şagirdimiz olub. Yarandığımız gündən hər il mütəmadi olaraq göstəricilər artır. Pedaqoji iclasda 2017-2018-ci tədris ili üçün göstəricilərimizi açıqladım.  70-ə yaxın 600 baldan yuxarı bal toplayan şagirdimiz, 700 bal toplayan abituriyentimiz olub. Bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən 3 şagirdimiz prezident təqaüdünə layiq görülüb. Biz bunları kiçik əziyyətlərlə ortaya qoymuruq. Buna görə müəllimlərimizə borcluyuq. Tədrisimizi mükəmməl qurmağa çalışırıq. Bütün mövzular aylara görə bölünüb. Tədris etdiyimiz mövzular üzrəhər ay sınaq imtahanları təşkil olunur. Bu baxımdan,hansısa kursun adını çəkə bilməyəcəm. Amma sistemlilik baxımından ən iddialı kurslardan biriyik. Bizdən də öncə 700 ballıq nəticə göstərən kurslar olub. Bütün kurslara, müəllimlərə uğurlar arzulayıram. Arzu edirəm ki, sağlam rəqabət aparsınlar. Kurslar arasındakı bu rəqabəti “hansı yaxşıdır, hansı pisdir”in üzərində qurmaq düzgün deyil. Əgər Hədəf kursları böyük kursdursa, məhsuldardırsa, biz öz fəaliyyətimizlə yeni açılan kurslara nümunə olmalıyıq. Bütün fənlər üzrə vəsaitlərimiz var, bütün tədris sahələri üzrə dərsimizi keçə bilirik. İmtahan olunan bütün sahələr üzrəhazırlıqlarımız fəaliyyət göstərir. Bu bizim kursun böyüklüyündən xəbər verir. Çox az sayda kursun bu üstünlüyü var.

“700 bal toplayanlardaortaq nöqtə stolda otura, kitaba bağlana bilmə bacarıqlarıdır”

-Siz həm də Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq yüksək nəticə göstərən və 700 bal toplayan abituriyentlərə dərs keçmisiniz. Ümumiyyətlə, onların digər şagirdlərdən fərqlənən spesifik xüsusiyyətləri hansılardır?

-İlk növbədə şagirdin orta məktəbdə hazırlıqlı və bacarıqlı olması əsasdır. Bütün şagirdlər tədris ilinin əvvəlində eyni potensialda olmur. Müəllimin il ərzində şagirdin bacarıqlarını üzə çıxarması hallarına da rast gəlinir. Yüksək nəticə göstərən şagirdlərdə mənimsəmə, oxuya bilmə qabiliyyətlərinin olduğunu və yüksək həvəsin yarandığınıgörürük. Digər şagirdlərdən fərqli olaraq sosial şəbəkələrdən, bahalı telefonlardan, musiqilərə qulaq asıb vaxt itirmək vərdişlərindən, futbola daha çox azarkeşlik etməkdən özlərini qoruyub saxlaya biliblər. Müəllimləriylə düzgün ünsiyyətdə olublar. Başa düşüblər ki, müəllimlərini özləri də təyin edə bilərlər. Məsələn, abituriyent baxır ki, Elxan Nəcəfov yaxşı müəllimdir, amma onun biliyinin üzərinə bilik gətirə bilmir. O zaman ona lazım olan müəllimi axtarır. Tapanda da o müəllimin bütün boş vaxtlarını özü üçün dəyərləndirir. Oxuyan şagirdə qarşı müəllimdə də maraq olur ki, bu şagirdi öyrətməliyəm və həmin şagird ən yaxşı nəticə göstərən abituriyentlərdən biri olacaq. Onlarda yüksək iradə görürəm. Bəzən yüksək bal toplayan şagirdlərin digər sahələrə maraqlarının az olması gələcəkdə onların nitqlərinə, cəmiyyətdən özlərini təcrid etmə problemlərinə yol açırdı. Amma son illər onların nitqlərinin, dünyagörüşlərinin, davranışlarının  bütün meyarlar üzrə də mükəmməl olduğunu görürük. Hər bir şagirdin uğur göstəricisi fərqlidir. 700 bal toplayan şagirdlərimizlə söhbət edəndə ortaq nöqtə olaraq stolda otura, kitaba bağlana bilmə bacarıqlarının mövcudluğunu görürük. Nə zaman yorulduqlarını doğru təyin edə bilirlər. Bu zaman kitabı rahatlıqla kənara qoyub istirahət edirlər. Çox çalışanlar təkcə 700 bal toplayan şagirdlər deyil. Burda qismət məsələsi də var. Bu il kursumuzdan Jalə və Əli 695, 696 bal topladılar. Yaza bilməkdiləri sual sözsüz ki, onların bildikləri sual idi. Məncə, 680 balı keçən bütün şagirdlər  həm də  700 bal toplayıb.

-Elxan bəy, bəzən ixtisas qrupları üzrə istər müəllimlərin, istərsə də abituriyentlərin arasında rəqabətin şahidi oluruq. Xüsusilə də III ixtisas qrupuna hazırlaşanlar “əzbərçi” adlandırılırlar.  Bəs siz, bu qrupun abituriyentlərini “əzbərçi” adlandırmağı ədalətli hesab edirsinizmi?

-Heç bir qrupunun abituriyentlərini əzbərçi adlandırmaq olmaz. IV qrupa hazırlaşmağı öyrənmə potensialına görə uyğun görməyən III qrupa hazırlaşır. III qrupu bacara bilməyən IV hazırlaşır. III və IV qrupları uyğun bilməyən isə digərlərinə. Hər qrupun fənlərinin mənimsəmək baxımından öz çətinliyi var. III ixtisas qrupunda əzbər tələbi çox olduğuna görə, şagird bunu əzbərləməlidir. Riyaziyyatda əzbərləmək o qədər önəmli olmaya bilər, amma Tarix fənni üzrə rəqəm yaddaşı riyaziyyat fənninin rəqəmlərlə oyunundan daha çətindir. Tarixdə nə qədər il, müqavilə adları , dövlət adları əzbərləməlisən. Bütün cümlələrin sonunda “əzbərləməlisən” sözü var. Bu şagird bunları əzbərləməlidir deyə,əzbərləməlidir!Riyaziyyatda da müəyyən düsturları əzbərləmək lazımdır. Bütün qruplarda müəyyən qədər əzbərçilik var. Ümumilikdə isə III qrupun abituriyentlərini bu cür adlandırmaq ədalətli deyil.

“Dərs və dərsliklərim kurikulum deyil, bizdə bu söz  yerində işlədilmir”

-Bildiyiniz kimi, gələn ildən qəbul imtahanının modeli tamamilə dəyişir. Hər yeniliyin zərurətdən yarandığını nəzərdə alsaq, kurikulum əsasında qəbul imtahanlarının tətbiqinə zəmin yaradan nə oldu?

-Əvvəlki təhsil sovet dövrünün tədrisi idi. Günümüzdə dünyanın inkişaf etmiş ölkələrinin hamısında  gələnilki qəbul modelinin bacarıq və vərdişlərini tətbiq edən vərdişlər formalaşıb. Ancaq bizdə kurikulum sözü yerində işlədilmir. Dərslərimiz kurikulum dərsləri, dərsliklərimiz dəkurikulum dərslikləri deyil. Bəzən valideyn soruşur:“dərsinizi kurikulumla keçirsiniz? imtahanları kurikulumlaedəcəksiniz?” Və ya müəllim “mən artıq tarixi kurikulumla keçəcəyəm” söyləyir.Bu ifadələr yanlışdır!Kurikulum sənədin, konsepsiyanın adıdır. Dövlətin müəyyən etdiyi yeni tədris qanunları var. Bütün  bu sənədlərin adı kurikulumdur. Dərsliklərimiz də bu tələblər əsasında qurulub. Yeni tədrisdə müəllimlərin öyrətmə metodları da dəyişir. Müəllim sinifdə dərsi danışan, soruşan deyil, dərsi yönəldəndir. Bütün dərslər şagirdin müstəqil düşünə bilmə qabiliyyətinin formalaşmasına yönəlir. Hansı ki, şagird səhv və ya doğru fikrini çatdıra, oturub dinləyə bilsin, debatda iştirak etsin, qruplara bölünərək kollektiv şəkildə nəticəni ortaya qoya bilsin. Bunların hamısı yeni nəslə vacib lazımdır. Ənənəvi metodda şagird tapşırığı axşam əmiylə, dayıylayazırdırsa, bunun  kiməsə faydası yox idi. Yetişən nəslə araşdırma qabiliyyəti aşılamaq lazımdır. Bütün bu bacarıqlar indiki tədrisin içərisində orta məktəbdə öyrədilir. Bunları yüksək qiymətləndirirəm. Xalqın, cəmiyyətin özünün xüsusiyyətləri var. Biz birdən-birə Finlandiya təhsil sistemini Azərbaycanda tədris edə bilmərik. Cəmiyyətimizin müəyyən  inkişaf dinamikası arxa planda hiss olunmalıdır ki, təhsil onun içərisinə girə bilsin. Təhsilin səviyyəsi cəmiyyətin şüuru ilə uyğunlaşmalıdır. Təhsili yüksək tələblərlə qoysaq və cəmiyyətdə şüur səviyyəsi o qədər yüksək olmasa bunlar bir-birini itələyəcək. Bunları tarazlaşdırmaq və irəli aparmaq lazımdır. Yeni metod ildən-ilə müsbət nəticəsini göstərəcək. İndi yetişən nəsil mikrafon qarşısında daha rahat danışır. Öz fikrini daha yaxşı çatdırır. Müşahidələr göstərir ki, indiki sistem əvvəlkindən daha yaxşıdır.

“Gənc nəsil 20-30 ilin müəlliminə birdən gəlib deyir ki, sənin bildiyin vərdişlər lazımsızdır”

-Yeni modelin əleyhinə olanlar daha çox yaşlı nəslin nümayəndələridir. Yaşlı müəllimlərin kurikulumu zəif mənimsədiyini nəzərə alsaq, yeni qəbul modeli repetitorluğa zərbə vura biləcəkmi?

-Repetitorun mövcudluğunu orta məktəbdə tədrisin necə qurulması yox, qəbul prosesinin necə olduğu müəyyən edir. İndiki halda repetitorlar qəbul qaydalarını formatına uyğun olaraq dərs keçirlər. Orta məktəbdə dərsin necə keçirilməsi onları maraqlandırmır. Orta məktəbdəki təhsil heç zaman repetitorluğu və kursu vura bilməz. Bu mənim birmənalı fikrimdir.

Yaşlı nəsli  başa düşmək lazımdır. Çünki ənənəvi sistemi öyrəniblər və həmin modeli öyrənərkən bilgiləriyləçox yaxşı mütəxəssislər yetişdirə biləcəklərinə inanıblar. Müəllim 20-30 il dərs keçə-keçə gəlir və birdən gənc nəsil gəlib deyir ki, sənin bildiyin vərdişlər heç kəsə lazım deyil. Bu birdən-birə insanı itələmək, onu pərt etməkdir. Onun bildiyi bacarıqlar da cəmiyyətə lazımdır. Yeni metodlar varsa, zəhmət çəkilməlidir, həmin yaşlı nəslə aşılanmalıdr. Əgər onlar, gənc nəsildən fərqli olaraq bir az çətin mənimsəyəcəklərsə, bunu da nəzərə almaq lazımdır. Gənc nəsilə bir dəfə izah edilirsə, yaşlı nəsilə 2 dəfə edilməlidir. Mən yeni metodu təbliğ etsəm də, köhnə modellə öyrənərək müəllim olmuşam. Nə olur olsun, ənənəvi tədrislə bizi öyrədən müəllimləri inkar edə bilmərik. Onlar üzərlərinə düşəni yerinə yetiriblər. İndiki problem ondan ibarətdir ki, bizdə sistematiklik yoxdur. Nazirlik tərəfindən kurslar təşkil olunmalıdır. Məktəblər də bu işdə maraqlı olmalı, bilikli pedaqoqları işə cəlb etməlidirlər. Yaşlı nəsil narazılığını bildirməkdə haqlıdır, gənc nəsil də yeni modeli dəstəkləməkdə. Sadəcə ortaq nöqtəyə gəlmək lazımdır.

-Yəqin, razılaşarsınız ki, gələn il əvvəlki illərin məzunlarının vəziyyəti bir qədər çətin olacaq. Çünki onlara tədris edilən dərslər ənənəvi metodlarla olsa da, imtahanı tamamilə yeni model əsasında verməlidirlər...

-Dəyişikliklər sadəcə dərsliklərə nəyin əlavə edilməsi, çıxarılması məsələsində deyil. Testlərin modelləri də dəyişdirilib. Uğurlu şagird təkcə biliyi mənimsəyən yox, biliyini testə də tətbiq edə biləndir. Bu baxımdan ən çətin iş əvvəlki illərin məzunlarının üzərinə düşəcək. Amma dəqiq fənlər sıxıntı yaratmayacaq. Əvvəlki üsullarla əldə etdiyi bacarıqlar onların köməyinə çatacaq. Sadəcə, yeni testlərlə vərdişlərini artırmalıdırlar. Artıq sinif testləri satışdadır. Həmin sinif testlərini mütəmadi işləməklə test vərdişlərini formalaşdıra bilərlər. Ən böyük problem humanitar fənlərdə olacaq. Ədəbiyyat və tarix fənlərində ciddi dəyişiklik oldu. Əvvəllər ədəbiyyatda baza dərslik X-XI sinif idisə, indi deyilənə görə, V sinifdən XI-ə qədər bütün tədris proqramındakı mövzular imtahana düşəcək. Ən böyük sıxıntılardan biri tarix fənnindədir. Bu fəndə V sinifdən IX sinif daxil olmaqla  tədris olunan biliklər X və XI sinifdə müəyyən əlavələrlə təkrar edilir. Ən pisi də budur ki, X və  XI siniflərdə olan  biliklər aşağı sinifləri inkar edir. Döyüşlərin adlarında, illərində fərqlər mövcuddur. Mövzuların bir-birini inkar etməsi, bu  fənnə olan hörmətsizlikdir.

“Ağlımıza gələn bütün şəxsiyyətlər dərsliklərə əlavə olunub”

-Qeyd etdiniz ki, Tarix dərsliklərində vəziyyət ürəkaçan deyil. Bəs V sinifdən başlayaraq imtahan proqramına daxil edilən Ədəbiyyat dərsliklərinin vəziyyətini necə qiymətləndirirsiniz?

-Ədəbiyyata sevgi aşılamaq, əsərləri mənimsəmək, öyrənmək adına bu dərsliklər tənqid olunası deyil. Əksinə, daha zəngindir. Dərsliklər ədəbiyyatımızın simalarını daha mükəmməl şəkildə, əvvəllər olmayan şəxsiyyətlər əlavə edilməkdə təkmilləşdirilib. Bunlar dərslik adına müsbət haldır. Məsələ bundan ibarətdir ki, DİM rəsmi olaraq bu fəndən hansı mövzuların düşəcəyini elan etməyib. Bununla bağlı bütün proqramdan sualın düşüb-düşməyəcəyi barədə KİV-ə məlumat verilməlidir. Əgər qərar təsdiqini tapsa, bu zaman açıq etiraf etmək lazımdır ki, ədəbiyyat imtahan fənni kimi çox ağırlaşdı. Bu bilikləri mənimsətmək çətin olacaq. Ədəbi şəxslərin, əsərlərin adlarını, doğum tarixlərini, bədii mətnləri oxuyub yadda saxlamaq çətinlik yaradacaq. Bu baxımdan DİM-dən proqramı tezlikləaçıqlamasınıgözləyirik. Belə söhbətlər də gəzir ki, V sinifdən  XI sinfə qədər vacib dərslərin proqramı çıxarılacaq. Məncə, bütün fənlər üzrə proqramın çıxması daha tez olmalı idi. Proqram bəlli deyil deyə hansı mövzudan sual düşəcəyini də heç kim bilmir.

-Ədəbiyyat dərsliklərinin zənginləşdiyini vurğuladınız. Hansı ədəbi şəxslər dərsliklərə əlavə olunub?

-İndiki ədəbiyyat dərsliklərinəƏhməd Cavad, Mikayıl Müşfiq kimi şəxsiyyətlərin əlavə edilməsi müsbət haldır. Mehdi Hüseyn də hazırda dərsliklərdə var. Ağlımıza gələn bütün şəxsiyyətlər dərsliklərə əlavə olunub.Məncə, dərsliklərin bu nöqteyi-nəzərədən problemi aradan qaldırılıb. Təsəvvür edin, bu qədər proqramın qəbul imtahanına salınması və oradan sualların düşməsi abituriyentin probleminə çevirəcək. Orta məktəbinöyrətiyi bilik nəzərə alınmaqla qəbul imtahanında ədəbiyyat yığcamlaşdırılmalıdır. Şərt deyil ki, Əhməd Cavad barədə məktəbdə öyrəndiklərimdən qəbulda hansısa suala cavab verim.

-Sonda, müəllimlərə, valideynlərə və şagirdlərə nələri məsləhət görərdiniz?

-Müəllimlərdən üzr istəyərək tövsiyə edirəm ki, əsl müəllim adını daşıyan bizlər olduğumuza görəöyrənmək istəyimizi kənara qoymamalıyıq. Müəllimin öhdəsinə qoyduğu və şagirdə öyrətməli olduğu tələblər var. Şagirdlə dost olmaq lazımdır. Mən sadəcə Azərbaycan dili və ədəbiyyatı öyrətməkdə mükəlləf deyiləm, həm də onun dərdlərini bilməliyəm. Hansı ay daha yaxşı oxuyub hansı ay  pis oxuduğunu müşahidə edirəmsə, onu danlamaqla, valideyninə şikayət etməklə vəzifəmi bitirməli deyiləm. Bəlkə elə bir səbəb var var ki, o səbəbdə onun yanında olmalıyam.

Valideynin işi  ödənişi ödəyib şagirdi dərsə göndərməkləbitmir. Şagird müəllim və valideyn üçbucağı qırılmaz tellərlə bağlı olmalıdır. Valideyn öz övladında müşahidə etdiklərini müəllimə doğru çatdıran tərəfdir. İstənilən halda valideynin üzərinə düşən şagirdin yalnız uğurunun yox, həm də uğursuzluğunun yanında olmaqdır. Uğursuzluq növbəti uğur üçün insanı təşviq edir. Çin atalar sözündə deyilir ki, ən uzağa atılan yol, ən çox çəkilən yaydan çıxır. Uğursuzluğa doğru gedən şagirdə elə təkan vermək lazımdır ki, o daha qabağa getsin.

Şagirdlər isə oxumağı sevməli, ərdəmliolmalıdırlar. Oxumağa mane olan vərdişlər var ki, onlar zövq verir. Doğrudur, elmi əsərləri oxumaq o qədər də zövq verici olmaya bilər. Oxumağa mane olan səbəblərə daha sonralar vaxtlarının olacaqlarını düşünsünlər.

 

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları