Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 12:11:00
Yataqxanası olan və olmayan universitetlər - SORĞU

Bəzi universitetlərin yataqxanaları tələbənin ehtiyac duyduğu hər bir şəraitlə təmin edilsə də, bu sahədə problemlər də az deyil. Həmçinin qiymətlər və yataqxananın tutumu da əsas diqqət edilən məqamlardandır.

 

AzEdu.az ötəndəfəki yazıda yataqxana mövzusunu gündəmə gətirmişdi. Budəfəki sorğuda daha dörd universitetin yataxqanası barədə vəziyyəti təqdim edir:

 

 

Bakı Ali Neft Məktəbindən (BANM) verilən məlumata əsasan, yataqxananın fəaliyyəti çox yüksək səviyyədədir.

 

“SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kampus binasında yerləşən Tələbə evi 500 nəfərlik kompleksdir. Tələbə evində otaqlar 2, 3 və 4 nəfərlikdir. Tələbə evində tələbələrimiz ödənişsiz yaşamaq imkanına malikdirlər. Yataqxanada şərait çox yüksək səviyyədədir. Mərtəbələrdə camaşırxana və mətbəxlər fəaliyyət göstərir. Kompleks yüksək iaşə xidməti göstərmək üçün zəruri infrastruktura və işçi heyətinə malik yeməkxana və ən müasir tələblərə cavab verən idman infrastrukturunu birləşdirir. Hazırda Tələbə evində yerli və əcnəbi tələbələr yaşayırlar”. 

 

Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ayşən Aslanova yataqxananın müəyyən səbəblərdən mövcud olmadığını bildirib:

“Azərbaycan İlahiyyat İnstitutunun özünəməxsus yataqxanası hələlik obyektiv səbəblərdən mövcud deyil. Buna baxmayaraq, sosial təminatı zəif, eyni zamanda, şəhid və qazi ailələrindən olan tələbələrə kirayə yardımı etməyə çalışırıq. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu bizə dəstək verir. Qeyd edək ki, ali təhsil müəssisəsində təhsil tamamilə ödənişsizdir. Tələbələr dərsliklərlə təmin edilir, eyni zamanda, təqaüddən əlavə, onlara yeməkpulu ödənilir. Həmçinin, yüksək göstəricələrə malik tələbələr adlı təqaüdlərlə təmin edilirlər”.

 

Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova universitet yataqxanasının tam modern üslubda tikildiyini və tələbələr üçün yaxşı şərait yaradıqldığını qeyd edib:

 

“Bizim universitetdə 2019-cu ildə 160 nəfərlik tələbə yataqxanası tikilib. Hazırda qızlar yataqxanası kimi istifadə olunur. Təqribən 130-dan çox tələbə burada qalır. Ödənişi isə 50 manatdır. Tələbələr üçün burada hər cür şərait yaradılıb. Yataqxana tam modern üslübda tikilib. Hər otaqda 3 nəfər qalır, otaqların hər birinin ayrıca sanitar qovşağı mövcuddur. Otaqlar istilik sistemi ilə tam təchiz olunub. Növbəti tədris ilində oğlanlar üçün yeni bir yataqxana tikilməsi nəzərdə tutulur”. 

 

Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədli isə universitetin yataqxanasının olmadığını söyləyib.