Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 11:51:00
IELTS imtahanında ən effektiv üsul - Mütəxəssis TÖVSİYƏSİ 

Günümüzün tələbinə uyğunlaşmağa çalışan bir çoxları xarici dil öyrənməyə üstünlük verir. Xüsusən də beynəlxalq dil olan ingilis dili artıq demək olar ki, bütün sahələrdə tələb olunan kriteriyadır. Bu dil biliyinin akademik cəhətdən hansı səviyyədə olduğunu müəyyənləşdirən imtahanlardan biri də IELTS-dir. IELTS imtahanları iki cür keçirilir: kağız və kompüter əsaslı. İmtahan iştirakçılarını ən çox maraqlandıran sual odur ki, bu üsullardan hansı daha effektlidir və hansına üstünlük verilməlidir...

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında ingilis dili üzrə mütəxəssis Məhəmməd Qarakişiyev bildirib: 
 

“Beynəlxalq və akademik dərəcəli dil imtahanı hesab olunan IELTS imtahanı həm iş, karyera, həm də təhsilalanlar üçün çox əlverişli və faydalı imtahandır. Bu imtahan vasitəsilə təhsilalanlar yalnız ingilis dilindən 4 bacarıq - dinləmə, danışma, oxuma və yazma üzrə qiymətləndirilir. Bu imtahahanın da digər imtahanlar kimi özünəməxsus qayda və əsasları var. İmtahanlar həm yazılı (paper based) həm də, kompüter əsaslı (computer based) keçirilir. Burada fərdlərin yanaşması nəzərə alınır. Başqa sözlə desək, kompüter əsri olmasına baxmayaraq, hələ də bəzi imtahan iştirakçıları kağız üzərindən yazmağa üstünlük verirlər. Mənim fikrimcə, bu doğru yanaşmadır, çünki imtahan verən şəxslərin çoxu klaviaturada sürətli yazı yazma bacarığına malik deyillər. Bu da imtahan zamanı çətinliklər yarada bilir, xüsusən də yazı (writing) tapşırığını yerinə yetirərkən. Ona gorə də həmin şəxslər kağız əsaslı imtahanlara üstünlük verirlər. Amma ümumilikdə texnologiya əsrində yaşadığımızı nəzərə alsaq, kompüterdə yazma bacarıqlarının inkişaf etdirilməsi nəinki IELTS, həm də digər akademik imtahanlar üçün də lazımlıdır. Klaviaturada yazma qabiliyyətinin inkişaf etdirildiyi halda kompüter əsaslı imtahanlara üstünlük verilməsi daha effektiv olar”.

 

Gənc müəllim imtahanda iştirak etmək və uğur qazanmaq istəyənlərə bir sıra tövsiyələr verib:

 

“İmtahan verənlər bəzi əsas məqamlara diqqət etməlidirlər. Onlar öncəliklə, ümumi ingilis dili bacarıqlarının yaxşı olmasına çalışmalıdırlar. İngilis dili üzrə akademik söz bazalarının yüksək olması ən vacib nüanslardandır. IELTS proqramına əsasən, materialları düzgün seçməli və mütəmadi olaraq proqram üzrə hazırlaşmaq tələbələrə irəlilədikləri yolda faydalı olacaqdır. Eyni zamanda, imkan daxilində yoxlama-sınaq imtahanlarında (mock exams) iştirak edərək özlərinin zəif tərəflərini aşkarlayıb, həmin bacarığı inkişaf etdirməlidirlər”.